Koreya Səfirliyi Yevlaxda “Uşaqlar sülh istəyir” mövzusunda inşa-yazı və rəsm müsabiqəsi keçirib
Koreyanın Azərbaycan Respublikasındakı səfirliyi tərəfindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Yevlax Şəhər İcra hakimiyyətinin dəstəyi ilə iyun ayının 1-də Yevlax şəhərində məskunlaşmış məcburi köçkünlər üçün salınmış yeni yaşayış kompleksinin 30 saylı orta məktəbində ” Uşaqlar sülh istəyir” mövzusunda inşa-yazı və rəsm müsabiqəsi keçirilib.
Koreyanın Azərbaycan Respublikasındakı səfirliyindən Trend-ə verilən məlumata görə, uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə təşkil olunmuş müsabiqə 80 şagirdə sülh və gələcək, Azərbaycan və Koreya mövzusunda inşa-yazı və rəsm sahəsində öz bacarıqlarını yoxlamaq imkanı vermişdir.
Müsabiqədən sonra uşaqlar səfirliyin əməkdaşları ilə birlikdə məşhur Koreya xörəkləri olan bulqoqi və kimçinin dadına baxdılar. Daha sonra isə müsabiqənin qalibləri tutduqları yerlərə müvafiq olaraq elektronik tablet, məktəb çantaları və dəftərxana dəsti ilə mükafatlandırılıblar.
Azərbaycanda fəaliyyət göstərən Koreya şirkətləri “Halla” Korporasiyası və “Ultra Construction and Engineering” tikinti şirkətləri korporativ sosial öhdəliklərinin tərkib hissəsi olaraq hədiyyələr təqdim etməklə tədbirə öz töhfələrini veriblər.
Qeyd edək ki, Koreya Respublikasının səfiri Çoi Suk-in tədbirdən bir gün öncə 31 may tarixində Yevlax şəhərinə səfər edərək Yevlax Şəhəri İcra Hakimiyyətinin başçısı cənab Qoca Səmədovla görüşmüşdür. Daha sonra səfir Yevlax şəhərində məskunlaşmış məcburi köçkünlər üçün salınmış yeni yaşayış kompleksi ilə tanış olmuş və burada məskunlaşmış bir ailəyə baş çəkərək onlarla söhbət etmişdir. Bundan sonra səfir yaşayış kompleksində yerləşən orta məktəbə gələrək növbəti gün keçiriləcək inşa-yazı və rəsm müsabiqəsinə hazırlıq işləri ilə tanış olmuşdur.
Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş tədbir Koreya səfirliyinin Koreya və Azərbaycan arasında qarşılıqlı anlaşma və inam əsasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə yönəlmiş səylərindən biridir.
Trend.az