Əli Həsənov Koreyanın Azərbaycandakı səfirini qəbul edib

Posted by

Əli Həsənov Koreyanın Azərbaycandakı səfirini qəbul edibƏli Həsənov Koreyanın Azərbaycandakı səfirini qəbul edib

Əli Həsənov Koreyanın Azərbaycandakı səfirini qəbul edib

Bu gün baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Koreyanın Azərbaycandakı səfiri Çoi Suk İni qəbul edib.

 

Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş əsasən qaçqın və məcburi köçkünlərlə bağlı gələcək əməkdaşlıq əlaqələrinin müzakirəsinə həsr olunub.

 

Koreya və Azərbaycan arasında qarşılıqlı əlaqələrin yaxşı əsaslar üzərində qurulduğunu önə çəkən Ə.Həsənov son vaxtlar xüsusilə siyasi, iqtisadi, mədəni, təhsil sahələrində əməkdaşlıq əlaqələrinin genişləndiyini söyləyib, hökumətlərarası münasibətlərin bundan sonra da davam və inkişaf etdiriləcəyinə əminliyini bildirib. Ölkəmizin müstəqillik əldə etdikdən sonra Dağlıq Qarabağ münaqişəsi kimi ciddi bir problemlə üzləşdiyini, 1 milyon 200 min soydaşımızın qaçqın və məcburi köçkün olduğunu nəzərə çatdıran Ə.Həsənov bu günədək Dövlət Neft Fondunun vəsaiti hesabına bütün sosial-texniki infrastrukturu ilə birlikdə 89 müasir qəsəbə salındığını, 240 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırıldığını qeyd edib. Lakin münaqişə hələ də özünün ədalətli həllini tapmadığından məcburi köçkünlərimizin çoxu bu gün də ağır şəraitdə yaşamaqdadırlar.

 

Ç.S.İn hələ ötən il Ağcabədi rayonu ərazisində, bu il isə Yevlax, Gəncə və Mingəçevir şəhərlərində məskunlaşan məcburi köçkünlərlə görüşünü, hər 3 rayonda məcburi köçkün məktəblərində müxtəlif müsabiqələr keçirməklə onları mükafatlandırmaq kimi layihələr həyata keçirdiklərini və müasir qəsəbələrlə tanış olduğunu bildirib. Eyni zamanda Azərbaycan prezidenti İlham Əliyevin məcburi köçkünlərlə bağlı gördüyü işlər onda böyük məmnunluq hissi doğurduğunu vurğulayıb. Onun sözlərinə görə, bütün bunlara rəğmən onun rəhbərlik etdiyi səfirlik məcburi köçkünlərin problemlərinin həllinə kömək göstərmək məqsədilə müxtəlif yeni layihələr həyata keçirmək qərarına gəlib. Bununla bağlı Azərbaycanda fəaliyyət göstərən Koreya şirkətləri ilə də razılaşmalar əldə olunub. Ç.S.İn ölkələrimiz arasındakı iqtisadi əlaqələrin gələcək illərdə də yüksələn xətlə inkişaf edəcəyinə əminliyini dilə gətirib.

 

Görüşdə azərbaycanlı və koreyalı tələbələrin təhsil, təcrübə mübadiləsi və digər maraq doğuran məsələlər ətrafında da müzakirələr aparılıb.

 

Apa.az