Kəmaləddin Heydərov Şəmkirdə bölgə sakinlərini qəbul edəcək
Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şəmkir şəhərində vətəndaşları qəbul edəcək.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən sentyabrın 25-də saat 11:00-dan Şəmkir şəhərində vətəndaşların qəbulu keçiriləcək.
Qəbulda Şəmkir, Tovuz, Qazax və Ağstafa rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşların qeydiyyatı Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində sentyabrın 24-ü saat 09:00-dan başlayacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Trend/az