Əli Həsənov: 2014-cü ildə 22 min məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb

Posted by

Əli Həsənov: 2014-cü ildə 22 min məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb

Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün son 20 ildə 5,1 milyard manat vəsait sərf olunub

 

Əli Həsənov: 2014-cü ildə 22 min məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb

Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədi ilə 2014-cü ildə ayrılmış 630 milyon manat həcmində vəsaitdən 273 milyonu büdcə, 300 milyonu Dövlət Neft Fondunun və 57 milyon manatı beynəlxalq humanitar və digər təşkilatların vəsaitidir. APA-nın məlumatına görə, bu barədə yanvarın 10-da Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında baş nazirin müavini, Qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin sədri Əli Həsənov bildirib. Onun sözlərinə görə, 2014-cü ildə bir nəfər məcburi köçkünə xərclənən vəsaitin həcmi təxminən 1170 manat təşkil edir ki, bu da dünyanın bütün münaqişə zonaları ilə müqayisədə ən yüksək göstəricidir.

 

“Hesabat ilində Ağdam rayonunda 632, Beyləqan rayonunda 320, Hacıqabul rayonunda 101, Gəncə şəhərində 600, Saatlı rayonunda 230, Qaradağ rayonunda 200, Mingəçevir şəhərində 594, Balakən rayonunda 45, Qaradağ rayonunda 240 və Abşeron rayonunda 160 ailə bütün sosial texniki infrastruktura malik yeni salınmış qəsəbə, yaşayış kompleksi və ya fərdi evlərə köçürülüb”, deyə Əli Həsənov qeyd edib.

 

Onun sözlərinə görə, 2014-cü il yanvarın 20-də Gəncə şəhərində 1500, avqustun 6-da Ağdam rayonunda 632, noyabrın 14-də isə Gəncə şəhərində 600 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbələrin açılışı olub.

 

Baş nazirin müavini bildirib ki, Maliyyə Nazirliyinin xətti ilə zəruri dövlət ehtiyacları ilə əlaqədar 950, Yasamal rayonu ərazisində müvəqqəti məskunlaşmış 262, Axıska türklərindən 111 ailə yeni mənzillərə köçürülüb.

 

İl ərzində 270 min kvadratmetr sahəsi olan 7 yeni yaşayış kompleksi salınıb, 2288 şagird yerlik 7 məktəb inşa edilib, həmçinin 6 uşaq bağçası, 6 tibb məntəqəsi tikilib istifadəyə verilib, 51 kilometr yol, 96 kilometr su xətti, 136 kilometr elektrik xətti, 86 kilometr qaz xətti çəkilib, 75 ədəd yüksəkgərginlikli transformator quraşdırılıb.

 

Beləliklə, 2014-cü ildə 4450 ailənin və ya 22 min məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

 

Əli Həsənov qeyd edib ki, qaçqın və məcburi köçkünlər üçün ümumilikdə indiyədək 2,8 milyon kvadratmetr yaşayış sahəsi olan 89 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət müasir yaşayış kompleksi salınıb, 46 min ailə və ya 230 min nəfər qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Bundan da 42 min ailə, yaxud 210 min nəfər (91 faiz) son 11 ilin payına düşür.

 

Son 11 ildə məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 3,6 dəfə, kommunal xidmətlərə görə vəsaitin miqdarı 4,5 dəfə, Dövlətqaçqınkomun illik büdcəsi isə 5,5 dəfə artıb.

 

Dünya Bankı və Azərbaycan Hökuməti arasında bağlanılmış kredit sazişi üzrə 325 min nəfərin faydalandığı və dəyəri 30 milyon manat təşkil edən 520 mikrolayihə icra edilib. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə son 11 ildə 2000 məcburi köçkün sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 40 milyon manat güzəştli kredit verilib.

 

Həyata keçirilən tədbirlər nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi son 11 ildə 75 faizdən 10 faizədək azalıb.

 

Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün son 20 ildə 5,1 milyard manat vəsait sərf olunub. Bunun 2,3 milyard manatı dövlət büdcəsinin, 1,8 milyard manatı Dövlət Neft Fondunun, 1 milyard manatı isə beynəlxalq maliyyə qurumlarının və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir.

 

Bu vəsaitin 86 faizi, yaxud 4,4 milyard manatı son 11 ildə istifadə olunmuşdur.

 

 

Apa.az