Humanitar Forumun “Multikulturalizmin müqayisəli tədqiqləri: nəzəriyyədən humanist təcrübəyə doğru” mövzusunda dəyirmi masa”sında maraqlı müzakirələr aparılır

Posted by

Humanitar Forumun “Multikulturalizmin müqayisəli tədqiqləri: nəzəriyyədən humanist təcrübəyə doğru” mövzusunda dəyirmi masa”sında maraqlı müzakirələr aparılırHumanitar Forumun “Multikulturalizmin müqayisəli tədqiqləri: nəzəriyyədən humanist təcrübəyə doğru” mövzusunda dəyirmi masa”sında maraqlı müzakirələr aparılır

Humanitar Forumun “Multikulturalizmin müqayisəli tədqiqləri: nəzəriyyədən humanist təcrübəyə doğru” mövzusunda dəyirmi masa”sında maraqlı müzakirələr aparılır

Oktyabrın 3-də IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Multikulturalizmin müqayisəli tədqiqləri: nəzəriyyədən humanist təcrübəyə doğru” mövzusunda “dəyirmi masa” işə başlayıb.

AzərTAc xəbər verir ki, “dəyirmi masa” iki bölmədə işini davam etdirəcək. “A” bölməsində “Nəzəriyyədən humanist təcrübəyə doğru”, “B” bölməsində isə “Sivilizasiyalararası dialoq: “Nubelunqlar haqqında nəğmə” və “Kitabi-Dədə Qorqud” eposlarının müqayisəli təhlili” mövzularında müzakirələr aparılacaq. “A” bölməsi işini “Multikulturalizm fəlsəfəsi və müxtəlif ölkələrdə müqayisəli tədqiqatların spesifikası”, “Milli kimlik konsepsiyalarının siyasi-hüquqi aspektləri və liberalizmlə kommunitarizmin sintezi şəraitində mədəni müxtəliflik təcrübəsi” və “Multikulturalizm müxtəlif mədəni təcrübələrin tolerant birgəyaşayışı siyasəti kimi” mövzularında keçiriləcək üç iclasla davam etdirəcək.

“A” və “B” bölmələrinin birgə plenar iclasını açan Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, AMEA-nın həqiqi üzvü Kamal Abdullayev ölkəmizin tarixən multikulturalizmin vətəni olduğunu diqqətə çatdıraraq əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində Azərbaycanın dünyada multikulturalizmin mərkəzinə çevrildiyini bildirib. Azərbaycanda və ölkəmizdən kənarda multikulturalizmin, mədəni dəyərlərin qorunmasında Heydər Əliyev Fondunun mühüm layihələr həyata keçirdiyini qeyd edən K.Abdullayev Prezident İlham Əliyevin Fərmanı ilə bir neçə ay əvvəl Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradıldığını bildirib.

Latviya Respublikasının sabiq Prezidenti Valdis Zatlers multikulturalizmin insanlar tərəfindən qavranılan dəyərlərdən ibarət bir sistem olduğunu vurğulayaraq müxtəlif ölkələrdə mədəniyyətlərin səviyyəsini müəyyənləşdirmək üçün identikliyin mühüm rol oynadığını vurğulayıb. Sabiq Prezident identikliyin inkişafında və multikulturalizmin yaradılmasında ailənin, təhsilin, tolerantlığın rolunu yüksək qiymətləndirib.

Almaniyanın Vürsburq Universitetinin professoru, Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti xanım Ziqlinde Hartman mühüm məsələlərin müzakirə edildiyi Forumun təşkilinə görə minnətdarlığını bildirib. O, xalqların mədəni köklərinin, multikultural dəyərlərin qədim ədəbi-tarixi mənbələrdə axtarmaq cəhdinə diqqət yetirilməsinin vacibliyini qeyd edərək elmi dairələrdə bu istiqamətdə əhatəli araşdırmaların aparılmasını yüksək qiymətləndirib. Almaniyalı alim belə ədəbi-tarixi mənbələr arasında “Kitabi-Dədə Qorqud” dastanını xüsusi vurğulayıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru, professor Azad Məmmədov Azərbaycanın multikultural dəyərlərə daim sadiqlik göstərdiyini qeyd edərək ulu öndər Heydər Əliyevin ölkəmizin multikultural siyasətinin banisi olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyev multikulturalizmin qorunmasını ən ali insan hüquqlarının tərkib hissəsi kimi prioritet hesab edirdi. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir və Azərbaycan artıq multikulturalizmin mərkəzi rolunu oynayır. Rəhbəri olduğu qurumun fəaliyyətindən danışan A.Məmmədov etnik və dini qrupların mədəni dəyərlərinin qorunması ilə bağlı elmi araşdırmaların aparılacağını, layihələrin, müsabiqələrin, kampaniyaların həyata keçiriləcəyini bildirib.

İtaliyanın Florensiya Universitetinin professoru Franko Kardini müasir dünyada mədəniyyətlərin toqquşması təhlükəsinin olmadığını bildirərək qeyd edib ki, baş verən münaqişələr sivilizasiyaların izlərini silə bilməz. Ona görə də mədəniyyətlər qarşılıqlı şəkildə mübadilə olunaraq yaşadılmalıdır. O, sivilizasiyalararası, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı, xüsusən Qərb dünyasında artan islamafobiyanın aradan qaldırılması üçün Qərb ilə Şərqin yaxından əməkdaşlıq etməsinin vacibliyini bildirib. Alim deyib ki, bu əlaqələr, təmaslar geosiyasi məqsədlərdən uzaq olmalıdır.

“Dəyirmi masa” işini davam etdirir.

 

AzərTac.az