Ölkəmizdə keçirilmiş prezident seçkilərinə və Azərbaycan-ABŞ münasibətlərinə dair məqalə Birləşmiş Ştatların 170-dək mətbu orqanında dərc edilmişdir

Posted by

Ölkəmizdə keçirilmiş prezident seçkilərinə və Azərbaycan-ABŞ münasibətlərinə dair məqalə Birləşmiş Ştatların 170-dək mətbu orqanında dərc edilmişdir

Ölkəmizdə keçirilmiş prezident seçkilərinə və Azərbaycan-ABŞ münasibətlərinə dair məqalə Birləşmiş Ştatların 170-dək mətbu orqanında dərc edilmişdirÖlkəmizdə keçirilmiş prezident seçkilərinə və Azərbaycan-ABŞ münasibətlərinə dair məqalə Birləşmiş Ştatların 170-dək mətbu orqanında dərc edilmişdir

AzərTac xəbər verir ki, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin ölkəmizdə keçirilmiş prezident seçkiləri və Azərbaycan-ABŞ münasibətlərinə dair məqaləsi Birləşmiş Ştatların 170-dək mətbu orqanı tərəfindən dərc edilmişdir.
Bunların sırasında “Reuters” xəbər agentliyini və “YahooNews” xəbər portalını, “Wall Street Journal”, “Boston Globe”, “Sacramento Bee”, “California Chronicle”, “Kansas City Star”, “San Bernardino County Sun” və “Los Angeles Daily News” qəzetlərini xüsusilə qeyd etmək lazımdır.
“Azərbaycan seçkiləri: daha dərin tərəfdaşlıq üçün bir fürsət” (Azerbaijan’s Elections: An Opportunity for a Deeper Partnership) başlıqlı məqalədə bildirilir: “22 il əvvəl Sovet İttifaqının çöküşü nəticəsində meydana gələn yeni dövlətlər 70 illik totalitar kommunist rejimindən sonra həqiqi demokratik idarəetmə quruluşunun yaradılması üçün yeni istiqamət axtarışında idilər. Azərbaycan öz növbəsində ABŞ ilə sıx münasibətlərin yaradılması yolunu seçdi. Baxmayaraq ki, qeyri-sabit bölgənin geosiyasi durumunu nəzərə alaraq, bu asan seçim deyildi. Ancaq Azərbaycan üçün bu, çox qətiyyətli bir qərar idi. Buna görə də 11 sentyabr faciəsi baş verən kimi Azərbaycan dərhal və qeyd-şərtsiz olaraq ABŞ-a öz yardım əlini uzatdı, Əfqanıstandakı müharibə zamanı çox dəyərli dəstəyini göstərdi və Birləşmiş Ştatların Avropadakı müttəfiqləri üçün etibarlı enerji təchizatçısı rolunu oynamağa başladı.”
Məqalədə sonra təəssüflə qeyd olunur ki, Azərbaycanın bu səyləri heç də həmişə ABŞ tərəfindən layiq olduğu qarşılığı almamışdır. “Buna bir misal kimi ABŞ hökumətinin Azərbaycana birbaşa yardımını qadağan edən “Azadlığı müdafiə aktı”na ədalətsiz 907-ci düzəlişi qeyd etmək olar. Erməni təzyiq qruplarının intensiv lobbiçiliyi nəticəsində Konqres tərəfindən qəbul edilmiş bu düzəliş 11 sentyabr faciəsindən sonra Azərbaycanın terrorçuluğa qarşı mübarizəyə verdiyi dəstəyin müqabilində 2002-ci ildən bəri hər il dayandırılır. Ancaq bu düzəlişin tamamilə ləğv edilməməsi Azərbaycanın ABŞ-a inamını azaldır. 2010-cu ildə isə erməni lobbisinin təsiri altında Senatın iki demokrat üzvü Prezident Barak Obamanın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə irəli sürdüyü Mətyu Brayzanın namizədliyinin təsdiqlənməsinə veto qoydular. Nəticədə Moskva və keçmiş SSRİ respublikalarında 20 illik iş təcrübəsinə malik çox istedadlı bir diplomat itirilmiş oldu… Ən əsası isə, Ermənistan BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrini pozaraq və beynəlxalq sülh planını qəbul etməyərək, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazisinin 20 faizini qanunsuz şəkildə işğal altında saxlamaqda davam edir. Ancaq Ermənistanı öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxartmağa məcbur etmək üçün müvafiq gücə və əsasa malik olmasına baxmayaraq, Vaşinqton bu addımı atmamış və sülh danışıqlarını demək olar ki başqalarının öhdəsinə buraxmışdır”, – deyə müəllif bildirir.
Daha sonra 9 oktyabr prezident seçkilərinə toxunan baş konsul seçkilər barədə beynəlxalq müşahidəçilərin böyük əksəriyyətinin rəyinin müsbət olduğunu, buna baxmayaraq, ABŞ Dövlət Departamentinin müşahidəçilərin yalnız kiçik bir qrupunun rəyinə əsaslanaraq seçkilər haqqında mənfi bəyanat verdiyini qeyd edir. Prezident İlham Əliyevin seçkilərdə böyük səs çoxluğu ilə qələbəsinin anlaşılan olduğunu bildirən müəllif onun rəhbərliyi altında Azərbaycanın son 10 ildə çox çətin bir bölgədə sabitlik və inkişaf adasına çevrildiyini, əhalinin gəlirlərinin beş dəfə artığını və yoxsulluq səviyyəsinin 49 faizdən 6 faizə endiyini diqqətə çatdırır.
Məqalənin sonunda deyilir: “Azərbaycanın strateji önəmi, ABŞ-ın milli maraqlarına töhfələrini, ən əsası isə seçkilərin azad və şəffaf şəkildə keçirilməsinə dair böyük sayda inkarolunmaz dəlillərin mövcudluğunu nəzərə alaraq ABŞ administrasiyasından belə bir qərəzli və mənfi bəyanat eşitmək qəribə və məyusedici idi… Vaşinqton üçün indi bir suala cavab tapmaq zamanı yetişib – ABŞ-ın maraqlarına daha çox nə cavab verir? Önəmli bir bölgədə yerləşən Azərbaycan kimi etibarlı müttəfiqi və dostu özündən uzaqlaşdırmaq və ya ona bundan da güclü demokratiya qurmaqda və müstəqilliyini daha da möhkəmləndirməkdə yardım etmək?!”.