Hindistanın Azərbaycandakı səfiri Şəkidə olmuşdur
Hindistanın Azərbaycandakı səfiri Vinod Kumar iyulun 1-də Şəkidə olmuşdur.
AzərTAc xəbər verir ki, şəhər icra hakimiyyətində keçirilən görüşdə qonağa Şəkinin tarixi, mədəniyyəti, iqtisadiyyatı, adət-ənənələri, tarixi abidələri, habelə turizm potensialı barədə geniş məlumat verilmişdir.
Qonağın diqqətinə çatdırılmışdır ki, Şəkidə qədim ipəkçilik ənənələri indi də davam etdirilir. “Şəki-İpək” ASC-nin istehsal etdiyi məhsullar dünyanın bir sıra ölkələrinə ixrac olunur. Rayonda iri heyvandarlıq kompleksi, un dəyirmanı, şərab zavodu və digər emal müəssisələri fəaliyyət göstərir.
Bu gün Şəkidə böyük musiqi bayramının – “İpək Yolu” V Beynəlxalq musiqi festivalının başlandığı diqqətə çatdırılaraq bildirilmişdir ki, festivalda Hindistanın mahnı və rəqs qrupu da iştirak edir.
Səfir Vinod Kumar Azərbaycan ilə Hindistan arasında əlaqələrin müxtəlif sahələrdə uğurla davam etdirildiyini bildirmiş, gələcəkdə Şəki rayonu ilə kənd təsərrüfatı sahəsində əməkdaşlığın yaranmasında maraqlı olduqlarını söyləmişdir.
Görüşün sonunda səfirə Şəki ilə bağlı xatirə hədiyyələri təqdim olunmuşdur.
AzərTac.az