Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin irsinin tədqiqi ilə bağlı elmi-praktik seminar keçirilib

Posted by

Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin irsinin tədqiqi ilə bağlı elmi-praktik seminar keçirilib Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin irsinin tədqiqi ilə bağlı elmi-praktik seminar keçirilib

Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin irsinin tədqiqi ilə bağlı elmi-praktik seminar keçirilib

Dekabrın 10-da Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsinin, dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin tədqiqi və geniş təbliği, ictimaiyyətin bu ideyalar ətrafında daha sıx birləşdirilməsi məqsədilə “Heydər Əliyev irsi: elmi-praktik seminar” keçirilib.

 

Trend-in məlumatına görə, seminarda Heydər Əliyev ideyalarının, onun siyasi irsinin tədqiqi və təbliğində böyük təcrübələri, danılmaz xidmətləri olan Azərbaycan Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi Əli Əhmədov, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, millət vəkili, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov, tanınmış publisist, millət vəkili Elmira Axundova, həmçinin ictimaiyyət nümayəndələri, tanınmış siyasətçilər, ali təhsil müəssisələrinin alimləri və tələbələri iştirak ediblər.

 

Budəfəki seminar “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti” mövzusuna həsr olunub.

 

Seminarda çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin müasir tariximizdə müstəsna yer tutduğunu bildirib: “Danılmaz həqiqətdir ki, Heydər Əliyev bugünkü Azərbaycanın inkişafının təməlində dayanan bir amildir. İstənilən sahənin inkişaf tarixinə nəzər saldıqda Heydər Əliyevin uğurlu siyasətinin, onun misilsiz xidmətlərinin şahidi oluruq. Onun ölkəmizə rəhbərlik etdiyi illər milli oyanış, tərəqqi, müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir. Məhz həmin illərdə siyasi sistemin möhkəmlənməsi, dövlətçilik ənənələrinin yaradılması, iqtisadi və sosial islahatların aparılması, dünya birliyinə inteqrasiya siyasətinin həyata keçirilməsi nəticəsində bu gün Azərbaycan uğurla inkişaf edən, özünü dünya birliyinə etibarlı tərəfdaş kimi təqdim edə bilən bir ölkəyə çevrilib”.

 

A.Ələkbərov qeyd edib ki, Heydər Əliyevin ömür yolu hər bir azərbaycanlı üçün xalqa, Vətənə xidmətin rəmzinə çevrilib: “Bu gün ölkəmizdə və onun hüdurlarından kənarda uğurla həyata keçirilən layihələr, görülən nəhəng işlər Heydər Əliyev ideyalarını, onun azərbaycançılıq fəlsəfəsini, dövlətçilik irsini yaşatmaqdadır”.

 

O bildirib ki, Heydər Əliyev Mərkəzi ümummilli lider Heydər Əliyevin zəngin irsinin tədqiqi və təbliği, müxtəlif sahələrin inkişafına xidmət edən layihələrin həyata keçirilməsi, Azərbaycan reallıqlarının dünyaya tanıdılması, Azərbaycan tarixi və mədəniyyətinin beynəlxalq aləmdə təbliği, eləcə də dünya mədəniyyəti nümunələrinin ölkəmizdə tanıdılması istiqamətində fəaliyyət göstərir: “Heydər Əliyev Mərkəzi həm şəhərimizin yeni rəmzlərindən biri kimi tanınan unikal memarlıq quruluşuna malik olan və buna görə bu il London Dizayn Muzeyi tərəfindən “İlin ən yaxşı dizaynlı muzeyi” adına layiq görülmüş binası ilə, həm də qısa müddət ərzində həyata keçirdiyi maraqlı layihələri ilə ölkə və dünya ictimaiyyətinin diqqət mərkəzində olub. Mərkəzdə bilavasitə Heydər Əliyev irsinin təbliği ilə əlaqədar müxtəlif yönümlü tədbirlər, konfranslar, sərgilər, müsabiqələr təşkil edilir. Bu tədbirlər Heydər Əliyev irsini daha dərindən öyrənməyə, gənclərin ölkənin ictimai-siyasi həyatında fəal iştiraka cəlb olunmasına, onlarda vətənpərvərlik ruhunun güclənməsinə yönəlib”.

