“İnsan hüquqları XXİ əsr – Azərbaycan” Fondunu təsis etməkdə məqsədim Altay Zahidov

Posted by

Jurnalistlik fəaliyyətinə başladığım ilk günlərdən indiyədək bir ziyalı, bir insan kimi adamlara yardımçı olmaq, onların xeyir və şərində yaxından iştirak etmək, həyatda çətinliklərlə üzləşənlərə kömək əli uzatmaq, xeyirxahlıq göstərmək amalım olub. Əməllərimin xoş nəticəsini görəndə özümdə bir rahatlıq, gürur hissi duymuşam. Yaşa dolmağıma baxmayaraq bu gün də həmin hisslərlə yaşayıram, xoş əməllərimi davam etdirirəm, insanlara əl tutmaqdan həzz alıram, vətəndaşlıq borcumu yerinə yetirərkən özümdə bir rahatlıq tapıram, hüquqları pozulan, öz haqqını tələb etməyi bacarmayan adamlara yardımçı olmağa çalışıram.
Zəmanəmizin reallığı belədir ki, quruluşundan asılı olmayaraq bu gün demək olar dünyanın bütün ölkələrində insanların hüquqları bu və ya digər dərəcədə pozulur. Adamlar öz elementar hüquqlarını məmurlardan tələb edə bilmirlər. Muasir dövrdə insan hüquqlarının müdafiəsi uğrunda mübarizə qlobal xarakter alır. Bu mübarizəyə bütün vicdanlı, namuslu adamlar qoşularaq birləşib hüquq-müdafiə təşkilatları yaradırlar.
Mənim də yenicə təsis və rəhbərlik etdiyim “İnsan hüquqları XXI əsr – Azərbaycan” Fondu bu hərəkatın ayrılmaz bir hissəsi kimi fəaliyyət göstərir.
Nəzərinizə çatdırıram ki fondumuz qeyri-hökümət təşkilatıdır və ilk növbədə insanların hüquqlarının müdafiəsini qarşısına əsas məqsəd qoymuşdur, fəaliyyətə başladığımız az vaxtda insanların hüquqi maarifləndirilməsi, adamların hüquqlarının necə qorunması, hüquqları pozulanlara kömək əli uzatmaq üçün ilk əməli tədbirlər görürük.
“İnsan hüquqları XXİ əsr – Azərbaycan” Fondu başlığı altında ayda bir dəfə nəşr olunan bulletenimizin ilk 2 nömrəsi artıq çapdan çıxmış, oxucular tərəfindən maraqla qarşılanmışdır.
Bizim “internetdə” öz saytımız var. Saytımız belə adlanır: www.azhumanrights.org.
Bu gün saytımızı oxuyanların sayı minlərlədir. İrqindən, dilindən, dinindən asılı olmayaraq müxtəlif millətlərin nümayəndələri hüquqlarının müdafiəsi üçün bizə müraciət edə, hüququ məsləhətlər ala bilərlər. Bu işdə hüquqşünaslarımız, təcrubəli mütəxəssislər, professorlar, peşəkar jurnalistlər Sizə yardımçı olmaqla öz vətəndaşlıq borclarını yerinə yetirəcəklər. Fondumuzun Azərbaycanın regionlarındaki müvəkilləri də yerlərdə hüquqi yardım və məsləhət üçün müraciət edənlərə, onları maraqlandıran suallara cavab verməyə hazırdırlar.
Biz bütün namuslu, vicdanlı siyasətçiləri, hüquqşünasları, insan hüquqlarının gorunması ilə məşğul olan qeyri-hökümət təşkilatlarini fondumuzla yaxından əməkdaşlıq etməyə çagırırıq!

Fondun Fondun həmtəsisçisi
Altay Zahidov