Korrupsiyaya qarşı mübarizə Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətidir
Bu fikir 35 ölkədən və 13 nüfuzlu beynəlxalq təşkilatdan 130-dan çox nümayəndənin iştirakı ilə Bakıda keçirilən “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda yüksək səviyyəli konfransda xüsusi vurğulanmışdır
Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi ilə əlaqədar Azərbaycan Hökuməti və Avropa Şurası tərəfindən Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) və Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) iştirakı ilə iyunun 30-da Bakıda “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda yüksək səviyyəli beynəlxalq konfrans işə başlamışdır.
AzərTAc xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın, mərkəzi icra hakimiyyəti orqanlarının, Baş Prokurorluğun, habelə ölkəmizin digər hüquq mühafizə qurumlarının, ali təhsil müəssisələrinin, QHT-lərin və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin əməkdaşları iştirak etmişlər.
Konfransa Avropa Şurasına daxil olan 35 ölkədən və 13 nüfuzlu beynəlxalq təşkilatdan 130-dan çox nümayəndə, o cümlədən Türkiyə, Albaniya, Moldova, Xorvatiya, Gürcüstan, Monako və Lixtenşteynin baş prokurorları, Bosniya və Herseqovina, Albaniya, Xorvatiyanın ədliyyə nazirləri, Fransa, Polşa, Litva, Makedoniya və Serbiyanın ixtisaslaşdırılmış antikorrupsiya qurumlarının rəhbərləri, Avropa Şurasının İnsan Hüquqları və Hüquqi Məsələlər üzrə Baş İdarəsinin direktoru, GRECO-nun prezidenti, IACA-nın icraçı katibi, Beynəlxalq Prokurorlar Assosiasiyasının (IAP) prezidenti, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) baş katibi və digərləri qatılmışlar.
Azərbaycan Respublikasının baş prokuroru Zakir QARALOV konfransın açılış mərasimində çıxış edərək mayın 14-də ölkəmizin Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməyə başlamasını respublikamızın demokratik dəyərlərə sadiqliyinin nümunəsi olduğunu bildirmişdir.
Baş prokuror Azərbaycan Prezidentinin Avropa Şurası Parlament Assambleyasının iclasında korrupsiyaya qarşı mübarizənin ölkəmizin Nazirlər Komitəsinə sədrliyi dövründə əsas prioritetlərdən birini təşkil edəcəyini və Avropanın qabaqcıl ölkələrinin müsbət təcrübəsindən istifadənin beynəlxalq əməkdaşlığın mühüm istiqaməti olduğunu bildirdiyini diqqətə çatdırmışdır.
Baş prokuror demişdir ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı güclü siyasi iradəyə əsaslanmaqla beynəlxalq təcrübə nəzərə alınaraq sistemli şəkildə mütərəqqi antikorrupsiya qanunvericilik bazası formalaşdırılmış, mühüm institusional tədbirlər həyata keçirilmişdir və bu islahatlar bu gün də davam etdirilməkdədir. Zakir Qaralov bu konfransın Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə ölkəmizdə keçirilməsi nəzərdə tutulan 18 mühüm tədbirdən birincisi olduğunu vurğulamışdır. Baş prokuror bu konfrans zamanı əldə ediləcək müsbət təcrübə və biliklərin, tədbirin nəticələrinin korrupsiyaya qarşı mübarizə işinin yeni müstəviyə qaldırılmasına təkan verəcəyini bildirmişdir. Bu konfrans həm qlobal, həm də regional səviyyədə əməkdaşlığın bundan sonra da dərinləşməsinə zəmin yaradacaq, dünyada korrupsiyaya qarşı mübarizə sahəsində proseslərə töhfə verməklə mühüm görüş platforması olduğunu sübuta yetirəcəkdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın sədri, akademik Ramiz MEHDİYEV konfrans iştirakçılarını salamlamış, bir çox ölkənin korrupsiyaya qarşı mübarizə sahəsində yaxşı təcrübə qazandığını vurğulamışdır. Prezident Administrasiyasının rəhbəri ölkəmizdə də korrupsiyaya qarşı mübarizə sahəsində çox böyük təcrübə qazanıldığını, Azərbaycan Prezidentinin Sərəncamı ilə mühüm qurumların yaradıldığını diqqətə çatdırmışdır. Akademik Ramiz Mehdiyev bu qurumlar arasında Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin, dünyada nadir təcrübə olan “ASAN xidmət”in əhəmiyyətini xüsusi vurğulamışdır. Azərbaycanda olan yüksək səviyyəli qonaqların “ASAN xidmət”in fəaliyyətini böyük maraqla müşahidə etdiklərini vurğulayan Prezident Administrasiyasının rəhbəri onların bu qurumun işini yüksək qiymətləndirdiklərini, respublikamızda korrupsiyaya qarşı güclü mübarizə sisteminin yaradıldığını bildirdiklərini demişdir. Akademik Ramiz Mehdiyev “ASAN xidmət”in yaradılmasını və onun fəaliyyətini Azərbaycan vətəndaşlarının da böyük razılıqla qarşıladıqlarını diqqətə çatdırmışdır.
