Əlahiddə Ümumqoşun Ordusu Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin qarantıdır
Beynəlxalq aləmdə böyük nüfuz qazanan, iqtisadi və siyasi nailiyyətlərə imza atan müstəqil Azərbaycan ordu quruculuğu prosesində də ardıcıl uğurlar əldə etmişdir. Məhz bunun nəticəsidir ki, Azərbaycan Cənubi Qafqaz regionunun ən qüdrətli ordusuna malik güclü dövlətə çevrilmişdir. Müasir texnika və silahlarla təchiz olunmuş silahlı qüvvələrimiz qarşısında duran bütün vəzifələri yerinə yetirməyə qadir möhtəşəm bir gücə malikdir.
Azərbaycanda ordu quruculuğu prosesi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərimiz hələ Sovet İttifaqı dövründə yüksək hərbi təhsil almış milli zabit kadrlarının yetişdirilməsinə xüsusi əhəmiyyət verirdi. Məhz onun ciddi səyləri nəticəsində 1971-ci ildə Bakı şəhərində gəncləri ali hərbi məktəblərə hazırlamaq məqsədi ilə ilk təhsil ocağı olan ixtisaslaşdırılmış hərbi internat məktəbi açılmışdı. Bir müddət sonra məktəbə Azərbaycanın məşhur generallarından olan Cəmşid Naxçıvanskinin adı verilmişdi.
Həmin dövrdə Bakıda iki ali hərbi məktəb – Ali Ümumqoşun Komandirləri və Hərbi Dəniz Donanmasının Ali Hərbi Dənizçilik məktəbləri fəaliyyət göstərsə də, burada təhsil alan 300 nəfərdən yalnız 3-5 nəfəri azərbaycanlı idi. Maraqlıdır ki, azərbaycanlıların həmin məktəblərdə təhsil almaları müxtəlif yollarla əngəllənirdi. O vaxt görkəmli dövlət xadimi Heydər Əliyevin nüfuzu, siyasi uzaqgörənliyi və qətiyyəti sayəsində bu ədalətsizlik ortadan qaldırıldı. Azərbaycanlı gənclərin hərbi-vətənpərvərlik ruhunda yetişmələri üçün orta məktəblərdə ibtidai hərbi hazırlıq fənlərinin tədrisinə başlanıldı. Hər il yüzlərlə azərbaycanlı gənc Rusiyanın və digər postsovet ölkələrinin nüfuzlu ali hərbi məktəblərində təhsil almağa göndərildi. Yüksək biliyə və təcrübəyə malik həmin kadrlar, eyni zamanda Azərbaycan Ali Hərbi Məktəbinin yetişdirdiyi komandir heyəti bu gün milli ordu quruculuğuna öz töhfələrini verməkdədirlər.
Bu il mayın 19-da Əlahiddə Ümumqoşun Ordusunun komandan heyətinə təyinatlar və hərbi hissələrə döyüş bayraqlarının verilməsi münasibətilə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yuxarıda qeyd olunan faktları bir daha xatırladaraq bildirmişdir ki, müstəqil Azərbaycanda ordu quruculuğu prosesi ulu öndərimiz Heydər Əliyev tərəfindən məhz Naxçıvanda başlanılmışdır. Ali Məclisin Sədri demişdir: “Ümummilli liderimizin rəhbərliyi ilə Azərbaycanın milli dövlətçiliyinin bərpası Naxçıvandan başlandığı kimi, milli ordu quruculuğu da 1991-ci ildə Naxçıvandan başlanmışdır. Böyük dövlət xadimi Naxçıvan Muxtar Respublikasının rəhbəri seçiləndən cəmi 4 gün sonra – 1991-ci il sentyabrın 7-də muxtar respublikanın müdafiəsinin təşkili ilə bağlı mühüm qərarlar qəbul etmiş, mövcud hərbi hissə və dəstələrə vahid rəhbərliyin əsasını qoymuşdur. Bu dövrdə yaradılan ilk milli ordu qurumlarından biri də 705 saylı Əlahiddə Gücləndirilmiş Motoatıcı Briqada idi. 1993-cü ildə ali hakimiyyətə qayıdan Ümummilli Liderimiz Azərbaycan Silahlı Qüvvələrinin yaradılması istiqamətində davamlı tədbirlər görmüşdür. Blokada şəraitində və düşmən dövlətlə sərhəddə yerləşən Naxçıvanın müdafiəsi də diqqətdə saxlanılmış, motoatıcı briqadanın bazasında diviziya, sonra isə ordu korpusu yaradılmışdır”.
1993-cü il noyabrın 18-də ulu öndər Heydər Əliyevin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisində ordu quruculuğu işinin sistemləşdirilməsi, mərkəzləşdirilməsi istiqaməti əsas götürülərək mühüm qanunlar qəbul olunmuşdur. “Silahlı Qüvvələr haqqında”, “Müdafiə haqqında”, “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” qanunların qəbul edilməsi milli təhlükəsizlik siyasəti və strategiyasının həyata keçirilməsində hüquqi baza rolunu oynamışdır. Bununla bərabər, qeyd etmək lazımdır ki, Milli Məclisin 2010-cu il 8 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hərbi doktrinası” çox mühüm hərbi-strateji sənəd kimi diqqəti cəlb edir. Bu sənəd hərbi təhlükəsizliyə təhdidlərin vaxtında aşkarlanması, təhlil edilməsi, qiymətləndirilməsi, qarşısının alınması, səmərəli hərbi təhlükəsizlik sisteminin yaradılması və digər mühüm məsələlərlə bağlı respublikamızın mövqeyini əks etdirir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin daha etibarlı qorunması məsələsi də doktrinanın müəyyənləşdirdiyi meyarlar çərçivəsində həyata keçirilir.
