Çin Qədim İpək Yolunun bərpasını Azərbaycanla gerçəkləşdirməyi arzulayır

Posted by

Çin Qədim İpək Yolunun bərpasını Azərbaycanla gerçəkləşdirməyi arzulayır

 

Çin Qədim İpək Yolunun bərpasını Azərbaycanla gerçəkləşdirməyi arzulayır

Çin Qədim İpək Yolunun bərpasını Azərbaycanla gerçəkləşdirməyi arzulayır

 

Bu gün Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərovun Azərbaycanda səfərdə olan Çin Kommunist Partiyasının nümayəndə heyəti ilə görüşü olub.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Z.Əsgərov ölkələrimizin tarixi dostluq münasibətlərindən geniş söz açıb, Azərbaycanla Çin arasında əlaqələrin yüksələn xətlə inkişaf etməsində dövlət başçılarının qarşılıqlı səfər və görüşlərinin xüsusi rolunu vurğulayıb. Birinci vitse-spiker ölkəmizin əldə etdiyi uğurlardan, iqtisadi inkişaf tempindən, Azərbaycanın təşəbbüskarı və fəal iştirakçısı olduğu qlobal layihələrdən, o cümlədən Qədim İpək Yolunun tərkib hissəsi sayılan Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisindən geniş bəhs edib. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı bünövrənin olduğu vurğulanıb.

Z.Əsgərov qonaqlara Dağlıq Qarabağ münaqişəsi barədə geniş məlumat verib. Bildirilib ki, işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etmək barədə beynəlxalq qurumların çoxsaylı qətnamələrinə məhəl qoymayan Ermənistan ərazilərimizin 20 faizini işğal altında saxlayır. Münaqişə nəticəsində 1 milyona yaxın soydaşımız qaçqın və məcburi köçkünə çevrilib. Bu problem həm də bütün regionun təhlükəsizliyini təhdid altında saxlayır. Birinci vitse-spiker Çin Xalq Respublikasına Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyinə görə təşəkkürünü bildirib.

Çin Kommunist Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin sədr müavini Çjoy Li ölkələrimizin yüksək səviyyədə olan dostluq münasibətlərindən məmnunluğunu bildirib. O deyib ki, Azərbaycan və Çin hər ikisi dünyada inkişaf edən, sülhsevər, qədim tarixə, mədəniyyətə və yüksək dəyərlərə sahib olan ölkələrdir. Qonaq ölkələrimizin qanunverici orqanları arasındakı əməkdaşlıqdan razılıq edib və qeyd edib ki, onun xalqı Qədim İpək Yolunun bərpasını və bunu sülhsevər Azərbaycanla gerçəkləşdirməyi arzulayır. Dağlıq Qarabağ münaqişəsindən danışan qonaq ölkəsinin bu məsələdə mövqeyinin dəyişməz olduğunu deyib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

 

Trend.az