Sonra akademik Ramiz Mehdiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxumuşdur.
Konfrans iştirakçıları adından Azərbaycan Prezidentinə minnətdarlığını çatdıran Zakir Qaralov korrupsiyaya qarşı mübarizə sahəsində əldə edilmiş nailiyyətlərin əsası kimi, beynəlxalq mexanizmlərin uğurlu tətbiqini, mötəbər beynəlxalq qurumlarla əməkdaşlığı xüsusi qeyd etmişdir. Baş prokuror Azərbaycanda məhkəmə-hüquq islahatlarının aparılmasında Avropa Şurasının korrupsiyaya qarşı mübarizə sahəsində qəbul etdiyi konvensiyaların mühüm rolu olduğunu bildirmişdir. Həmin konvensiyalar Azərbaycanda 2004-cü ildə ratifikasiya edilərək onların müddəalarının ardıcıl və sistemli implementasiyası, habelə korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması məqsədilə təsdiq edilmiş Dövlət proqramlarının uğurla icrası nəticəsində mütərəqqi antikorrupsiya qanunvericiliyi bazası formalaşdırılmış, kompleks institusional tədbirlər həyata keçirilmişdir. Baş prokuror Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə bu əlaqələrin daha da inkişaf etdiriləcəyinə əminliyini vurğulamışdır.
Daha sonra Avropa Şurasının İnsan Hüquqları və Hüquqi Məsələlər üzrə Baş İdarəsinin baş direktoru Filip BUOYA çıxış edərək Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın konfrans iştirakçılarına salamlarını çatdırmışdır. Konfransın mövzusunun dünyanı narahat edən mühüm məsələlərdən biri olduğunu vurğulayan F.Buoya demişdir ki, korrupsiya və ona qarşı mübarizə Avropa Şurasının və digər beynəlxalq qurumların gündəliklərində duran ən əsas məsələlərdən biridir.
Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyə başlaması münasibətilə təbriklərini çatdıran F.Buoya Prezident İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının iclasında korrupsiyaya qarşı mübarizənin ölkəmizin sədrliyi dövründə əsas prioritetlərdən biri olacağı barədə sözlərini xüsusi vurğulamışdır.
Avropa Şurasına üzv dövlətlərin antikorrupsiya sahəsində təcrübələrindən istifadənin əhəmiyyətindən danışan F.Buoya Avropa ölkələrində yaşanan böhranların bu bəlanın daha geniş vüsət almasına şərait yaratdığını bildirmişdir. Korrupsiya demokratik funksiyalara, insan hüquqlarına və qanunun aliliyinə problemlər yaradır. Bu sahədə əldə etdiyimiz təcrübə sayəsində korrupsiyaya qarşı mübarizəni dövlət təsisatı səviyyəsində gücləndirməliyik. Çünki korrupsiya əhalinin dövlətə, hökumətə etibarına ciddi zərbə vurur.
