Kanadada Respublika Günü münasibətilə bir sıra tədbirlər keçirilmişdir
Azərbaycanın Kanadadakı səfirliyi 28 May – Respublika Günü münasibətilə paytaxt Ottava şəhərində bir sıra tədbirlər keçirmişdir.
Səfirlikdən AzərTAc-a verilən məlumata görə, Ottava şəhər meriyasının binası qarşısında ənənəvi olaraq Azərbaycan Respublikasının dövlət bayrağının qaldırılması mərasimi keçirilmişdir. Daha sonra səfirlik tərəfindən Respublika Günü münasibətilə ziyafət təşkil olunmuşdur. Ziyafətdə Ottavada fəaliyyət göstərən “Qarabağ” adlı Azərbaycan dili məktəbinin şagirdləri tərəfindən Azərbaycanın və Kanadanın dövlət himnləri səsləndirilmişdir.
Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyev tədbirdə çıxış edərək ölkəmizdə gedən sosial-iqtisadi inkişaf, Azərbaycan-Kanada ikitərəfli iqtisadi-siyasi münasibətləri haqqında iştirakçılara ətraflı məlumat vermişdir.
Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Barri Devolin Kanadanın Azərbaycan ilə müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafına əhəmiyyət verdiyini diqqətə çatdırmış və ölkəmizin regiondakı önəmli rolu barədə danışmışdır.
Tədbirdə Kanada parlamentinin üzvləri, Ottavada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyətin, o cümlədən, bu ölkədə yaşayan müxtəlif icmaların nümayəndələri iştirak etmişlər.
AzərTac.az