Kral: Azərbaycan-Bəhreyn münasibətləri ənənəvi dostluq xarakteri daşıyır
Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığı, Bəhreyn Krallığı, Oman Sultanlığı və Yəmən Respublikasındakı səfiri, eyni zamanda, İslam Əməkdaşlığı Təşkilatı yanındakı daimi nümayəndəsi Rasim Rzayev etimadnaməsini Bəhreyn Kralı Həməd bin İsa Əl Xəlifəyə təqdim edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bəhreyn Kralı səfiri yeni təyinatı münasibətilə təbrik edərək, Azərbaycan və Bəhreyn arasındakı münasibətlərin ənənəvi dostluq xarakteri daşıdığını xüsusi vurğulayıb.
R.Rzayev diplomatik fəaliyyəti dövründə iki ölkə arasında dostluq münasibətlərinin və işgüzar əlaqələrin daha da möhkəmlənməsi və genişlənməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
Görüş əsnasında səfir Azərbaycanın bir çox sahələrdə əldə etdiyi nailiyyətlər, ölkədə son illərdə həyata keçirilmiş iqtisadi islahatlar, neft-qaz sahəsinin inkişafı istiqamətində görülən işlər, regional və qlobal əhəmiyyətli layihələr, eləcə də Ermənistan-Azərbaycan münaqişəsi haqqında Bəhreyn Kralına ətraflı məlumat verib.
Trend/az