Avropa Şurasının bu sahədə bir sıra mexanizmləri həyata keçirdiyini vurğulayan F.Buoya milli və etnik ayrı-seçkilik arxasında gizlənən korrupsiya hallarına qarşı sərt mübarizə aparılmasının vacibliyini diqqətə çatdırmışdır.
F.Buoya demişdir ki, konfrans beynəlxalq normaları və milli təcrübələri ümumiləşdirərək Avropa Şurasının bütün üzv dövlətlərində korrupsiyaya qarşı mübarizənin daha səmərəli aparılması işinə töhfə verəcəkdir. Mən Azərbaycanı məhz belə bir tədbirin təşkil edilməsi təşəbbüsünə görə alqışlayır, yüksək qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm.
Avropa Şurasının GRECO təşkilatının prezidenti Marin MRÇELA bu vacib konfransın təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirmişdir. Demokratiya qarşısında böyük təhdidlərdən birinin korrupsiya olduğunu vurğulayan M.Mrçela bu bəlaya qarşı mübarizədə sağlam mühitin, güclü siyasi iradənin vacibliyini qeyd etmişdir.
GRECO-nun korrupsiyaya qarşı mübarizəni hakimlər və prokurorlar vasitəsilə apardığını diqqətə çatdıran təşkilatın prezidenti korrupsiya risklərini dəf etmək üçün etibarlı sistemin yaradılmasının zəruriliyini bildirmişdir. Məhz buna görə də GRECO-nun fəaliyyəti çox mühümdür. On beş il əvvəl 15 üzvlə fəaliyyətə başlayan GRECO bu gün sıralarında 49 ölkəni birləşdirir. GRECO öz üzvlərindən uzunmüddətli qabaqlayıcı addımlar atmağı istəyir ki, bunlar dürüstlük və qərəzsizlik prinsiplərinə söykənməlidir.
Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) dekanı və icraçı katibi Martin KREUTNER belə mötəbər tədbirdə yüksək səviyyəli dövlət rəsmilərinin iştirakının Azərbaycanın korrupsiyaya qarşı mübarizəyə xüsusi diqqət yetirməsinin göstəricisi olduğunu bildirmişdir.
IACA-nın fəaliyyətinin əsas istiqamətlərindən danışan M.Kreutner Avropa Şurası Nazirlər Komitəsində sədrliyə başlaması münasibətilə Azərbaycan hökumətinə təbriklərini çatdırmış, uğurlar arzulamışdır. Təşkilatın 56 üzvü olduğunu vurğulayan natiq cari ilin noyabrında Bakıda qurumun toplantısının keçiriləcəyini bildirmişdir.
Korrupsiyanın əhalidə dövlətə etimadı azaltdığını, eləcə də vətəndaşlar arasında dini, etnik ayrı-seçkiliyə də yol açdığını qeyd edən M.Kreutner bu boşluqları doldurmaq üçün cəmiyyətin bütün təbəqələrini əhatə edən birgə səylərin vacibliyini xüsusi vurğulamışdır. Maliyyə və iqtisadi böhranlar zamanı korrupsiyanın daha da genişləndiyini söyləyən icraçı katib bu bəla ilə mübarizədə yoxsulluğun azaldılmasının, birgə səylərin, müxtəlif maarifləndirici təşəbbüslərin əhəmiyyətini diqqətə çatdırmışdır.
Azərbaycan Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvü Fuad ƏLƏSGƏROV demişdir ki, korrupsiyaya qarşı mübarizə Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətidir. Şöbə müdiri Prezident İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının sessiyasında çıxışında korrupsiyaya qarşı mübarizənin Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə diqqət yetirəcəyi əsas məsələlərdən biri olacağını bildirdiyini vurğulamışdır.
Fuad Ələsgərov demişdir ki, 1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycanda korrupsiya ilə mübarizə üçün zəruri qanunvericilik bazası olmamış, səmərəli institusional mexanizmlər formalaşmamışdı. Müstəqilliyin ilk illərində demokratik institutları və iqtisadiyyatı tənəzzülə uğramış Azərbaycan, eyni zamanda, Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmış, ərazilərimizin 20 faizi işğal edilmiş, bir milyondan artıq insan yaşayış yerlərindən qaçqın və köçkün düşmüş, ölkə daxilində qeyri-sabitlik, böhran, ciddi sosial problemlər və digər çətinliklər yaranmışdı.