 

A.Ələkbərov vurğulayıb ki, Heydər Əliyevin Azərbaycanın inkişafında müstəsna xidmətlərinin və dövlətçilik irsinin tədqiqi, onun zəngin dünyagörüşünə əsaslanan müasir dövlətçilik konsepsiyasının təbliği baxımından böyük əhəmiyyət kəsb edən bu elmi-praktik seminarlar Azərbaycan ictimaiyyəti, yeniyetmələr, gənclər, elm və siyasi xadimlər, ümumiyyətlə, Heydər Əliyevin həyatı və fəaliyyətini daha yaxından öyrənmək istəyən hər bir şəxs üçün önəmlidir: “Əminəm ki, həm bugünkü, həm də bundan sonrakı görüşlərdə edilən çıxışlar mövzusundan asılı olmayaraq, hər biriniz üçün maraqlı, gərəkli olacaq, dinləyicilər tariximizin və Heydər Əliyevin həyatının yeni faktları, maraqlı səhifələri ilə tanış olacaqlar”.

 

Azərbaycan Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi Əli Əhmədov çıxışında bildirib ki, Heydər Əliyevin xilaskar lider kimi fəaliyyəti istər Azərbaycana rəhbərliyinin birinci dövründə, istərsə də ikinci dövründə özünü göstərib: “Xüsusilə də 1990-cı illərin əvvəllərində Azərbaycanın üzərini almış təhlükələrin sovuşdurulmasında Heydər Əliyevin müstəsna xidmətlərini bu gün Azərbaycanın hər bir vətəndaşı nəinki dərk edir, eyni zamanda, yüksək dəyərləndirir. Bugünkü Azərbaycanın reallıqlarını Heydər Əliyevin adi ilə bağlayırıq. Amma, eyni zamanda, tarixin müxtəlif dönəmlərində Heydər Əliyevin yerinə yetirdiyi müstəsna tarixi xidmətlər də fərqli məna daşıyır. Bu mənada Heydər Əliyevi həm xilaskar, həm qurucu-islahatçı lider, həm də milli ideologiyanın banisi kimi dəyərləndirmək mümkündür”.

 

Ə.Əhmədov qeyd edib ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlər ərzində qurucu-islahatçı lider kimi də özünü təsdiqləyib: “Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə dövrün ideoloji çərçivələri daxilində dərin islahatlar həyata keçirməklə, Azərbaycanı o zamanlar sovetlər birliyinin ən geridə qalmış ölkəsindən ən dinamik inkişaf edən ölkəsinə çevirməklə özünü genişmiqyaslı qurucu-islahatçı lider kimi təqdim edib.Təbii, biz Heydər Əliyevi üçüncü prizmadan müstəqil azərbaycançılıq ideologiyasının banisi kimi dəyərləndiririk”.

 

Baş nazirin müavini qeyd edib ki, azərbaycançılıq ideologiyası Heydər Əliyevin Azərbaycana bəxş etdiyi və bu gün Azərbaycanın bu təməl üzərində qərar tutduğu bir ideoloji sistemdir: “Bu sistemin mahiyyəti əslində müstəqil Azərbaycan dövlətçiliyinin qurulması, təməl prinsipinin təsis edilməsi, möhkəmləndirilməsi və bu baza əsasında müasir Azərbaycanın yaradılmasından ibarətdir. Azərbaycançılıq bir yandan da birləşdirici ideologiyadır, bütün Azərbaycan cəmiyyətinin birləşdirilməsi məqsədini güdür, hədəf olaraq, bunu nəzərdə tutur”.

 

Onun sözlərinə görə, azərbaycançılıq ideologiyası Azərbaycanın sürətli inkişafı, müasir dünyada Azərbaycanın özünə layiq yer tutması və beləliklə, müasir Azərbaycanın inkişafi üçün çox ciddi ideoloji bazanın yaradılmasını nəzərdə tutur: “Bu mənada Heydər Əliyevin ideyaları bu gün yaşayır və həyata keçirilir. Təbii ki, çox məmnunluqla qeyd etmək lazımdır ki, Heydər Əliyevin ideyalarını bu gün Heydər Əliyevin davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çox böyük uğurla həyata keçirir.

