Heydər Əliyev Fondunun dəstəyi ilə Rumıniyada Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş konfrans keçirilib

Posted by

Heydər Əliyev Fondunun dəstəyi ilə Rumıniyada Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş konfrans keçirilib

Heydər Əliyev Fondunun dəstəyi ilə Rumıniyada Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş konfrans keçirilib

Heydər Əliyev Fondunun dəstəyi ilə Rumıniyada Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş konfrans keçirilib

Fevralın 27-də Buxarestdəki nüfuzlu “Hyperion” Universitetində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə “Cənubi Qafqazda münaqişələr və onların nəticələri: Xocalı bir gecənin faciəsi” adlı konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə “Hyperion” Universitetinin rəhbərliyi və müəllim heyəti, tələbələri, Buxarest Yazıçılar İttifaqının nümayəndələri, Münaqişələrin Qarşısının Alınması və Öncədən Xəbərdarlıq Mərkəzinin tədqiqatçıları, Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin əməkdaşları, ARDNŞ-in Rumıniya nümayəndəliyinin təmsilçiləri, Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının və Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, türk-tatar toplumunun nümayəndələri iştirak etmişlər.

Tədbiri “Hyperion” Universitetinin hüquq, jurnalistika və psixologiya fakültəsinin dekanı İon Marin açmışdır. O, belə tədbirlərin dünyada baş verən münaqişələrə düzgün qiymətin verilməsi və həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir.

Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyev tədbir iştirakçılarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat vermişdir. O, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqına qarşı törədilmiş qətliamın səbəblərindən, ermənilərin və onların havadarlarının məkrli siyasətindən danışmışdır. İ.Hacıyev ötən əsrin qəddarcasına törədilmiş faciələrindən olan Xocalı soyqırımı barədə ətraflı söhbət açmış, Azərbaycanın qədim yaşayış məskəni Xocalı şəhərinin əhalisinin azərbaycanlılardan ibarət olduğuna görə bir gecədə yer üzündən silindiyini, erməni vandallarının yüzlərlə dinc sakini vəhşicəsinə qətlə yetirdiklərini, qocalara, qadınlara, uşaqlara amansız işgəncə verdiklərini diqqətə çatdırmışdır. O, ümummilli lider Heydər Əliyevin Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı gerçəkliklərin beynəlxalq ictimaiyyətə çatdırılması sahəsində siyasi kursunun bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini vurğulamışdır.

İ.Hacıyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində müxtəlif ölkələrdə görülən işlərdən də bəhs etmiş və bu kampaniyanın Dağlıq Qarabağ problemi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində uğurlu və uzaqgörən strategiya olduğunu vurğulamışdır. O, tədbir iştirakçılarını, tələbələri bu kampaniyaya qoşulmağa çağırmışdır.

Azərbaycanın Rumıniyadakı səfirliyinin 2-ci katibi Tehran Şükürov Ermənistanın Azərbaycana qarşı təcavüzünü faktlarla iştirakçıların diqqətinə çatdırmış və hazırkı Ermənistan ərazisinin tarixi Azərbaycan torpaqları olduğunu vurğulamışdır. T.Şükürov bildirmişdir ki, hazırda İnterpolun xətti ilə barəsində beynəlxalq axtarış elan olunan Zori Balayanın 1996-cı ildə nəşr olunmuş “Ruhumuzun canlanması” adlı əsərində onun Xocalı soyqırımına haqq qazandırdığını və bu şəhərdə azərbaycanlılara qarşı soyqırımı həyata keçirildiyini fəxrlə etiraf etdiyini söyləmişdir.

Rumıniya Prezidentinin strateji, təhlükəsizlik və xarici siyasət məsələləri üzrə müşaviri Yulian Kifunun rəhbəri olduğu Münaqişələrin Qarşısının Alınması və Öncədən Xəbərdarlıq Mərkəzinin baş tədqiqatçısı xanım Lavinia Kristiana Lupu Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri, onun ağır nəticələri və problemin həlli prosesi barədə iştirakçılara məlumat vermişdir. O, Ermənistan hərbi qüvvələri tərəfindən törədilmiş Xocalı faciəsinin kütləvi qırğınlarla nəticələndiyini və bu əməlin bəşəriyyət əleyhinə yönəlmiş cinayət olduğunu qeyd etmişdir. Xanım Lupu Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanın Xocalıdakı qətliamda birbaşa iştirak etdiyini vurğulamışdır.

Buxarest Yazıçılar Assosiasiyasının sədri Horia Qırbea “Dağlıq Qarabağ münaqişəsi və Xocalı” adlı interaktiv təqdimatla çıxış etmişdir. O, Azərbaycanın tarixi, ölkəmizin inkişafı, regionda lider dövlətə çevrilməsindən danışmışdır. Həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrindən bəhs etmişdir. H.Qırbea bildirmişdir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində bu ölkənin torpaqlarının 20 faizi işğal edilmiş, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir.

Sədr XX əsrin ən böyük faciəsi olan Xocalı soyqırımının təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlıq əleyhinə törədilmiş cinayət olduğunu vurğulamışdır.

Tədbirin sonunda Xocalı soyqırımı barədə qısametrajlı film göstərilmişdir. Faciə ilə bağlı broşürlər və kitablar tədbir iştirakçılarına paylanmışdır.

 

Trend..az