Şöbə müdiri demişdir ki, belə ağır şəraitdə Azərbaycan xalqının tələbi ilə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ictimai-siyasi sabitliyə nail olunmuş, ölkəmizin demokratik dəyərlərə və bazar iqtisadiyyatına əsaslanan hüquqi dövlətin qurulmasını təmin edən strateji inkişaf yolu seçilmişdir.
“Bu gün Azərbaycan sürətli iqtisadi inkişaf, regional əhəmiyyətli enerji layihələri, sabitlik, əlverişli biznes mühiti, multikulturalizm və yüksək sosial rifah kimi anlayışları özündə ehtiva edən bir məkandır”, – deyən Fuad Ələsgərov bildirmişdir ki, daha yüksək hədəflərə nail olmaq üçün ölkədə aparılan islahatlar, inkişaf proseslərinə mane olan mənfi halların tam aradan qaldırılması mühüm əhəmiyyət kəsb edir. Bu sırada korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır və ardıcıl tədbirlər həyata keçirilir.
Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyin tam təkmilləşdirildiyini, işlək institusional mexanizmin yaradıldığını və onun səmərəliliyinin təmin edildiyini diqqətə çatdıran Prezident Administrasiyasının şöbə müdiri ölkəmizdə “Korrupsiyaya qarşı mübarizəyə dair” və “Açıq hökumətin təşviqinə dair” Milli Fəaliyyət planlarının qəbul olunduğunu bildirmişdir. Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi kimi ixtisaslaşmış qurumlar bu sahədə dövlət siyasətinin formalaşması, cinayət təqibinin və preventiv tədbirlərin həyata keçirilməsi üzrə davamlı fəaliyyətdədirlər.
Fuad Ələsgərov demişdir ki, yeni yaradılmış institusional təsisatlardan biri kimi korrupsiyanın qarşısının alınmasında səmərəli vasitə olan, Azərbaycan brendi hesab edilən “ASAN xidmət” modeli tətbiq edilmişdir. Bu model müxtəlif dövlət orqanları tərəfindən təklif olunan xidmətlərin mərkəzləşdirilmiş qaydada, elektron vasitələrdən istifadə etməklə, şəffaf şəraitdə, minimum vaxt sərfi ilə əldə olunmasını təmin edir. Bu xidmət mərkəzlərində yaradılmış idarəçilik korrupsiya hallarını tam istisna edir, dövlət xidmətlərinin göstərilməsi ilə bağlı vətəndaş məmnunluğunu və dövlət qurumlarına etimadı artırır. “ASAN xidmət” beynəlxalq tərəfdaşlar tərəfindən çox səmərəli islahat hesab edilir və yaxşı təcrübə kimi digər ölkələrə tövsiyə olunur.
Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsi üzrə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq əlaqələri qurduğunu və bu fəaliyyətdə irəliləyişlər əldə etdiyini vurğulayan şöbə müdiri BMT, Avropa Şurası, OECD, “Transparency İnternational”, Beynəlxalq Antikorrupsiya Akademiyası və bu tədbirdə təmsil olunan digər beynəlxalq təşkilatlarla işbirliyini buna uğurlu nümunə kimi qiymətləndirmişdir. Qeyd edilmişdir ki, Azərbaycan Açıq Hökumət tərəfdaşlığı beynəlxalq təşkilatına və Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə qoşulan ilk ölkələrdən biridir.
Fuad Ələsgərov bildirmişdir ki, Azərbaycanda korrupsiya ilə səmərəli mübarizə üçün bütün imkanlar mövcuddur və bu proses uğurla davam etdirilir. Beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilən sorğu və araşdırmalar bu nəticələri bir daha təsdiqləyir. “Transparency İnternational” təşkilatının hazırladığı 2013-cü il üçün Qlobal Korrupsiya Barometri Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlərin olduğunu qeyd edir. Bu hesabata əsasən Azərbaycanda respondentlərin 68 faizi hesab edir ki, korrupsiyaya qarşı dövlət tərəfindən həyata keçirilən mübarizə tədbirləri səmərəlidir. Bu, dünya ölkələri üzrə müəyyən edilmiş göstəricidən artıqdır.