 

“Heydər Əliyev tarixi şəxsiyyəti nədir” sualını verməli olsaq, bugünkü Azərbaycanı gözümüzün önünə gətirməliyik: sürətlə inkişaf edən, modernləşən, müasir dünyanın bütün tələblərinə cavab verən, kiçik dövlət olsa da, özünü bütün dünyaya tanıtmağa qadir olan, tanıda bilmiş bir dövlət nəzərdə tutulur. Elə bir dövlət ki, onun vətəndaşları bu dövlətin vətəndaşı olmaqdan qürur duyurlar. Heydər Əliyev şəxsiyyətinin miqyası bu gün həm Azərbaycan vətəndaşlarının öz dövlətlərinə inamla baxmasının əsaslarını təşkil edir, həm də bir Azərbaycan vətəndaşının dünyada Azərbaycanın yerini daha düzgün, dəqiqliklə dərk etməsinə bilavasitə təsir göstərir”.

 

Yazıçı-publisist, Milli Məclisin deputatı, “Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildliyinin müəllifi Elmira Axundova isə çıxışında qeyd edib ki, hər bir siyasi xadim həyata keçirdiyi işləri ilə xatirələrdə qalır: “Heydər Əliyev dahiliyi, ciddiliyi və tələbkarlığı ilə yanaşı, həyatın bütün çalarlarını yaxından duyan insan idi. Onun bu obrazının gənclərin hafizəsinə daha yaxşı həkk olunması məqsədilə Heydər Əliyev Mərkəzinin həyata keçirdiyi bu layihənin uğurlu olacağına inanıram və Mərkəzə bu işdə müvəffəqiyyətlər arzulayıram”.

 

Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov bildirib ki, Heydər Əliyev şəxsiyyətini təqdim etmək çox çətindir: “Bu onun şəxsiyyətinin zənginliyi ilə əlaqədardır. Böyük şəxsiyyətlər tarixin ziddiyyətli dövrlərində yaranır. Heydər Əliyev şəxsiyyəti də Azərbaycan tarixinin məhz belə bir ziddiyyətli dövründə formalaşdı”.

 

O, qeyd edib ki, Heydər Əliyev dünya siyasətçiləri arasında ən yüksək pillələrdən birində dayanırdı: “O, iki ziddiyyətli tarixi zamanda yaşadı və yaratdı. Heydər Əliyev Azərbaycanın qurtuluş mübarizəsinin qalibidir. O, ən müasir, hüquqi, dünyəvi və demokratik Azərbaycanı qurdu. Heydər Əliyevin ən böyük uğurlarından biri də o idi ki, o, Azərbaycanı müstəqilliyə gedən yolda istiqlaliyyətə hazırladı”.

 

Daha sonra tarixçi Heydər Əliyevin həyat və dövlətçilik fəaliyyətindən ətraflı bəhs edib, ümummilli liderin müxtəlif mövzulara dair çıxışları səsləndirilib.

 

Qeyd edək ki, Heydər Əliyev irsinin öyrənilməsi üzrə seminarlar Heydər Əliyev Mərkəzində mütəmadi olaraq müxtəlif mövzular ətrafında təşkil edilir. Layihə çərçivəsində ölkənin tanınmış elm adamları ulu öndərin həyat və fəaliyyəti ilə bağlı müxtəlif mövzularda mühazirələr oxuyur, bu mövzular ətrafında interaktiv müzakirələr olur.

 

İctimaiyyət üçün açıq olan bu seminarlarda dinləyici qismində hər bir kəs iştirak edə bilər. Seminarların gələcəkdə regionlardakı Heydər Əliyev mərkəzləri ilə videobağlantılar formatında keçirilməsi də nəzərdə tutulub. Seminarların bu formada davam etdirilməsi həm də bölgələrdəki Heydər Əliyev mərkəzlərinin fəaliyyətinə dəstək məqsədi daşıyır.

 

Trend.az