Əli Həsənov: Beynəlxalq güclər Dağlıq Qarabağ münaqişəsinin həllinə ikili standartlarla yanaşır
Azərbaycan Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu gün Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Şərqi, Cənub-Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Renate Heldi qəbul edib.
Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, BMqT-nin Azərbaycandakı nümayəndəliyinin həyata keçirdiyi layihələr çərçivəsində əldə olunan nailiyyətlər barədə və miqrasiya sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə dair hərtərəfli fikir mübadiləsi aparılan görüşdə Ə.Həsənov qeyd edib ki, hökumət ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatlar içərisində Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlığa daha çox önəm verir: “Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bizim üçün yeni olan miqrasiya probleminin həlli ilə bağlı milli qanunvericilik bazasının yaradılmasında və digər hüquqi sənədlərin hazırlanmasında bu təşkilatın təcrübəsindən istifadə olunub və bundan sonra da bu təşkilatla əməkdaşlığı davam və inkişaf etdirmək Azərbaycan hökumətinin marağındadır”.
Bu təşkilatın ölkəmizdə fəaliyyətə başlamasından sonra həyata keçirdiyi layihələri prioritet layihələr kimi dəyərləndirən Baş nazirin müavini onu da diqqətə çatdırıb ki, Azərbaycanın iqtisadi inkişafı, ölkəmizdə həyata keçirilən irimiqyaslı beynəlxalq layihələr, yeni iş yerlərinin yaradılması, vətəndaşlarımızın, ölkədəki qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və bu sahədə görülən işlərin oxşar problemlə üzləşən ölkələr üçün nümunə kimi dəyərləndirilməsi miqrantları da özünə cəlb edir.
O, qeyd edib ki, bütün bunlar isə onların sayının artmasına gətirib çıxardığından bu təşkilatla hələ əməkdaşlığımızın, prioritet istiqamətlər üzrə layihələrin davam etdirilməsinə ehtiyac duyulur.
Bütün bunlarla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bu münaqişə nəticəsində 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkün problemi, onların həlli yolları ilə bağlı görülən işlər barədə qonağa hərtərəfli məlumat verən Ə.Həsənov onu da bildirib ki, nüfuzlu beynəlxalq qurumların münaqişənin həllinə dair qəbul etdikləri qətnamələrin hələ də yerinə yetirilməməsi, beynəlxalq güclərin münaqişənin həllinə ikili standartlarla yanaşmaları bir daha sübut edir ki, bütün bunlar antidemokratik yanaşmadır.
Ətraflı məlumata, təmsil etdiyi qurumun fəaliyyətinə verdiyi qiymətə görə minnətdarlığını bildirən xanım R.Held bu gün Azərbaycanın ərazisinin 20 faizinin işğal altında olmasına, bir milyondan çox vətəndaşının qaçqın və məcburi köçkün şəraitində yaşamasına baxmayaraq, ölkəmizin böyük uğurlara imza atdığını vurğulayaraq bütün bunlardan məmnunluğunu ifadə edib, təmsil etdiyi qurum tərəfindən ölkəmizdə həyata keçiriləcək layihələr barədə ətraflı fikir mübadiləsi aparıb, Azərbaycan hökuməti ilə əməkdaşlığa böyük önəm verdiklərini bildirib.
Trend/az