Fuad Ələsgərov Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə korrupsiyaya qarşı mübarizə sahəsində möhkəm siyasi iradə nümayiş etdirəcəyinə və bu məsuliyyətli vəzifəni layiqincə yerinə yetirəcəyinə əminliyini bildirmişdir.
Qısa fasilədən sonra konfrans işini IACA-nın dekanı və icraçı katibi Martin Kreutnerin moderatorluğu ilə “Antikorrupsiya qanunvericiliyinin tətbiqi: aktual məsələlər” mövzusunda birinci plenar iclasla davam etdirmişdir.
Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) vitse-prezidenti Fikrət MƏMMƏDOV “Azərbaycanda antikorrupsiya qanunvericiliyinin tətbiqi və onun məhkəmə-hüquq sisteminin səmərəliliyinin artırılmasında rolu” mövzusunda məruzə ilə çıxış etmişdir.
Nazir Azərbaycanda korrupsiya ilə mübarizənin əsasının ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 1994-cü ildə imzaladığı xüsusi Fərmanla qoyulduğunu bildirmişdir. Bu gün ölkəmizdə Prezident İlham Əliyevin qəti siyasi iradəsi ilə korrupsiyaya qarşı barışmaz mübarizə aparıldığını vurğulayan Fikrət Məmmədov bu istiqamətdə Azərbaycanın BMT və Avropa Şurasının bütün konvensiyalarına qoşulduğunu və irimiqyaslı qanunvericilik islahatı həyata keçirdiyini demişdir.
Son on ildə Azərbaycanda əhatəli antikorrupsiya proqram və strategiyalarının qəbul olunaraq həyata keçirildiyini diqqətə çatdıran Fikrət Məmmədov informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın qəbul edilməsi və “Elektron hökumət” informasiya sistemi çərçivəsində əhaliyə 400-dək elektron xidmət göstərildiyini bildirmişdir.
Nazir 2011-ci ildə inzibati ədliyyə institutunun və bölgələrdə inzibati ədliyyə məhkəmələrinin fəaliyyətə başlamasının mühüm antikorrupsiya tədbirinə çevrildiyini bildirmişdir. Korrupsiya ilə mübarizənin ən təsirli vasitələrindən biri olan müstəqil və səmərəli məhkəmə sistemi sahəsində həyata keçirilən tədbirlərdən danışan Fikrət Məmmədov bu baxımdan Məhkəmə-Hüquq Şurasının yaradılmasının, hakimlərin seçilməsi və təyinatının şəffaf üsullarla aparılmasının əhəmiyyətini qeyd etmişdir.
Korrupsiyanın qarşısının alınmasında müasir məhkəmə infrastrukturunun yaradılmasının önəmini vurğulayan ədliyyə naziri bu ilin əvvəlində Prezident İlham Əliyevin elektron məhkəmə informasiya sisteminin yaradılması haqqında Sərəncamını bu sahədə inqilabi təkamülün əsasını qoyduğunu demişdir.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) antikorrupsiya şöbəsinin müdiri Patrik MOULETTE “İstanbul Antikorrupsiya Fəaliyyət Planı ölkələrində antikorrupsiya qanunvericiliyinin inkişafı” mövzusunda məruzə ilə çıxış edərək korrupsiyanın qarşısının alınmasında təmsil etdiyi qurumun bir sıra standartlar hazırladığını bildirmişdir. Qeyd edilmişdir ki, standartlar OECD-yə üzv olan 41 ölkədə monitorinqin nəticələrini əhatə edir. Üzv dövlətlər hüquqi mexanizmləri və standartları tətbiq etmək istiqamətində xeyli iş görmüşlər.
