Heydər Əliyev Mərkəzində Mixail Lermontovun 200 illiyinə həsr edilmiş “dəyirmi masa” keçirilib
Heydər Əliyev Mərkəzində görkəmli rus şairi, yazıçısı və dramaturqu Mixail Yuryeviç Lermontovun 200 illik yubileyinə həsr edilmiş “dəyirmi masa” keçirilib.
Trend-in məlumatına görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən “dəyirmi masa” “M.Y.Lermontovun yaradıcılıq irsi dünya mədəniyyətinin tərkib hissəsi kimi” mövzusunu əhatə edib.
Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov öz çıxışında tədbir iştirakçılarını ürəkdən salamlayıb.
Onun sözlərinə görə, bu gün mədəni layihələr həyata keçirən Heydər Əliyev Mərkəzi əhəmiyyətli təşkilat, ideya və təşəbbüslər mərkəzidir: “Bugünkü iclasımız Mixail Yuryeviç Lermontovun 200 illiyinə həsr olunub və biz çox şadıq ki, bu böyük hadisəyə xeyli sayda görkəmli incəsənət xadimləri, tanınmış alimlər toplaşıblar. Tədbirin təşəbbüskarı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevadır”.
Heydər Əliyev Mərkəzinin direktoru bildirib ki, Fond artıq uzun illərdir mədəniyyət, təhsil, elm, texnologiyalar, ekologiya və idman sahələrində nəhəng layihələr həyata keçirir. Heydər Əliyev Fondu tərəfindən 400-dən artıq məktəb tikilib, valideyn himayəsindən məhrum uşaqlar üçün 40-dan çox müəssisə yenidən qurulub. Mədəniyyət sahəsində çoxlu sayda layihə reallaşdırılıb, Azərbaycanın xaricdə təqdimatları, festivallar, konfranslar, mədəni tədbirlər keçirilib.
A.Ələkbərov qeyd edib ki, bu istiqamətdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ciddi fəaliyyət göstərir: “Fondun vitse-prezidenti və Fondun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri kimi onun rəhbərliyi altında Rusiya ərazisində də məktəblərin yenidən qurulması həyata keçirilir, mədəni obyektlər yaradılır. Elə bu yaxınlarda bir sıra uşaq evlərinə və məktəbəqədər müəssisələrə dəstək göstərildi. Leyla Əliyevanın təşəbbüsü ilə Həştərxanda apostola bərabər knyaz Vladimirə abidə ucaldıldı. Вu istiqamətdə çox böyük və ciddi layihələr həyata keçirilir”.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxışında bildirib ki, Azərbaycanda Rusiyanın bütün mədəni hadisələrinə həmişə dərin hörmət və maraqla yanaşıblar: “Biz bir dövlətin tərkibində yaşayarkən ümumi tariximiz var idi. İnkişafımızın ümumi mərhələlərinə malikik və çox vaxt bu və ya digər mədəniyyət, musiqi, ədəbiyyat, teatr xadimlərini, memarları hər hansı dövlət mənsubiyyətinə görə ayırmaq mümkün deyil. Azərbaycanın 20 ildən artıqdır müstəqil olduğu bir vaxtda son iki əsrdə əldə edilmiş həmin mədəni əlaqələrin kökünü qorumağa davam etməyimiz əlamətdar haldır”.
Onun sözlərinə görə, M.Y.Lermontov Qafqaza sürgün edilərkən tamamilə yeni yaradıcılıq ilhamı aldı, dağları, təbiət mənzərələrini, burada yaşayan xalqların ənənələrini sevdi: “Lermontov – dünya mədəniyyəti və ədəbiyyatında hadisədir”.
Nazir qeyd edib ki, Azərbaycanda M.Y.Lermontovun yaradıcılığına böyük hörmət bəsləyirlər: “O, Azərbaycanın Qusar rayonu ərazisindəki Qusar polkunda xidmət edib, kəndləri gəzib, sadə insanlarla görüşüb. Lermontov Azərbaycanın görkəmli mütəfəkkiri, dramaturgiyamızın banisi Mirzə Fətəli Axundovla dostluq edib və ondan Azərbaycan dilini öyrənib. Azərbaycanın ölkəşünaslıq muzeyində Mixail Lermontova məxsus qələm və mürəkkəbqabı saxlanılır”.
