Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə keçirilən tədbirdə iştirak edib
Mayın 29-da Heydər Əliyev Fondu tərəfindən Bakıdakı 1 nömrəli uşaq evinin Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən istirahət düşərgəsində 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə tədbir keçirilmişdir.
Trend AzərTAc-a istinadən məlumat verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak etmişlər.
Mərasimdə çıxış edən Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev Fondun uşaqlarla bağlı həyata keçirdiyi layihələrdən söz açmışdır. Bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva uşaqların hər cür qayğı ilə əhatə olunması, onların müasir vətəndaş kimi yetişməsi məsələlərinə xüsusi diqqət yetirirlər. Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın gələcəyini təmin edəcək sağlam ruhlu, müasir düşüncəli gənclər yetişdirmək üçün uğurlu layihələr həyata keçirilir.
Diqqətə çatdırmışdır ki, Bakıdakı 1 nömrəli uşaq evinin Şüvəlanda yerləşən istirahət düşərgəsində reallaşdırılan bu tədbir Heydər Əliyev Fondunun 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə keçirdiyi silsilə tədbirlər çərçivəsində baş tutmuşdur.
Mərasimdə, həmçinin Rusiya Federasiyasının Həştərxan vilayətindən, Bosniya və Herseqovinadan və Pakistandan da qonaqlar iştirak edirlər.
Fondun nümayəndəsi qonaqların azərbaycanlı uşaqlarla gələcək dostluğunun möhkəm olacağına əminliyini ifadə etmişdir.
Bayram şənliyində istedadlarını göstərən uşaqlar əylənmiş, rəqs etmiş, şeir söyləmişlər.
Xarici ölkələrdən olan qonaqlar Bakıda keçirilən bu mərasimdə onların iştirakına yaradılan şəraitə görə Heydər Əliyev Fonduna minnətdarlıqlarını bildirmişlər.
Mərasimdə Rusiya Federasiyasının Həştərxan uşaqlarının adından Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya hədiyyə olaraq fotoalbom təqdim edilmişdir.
Bakıdakı 1 nömrəli uşaq evinin Şüvəlanda yerləşən istirahət düşərgəsində 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir işləri aparılmış, həyətyanı sahə abadlaşdırılmışdır. Burada yeni, müasir stadion inşa edilmiş, hovuz yenidən qurulmuş, uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün gözəl şərait yaradılmışdır.
Hazırda sözügedən uşaq evində 120 uşaq və yeniyetmə yaşayır.
Trend.az