OECD-nin hesabatında ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin yüksək qiymətləndirildiyini diqqətə çatdıran P.Moulette demişdir ki, Azərbaycan ilə bağlı 20 tövsiyə vardır. Çox şadam ki, Azərbaycan həmin tövsiyələrin reallaşması istiqamətində uğurla işləyir.
“Korrupsiya ilə əlaqədar cinayət hüququ (kriminallaşdırma): üçüncü dəyərləndirmə raundu zamanı təsbit edilən mühüm sahələr” mövzusunda çıxış edən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Ədliyyə Nazirliyinin beynəlxalq əlaqələr idarəsinin rəisi Roderik MAKAULEY bəzi ölkələrin bir sıra tövsiyələri hələ də yerinə yetirmədiklərini vurğulamışdır. O, bir sıra dövlətlərdə korrupsiyaya qarşı mübarizənin ciddi aparılmamasının həmin ölkələrdə bu bəlanın geniş yayılmasına imkan yaratdığını bildirmişdir.
Ölkəsinin qiymətləndirmə raundu ilə bağlı məlumat verən R.Makauley Böyük Britaniyada əhalinin korrupsiyadan daha çox bürokratik süründürməçilikdən əziyyət çəkdiyini vurğulamış, GRECO-nun üçüncü dəyərləndirmə raundu üzrə təcrübələrindən danışmışdır.
Xorvatiyanın ədliyyə naziri Orsat MİLYENİÇ “Xorvatiyanın antikorrupsiya qanunvericiliyi: Avropa İttifaqına qoşulma təcrübəsi” mövzusunda məruzəsində korrupsiyanı dünya dövlətlərində iqtisadi inkişafı ləngidən, vətəndaşlar arasında etimadı zədələyən ciddi bəla kimi qiymətləndirmişdir. Xorvatiyanın Avropa İttifaqına üzvlüyü prosesində korrupsiya ilə mübarizə üzrə ayrıca qurum yaradıldığını və islahatlara başlandığını qeyd edən O.Milyeniç beynəlxalq əməkdaşlığın genişləndirilməsi və vətəndaş cəmiyyətinin rolunun artırılması nəticəsində bu sahədə ciddi irəliləyişlərə nail olunduğunu diqqətə çatdırmışdır.
BMT-nin Narkotiklər və Cinayətkarlıqla mübarizə İdarəsinin hüquq məsələləri üzrə baş məsləhətçisi xanım Olqa ZUDOVA “BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının 3-cü fəslinin tətbiqi məsələləri və ən yaxşı təcrübələr” mövzusunda məruzə ilə çıxış edərək korrupsiyaya qarşı mübarizə, çirkli pulların yuyulması, qeyri-qanuni gəlirlərə qarşı mübarizə istiqamətində çətinliklərin aradan qaldırıldığını bildirmişdir. O, bu məsələdə cinayət məsuliyyətinin mülki və digər sanksiyalardan daha təsirli olduğunu qeyd etmişdir.
“İqtisadi inkişaf və korrupsiyaya qarşı mübarizə” mövzusunda məruzə ilə çıxış edən Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sahib MƏMMƏDOV son illərdə ölkəmizin sürətli inkişafı nəticəsində qazanılan nailiyyətlərdən danışmışdır. Azərbaycanda sahibkarlığın inkişafının və biznes mühitinin yaxşılaşdırılmasının dövlətimizin başçısının diqqət mərkəzində olduğunu vurğulayan nazir müavini “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 3 mart tarixli Fərmanın bu sahəyə verilən önəmin göstəricisi olduğunu demişdir. İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən 28 elektron xidmətin göstərildiyini diqqətə çatdıran natiq bu istiqamətdə sahibkarlar arasında geniş maarifləndirmə işlərinin aparıldığını vurğulamışdır. O, 2013-cü ildən etibarən nazirliyin müxtəlif qurumları tərəfindən elektron xidmətlərlə bağlı 127 tədbirdə 10 minədək sahibkarın məlumatlandırıldığını bildirmişdir.