O bildirib ki, Azərbaycan Prezidentinin fərmanı ilə M.Y.Lermontov da daxil olmaqla Rusiyanın bir çox görkəmli yazıçı və şairlərinin əsərləri latın qrafikalı Azərbaycan əlifbasına çevrilib: “Onlar ölkəmizin bütün kitabxanalarına havayı verilir. Rus dilini bilməyən hər bir azərbaycanlı böyük şairin yaradıcılığı ilə Azərbaycan dilində tanış ola bilər. Bu ənənələr davam edəcək, çünki Rusiya və Azərbaycan mədəni əlaqələri müvəqqəti deyil. Bakıda mütəmadi olaraq keçirilən humanitar forumlar və mədəniyyətlərarası dialoq forumları bunu təsdiq edir”.
Ə.Qarayev Azərbaycanda M.Y.Lermontovun yubileyinin təntənəli şəkildə qeyd edilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Heydər Əliyev Mərkəzinə, Mədəniyyət və Turizm Nazirliyinə, bütün təşkilatçılara tədbirin möhtəşəm təşkilinə görə təşəkkürünü bildirib.
Onun sözlərinə görə, M.Y.Lermontov yaradıcılığı zaman keçdikcə aktuallığını itirməyən şəxslərdəndir: “Nə qədər çox vaxt keçirsə, qaldırılan mövzular da bir o qədər aktuallaşır və bir çox suallara cavab tapmaq mümkün olur. Şübhəsiz ki, dahi şairin qısa, lakin parlaq yaradıcılığından qırmızı xətlə keçən şair, vətənpərvər və vətəndaş rolundan başlamaq istərdim. Tədbirin Azərbaycanda keçirildiyini nəzərə alaraq, Lermontovun Avropada fransız dili ilə müqayisə etdiyi Azərbaycan dilinin Qafqazdakı rolu haqqında məşhur kəlamını qeyd etmək istərdim”.
M.Cabbarov deyib ki, hazırda Azərbaycanda Bakı Slavyan Universitetinin uğurla fəaliyyət göstərməsi də əlamətdar haldır: “Azərbaycanda böyük şairin 200 illik yubileyi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində Təhsil Nazirliyi tərəfindən müvafiq müsabiqə keçirilib”.
Onun sözlərinə görə, Azərbaycanda 350-dən artıq məktəb rus dilində fəaliyyət göstərir, ölkənin bütün ali məktəblərində rus dilinin tədrisi ilə bağlı fakültələr mövcuddur: “Başqa sözlə, bizdə iştirakçıların, o cümlədən böyük şairi orijinalda oxuyanların sayında məhdudiyyətlər olmayıb. Həmçinin Lermontovun əsərlərinin Azərbaycan dilinə böyük tərcümələrinin olduğunu çəkinmədən deyə bilərəm. Bununla, Azərbaycan dilində təhsil alan vətəndaşlarımız da əhatə dairəsinə düşüblər. Qaliblər üç əsas nominasiyada müəyyənləşib”.
Malaya Molçanovkada M.Y.Lermontovun ev-muzeyinin direktoru Valentina Lentsova Heydər Əliyev Mərkəzindəki Heydər Əliyev Muzeyinə heyran qaldığını bildirib: “Bu, dünyanın ən müasir muzeylərindən biridir. Muzeylər müasir, köhnə modelli ola bilər, lakin darıxdırıcı olmağa haqları yoxdur. Bu muzey müasir və maraqlıdır. Muzey işi üzrə mütəxəssis kimi qeyd edim ki, burada bütün müasir texniki vasitələrdən əla istifadə olunub. Biz daha çox bu muzeyə heyran qaldıq, Heydər Əliyevin həqiqi sənədləri böyük maraq doğurdu. Hamı dayanıb gözdən keçirirdi, müzakirə edirdi, heç kəs getmək istəmirdi. Əsl muzey belə olmalıdır!”
Qeyd edək ki, “dəyirmi masa”da M.Y.Lermontovun həyat və yaradıcılığı ilə müzakirələr aparılıb, eləcə də çıxışlar olub.
Tədbirdə “Lermontov irsi” Assosiasiyasının prezidenti, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Rus Ədəbiyyatı İnstitutunun direktoru Vsevolod Baqno, həmçinin Rusiyadan müxtəlif qonaqlar iştirak ediblər.
Heydər Əliyev Mərkəzinin foyesində Azərbaycanın gənc rəssamlarının M.Y.Lermontovun həyat və yaradıcılığına həsr olunmuş əsərləri təqdim olunub.
Yubiley mərasimi dekabrın 22-də Heydər Əliyev Mərkəzində M.Y.Lermontovun ədəbi yaradıcılığına həsr olunmuş konsert proqramı ilə davam etdiriləcək.
Trend.az