Müasir dövrün reallıqlarını nəzərə alan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev təkcə ölkəmiz üçün deyil, ümumilikdə, Cənubi Qafqaz regionu və bütün türk dünyası üçün mühüm strateji məkan kimi böyük əhəmiyyət kəsb edən Naxçıvanın müdafiə qabiliyyətinin artırılması üçün çox mühüm qərarlar qəbul etmiş, 2013-cü il dekabrın 18-də Naxçıvan Muxtar Respublikasında 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusu yaradılmışdır. Bu, ölkəmiz üçün çox mühüm hadisədir. Çünki bununla Naxçıvanın müdafiə qabiliyyəti daha da artır, idarəetmə təkmilləşdirilir ki, nəticədə daha effektiv müdafiə sistemi qurulur.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev qədim diyarda Əlahiddə Ümumqoşun Ordusunun yaradılması barədə danışarkən demişdir: “Ordu quruculuğu sahəsində aparılan islahatlar, Naxçıvanda Əlahiddə Ordunun yaradılması, bu ordunun ən müasir silah-sursat, texnika ilə təchiz edilməsi bizim dövlət siyasətimizdir. Naxçıvanın hərbi potensialı böyük dərəcədə möhkəmlənmişdir. Naxçıvan ordusu bu gün güclü ordudur. Naxçıvan ordusunun hərbi texnika ilə təminatı ən yüksək səviyyədə təşkil edilir. Bu da təbiidir, çünki Naxçıvan strateji yerdə yerləşir. Naxçıvan blokada şəraitində yaşayır və belə olan halda Naxçıvanın döyüş potensialı ən yüksək səviyyədə olmalıdır”.
Bu gün Əlahiddə Ümumqoşun Ordusunun döyüş qabiliyyətinin artırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi, xidmətin nümunəvi təşkili, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür.
Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, 2014-cü il yanvarın 29-da Əlahiddə Ümumqoşun Ordusunun hissə və bölmələrinin komandan heyətinə 15 ədəd “Mitsubishi-PAJERO” və 10 ədəd “UAZ” markalı xidməti avtomobillər, may ayının 19-da isə 11 “Mitsubishi L-200”, 2 “FİAT” markalı xidməti avtomobil, 2 “Ford” markalı səyyar tibbi yardım və 1 rentgen flüoroqrafiya avtomobili verilmişdir.
Muxtar respublikadakı Əlahiddə Ümumqoşun Ordusunun maddi-texniki bazasının möhkəmləndirilməsi ölkə rəhbərinin daim diqqət mərkəzindədir. Prezidentin bu ilin aprel ayında Naxçıvana səfəri ərəfəsində muxtar respublikadakı hərbi hissələrə yeni, ən müasir standartlara uyğun hərbi-texniki vasitələrin və silah-sursatın verilməsi bunun parlaq ifadəsidir.
Əlahiddə Ümumqoşun Ordusunun komandir heyətinə təyinatlar və hərbi hissələrə döyüş bayraqlarının verilməsi münasibətilə mayın 19-da Naxçıvanda keçirilən tədbirdə qeyd edildiyi kimi, Azərbaycan Ordusunu təkmilləşdirmək, ordunun döyüş və peşəkarlıq səviyyəsini artırmaq sahəsində Ümummilli Liderimizin başladığı iş bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ordumuzun döyüş qabiliyyəti yüksəldilir, maddi-texniki bazası möhkəmləndirilir, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası ərazisindəki hərbi hissələrin də maddi-texniki təminatı və hazırlıq səviyyəsi müasir tələblər nəzərə alınaraq gücləndirilmiş, vaxtında lazımi tədbirlər görülmüşdür.
Bir məqama da diqqət çəkmək istərdik. Mayın 19-da Naxçıvan şəhərindəki “N” saylı hərbi hissədə Əlahiddə Ümumqoşun Ordusuna və bu ordunun yeni yaradılan hərbi hissələrinə döyüş bayraqları təqdim olunmuşdur. Bu, xüsusi məna daşıyan bir hadisədir. Çünki dünyanın hərb tarixindən də məlum olduğu kimi, döyüş bayraqları o bayrağın sancıldığı məkanı, torpağı öz gücü ilə qorumağa qadir olan qüdrətli hərbi birliklərə təqdim edilir. Bu gün Əlahiddə Ümumqoşun Ordusu da doğma yurdu müdafiə etməyə qadir, düşməni vahiməyə salan hərbi gücə çevrilmişdir.
Bəlkə də bu səbəbdən Azərbaycanın bütün hərbi ekspertlərinin ümumi rəyi belədir ki, yüksək döyüş hazırlığı baxımından müasir dünya ordularından heç də geri qalmayan Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusu, birmənalı şəkildə, muxtar respublikanın təhlükəsizliyinin qarantıdır. Erməni işğalçılarının başı üstündə asılan “Domokl qılıncı”na bənzədilən Naxçıvan ordusu Ali Baş Komandanın bütün əmrlərini hər an layiqincə yerinə yetirməyə hazırdır.
AzərTac.az