Konfransın “Korrupsiyaya qarşı mübarizədə səmərəli qabaqlayıcı tədbirlər” mövzusunda ikinci plenar iclasına Avropa Şurasının Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəhbəri İvan Koedjikov moderatorluq etmişdir.
İclasda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam KƏRİMOV “Korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlər: ASAN xidmət – Azərbaycan modeli” mövzusunda məruzə ilə çıxış etmişdir.
Korrupsiyanın qarşısının alınmasında onu yaradan şəraitin aradan qaldırılmasının vacibliyini vurğulayan İ.Kərimov burada bürokratiya, süründürməçilik və s. halları qeyd etmişdir. O, bu şəraitin öhdəsindən gələ bilən bir qurumun Azərbaycanda artıq mövcud olduğunu vurğulamışdır. Bildirilmişdir ki, Prezident İlham Əliyevin Fərmanı ilə yaradılmış “ASAN xidmət” bu sahədə həyata keçirilən islahatların ayrılmaz bir hissəsidir. Müxtəlif dövlət xidmətlərinin vahid məkandan təmin olunduğu “ASAN xidmət”də hazırda on dövlət qurumu tərəfindən xidmətlər göstərilir.
İ.Kərimov dövlət xidmətlərinin vətəndaşlara birbaşa çatdırılmasının, göstərilən xidmətlərin açıqlığı və şəffaflığının, əhalinin rahatlığının, etik davranış qaydalarına yüksək səviyyədə əməl olunmasının, xidmətlərin çatdırılmasında novatorluğun və s. “ASAN xidmət”in əsas prinsipləri kimi qiymətləndirmişdir.
Hazırda ölkəmizdə 6 səyyar “ASAN xidmət” mərkəzinin fəaliyyət göstərdiyini qeyd edən Dövlət Agentliyinin sədri ilin sonunadək bu xidmətlərin sayının 10-a çatdırılacağını bildirmişdir. İ.Kərimov gündə orta hesabla iki min insanın “ASAN xidmət” mərkəzilərinin xidmətlərindən istifadə etdiyini bildirmişdir. Qeyd edilmişdir ki, yarandığı gündən indiyədək “ASAN xidmət”in imkanlarından 2 milyon insan istifadə etmişdir.
Sonra “ASAN xidmət”in fəaliyyəti ilə bağlı film nümayiş etdirilmişdir.
Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) kadr siyasəti üzrə müavini xanım Elizabet TAEUBL “Korrupsiyaya qarşı mübarizədə maarifləndirmə: Ən yaxşı təcrübələr” mövzusundakı məruzəsində üç ildən artıqdır ki, fəaliyyət göstərən IACA-da 56 dövlətin birləşdiyini vurğulamışdır. Qeyd edilmişdir ki, Akademiyanın əsas məqsədlərindən biri korrupsiyaya qarşı mübarizədə qlobal və regional əməkdaşlığın inkişaf etdirilməsi, bu sahədə tədris və maarifləndirmə işlərinin gücləndirilməsidir. E.Taeubl IACA-nın korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirdiyi tədris proqramları barədə ətraflı məlumat vermişdir.
Sonra IACA-nın fəaliyyəti ilə bağlı film nümayiş olunmuşdur.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) dövlət sektorunda dürüstlük şöbəsinin rəhbəri Yanoş BERTOK “Dürüstlük mədəniyyətinin qurulmasında yeni yanaşmalar” mövzusunda çıxış edərək korrupsiyanın dövlət qurumlarına olan inam və etibara mənfi təsirindən danışmışdır. Bildirilmişdir ki, etibar və inamın, müvafiq mühitin yaradılması ardıcıl intensiv tədbirlərin həyata keçirilməsini tələb edir. Korrupsiyaya qarşı mübarizədə kriminallaşmaya, rüşvətxorluğa görə cinayət məsuliyyəti, həmçinin preventiv tədbirlər, maraqların toqquşmasının qarşısının alınması və s. çox mühüm rol oynayır.
Fransanın Korrupsiyanın qarşısının alınması üzrə Mərkəzi Xidmətinin rəhbəri, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) icraiyyə komitəsinin üzvü Fransua BADİE “Preventiv tədbirlər korrupsiyaya qarşı qlobal mübarizə siyasətində mühüm vasitə kimi” mövzusunda məruzəsində korrupsiya ilə mübarizənin aparılmasında kifayət qədər güclü hüquqi bazanın olduğunu bildirmişdir. Bu hüquqi baza bizə dövlətlər üzərində müşahidələr aparmaq imkanı verir. Buna görə də biz korrupsiyaya qarşı mübarizə tədbirlərini çox güclü əsaslandırmalıyıq.
F.Badie demişdir ki, korrupsiyaya qarşı mübarizənin aparılması ilə məşğul olan komissiyalar dövlət dəstəyini gördükdə bu mübarizə daha səmərəli hal almağa başlayır. O, Bakı konfransının korrupsiyaya qarşı mübarizənin daha səmərəli aparılmasına töhfə verəcəyinə əminliyini bildirmişdir.
Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi, GRECO təşkilatında Azərbaycan nümayəndə heyətinin rəhbəri Vüsal HÜSEYNOV “Korrupsiyanın qarşısının alınması üzrə fəaliyyət: Azərbaycan təcrübəsi” mövzusunda məruzə ilə çıxış etmişdir.
Azərbaycanda korrupsiyaya qarşı mübarizəyə dair qanunun 2004-cü ildə qəbul olunduğunu bildirən V.Hüseynov ölkəmizin bu sahədə müsbət nəticələr əldə etdiyini vurğulamışdır. Azərbaycanda korrupsiyaya qarşı mübarizənin üç mərhələdə aparıldığını bildirən Komissiyanın katibi demişdir ki, 2004-2006-cı illəri əhatə edən birinci dövrdə qanunvericilik bazası təkmilləşdirilmiş, korrupsiyaya qarşı ixtisaslaşmış qurumlar yaradılmışdır. 2007-2011-ci illəri əhatə edən ikinci mərhələdə isə şəffaflığın artırılması və korrupsiyanın qarşısının alınması istiqamətində tədbirlərin görülməsinə başlanmışdır. Azərbaycan Prezidentinin şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizəyə dair Milli Strategiyanı təsdiq etməsi bu dövrün ən əlamətdar hadisələrindən olmuşdur. Üçüncü mərhələnin elektron xidmətlərin tətbiqi olduğunu vurğulayan V.Hüseynov Prezident İlham Əliyevin bu il Açıq Hökumətin yaradılmasını nəzərdə tutan daha bir sənədi imzaladığını diqqətə çatdırmışdır. Bildirilmişdir ki, “İctimai iştirakçılıq haqqında” Qanunun qəbul edilməsi ilə bu sahədə qanunvericilik bazası daha da təkmilləşdirilmiş, institusional təşkilatlanma işi başa çatdırılmışdır.
Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın müxtəlif qurumların fəaliyyətini və səylərini əlaqələndirdiyini vurğulayan V.Hüseynov bu sahədə vətəndaş cəmiyyəti ilə tərəfdaşlığın mühüm rol oynadığını qeyd etmiş, məlumat və əməkdaşlıq şəbəkəsinin yaradıldığını bildirmişdir.
Malayziya Antikorrupsiya Komissiyasının planlaşdırma siyasəti və tədqiqat şöbəsinin direktoru Əhməd Xusairi Bin YAHAYA “Dövlət qurumlarında korrupsiyanın qarşısının alınması” mövzusunda məruzəsində ölkəsində korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlərdən danışmışdır. O, bu bəlanın aradan qaldırılmasında məmurların dürüstlüyünə nəzarət, dürüstlüyün təmin olunması və bütün aidiyyəti qurumların iştirakı ilə korrupsiyaya qarşı mübarizənin təşkili və s. amillərin rolunu yüksək qiymətləndirmişdir.
Sonra plenar iclaslarda müzakirə olunan mövzular və səsləndirilən çıxışlar ətrafında fikir mübadiləsi aparılmışdır.
“Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda beynəlxalq konfrans işini iyulun 1-də davam etdirəcəkdir.
AzərTac.az