Heydər Əliyev Fondu Budapeştdə korlar üçün uşaq evi, uşaq bağçası və ibtidai məktəbi əhatə edən mərkəzin yeni korpusunu inşa edəcək

Posted by

Heydər Əliyev Fondu Budapeştdə korlar üçün uşaq evi, uşaq bağçası və ibtidai məktəbi əhatə edən mərkəzin yeni korpusunu inşa edəcək

Heydər Əliyev Fondu beynəlxalq əməkdaşlıq çərçivəsində fəaliyyətini uğurla davam etdirir.

 

Fonddan APA-ya verilən məlumata görə, humanitar layihələrdən biri Macarıstanda gerçəkləşəcək. Fond Budapeşt şəhərində korlar üçün uşaq evi, uşaq bağçası və ibtidai məktəbi əhatə edən mərkəzin yeni korpusunu inşa edəcək.

 

Laszlo Batthyany Roma Katolik Evinin mövcud binası üçün əlavə yataqxana korpusu mövcud binalar kompleksinə birləşdiriləcək və uşaqların qidalanması, müalicə təminatının daha yaxşı şəraitdə aparılmasına imkan yaradacaq.

 

Mərkəz 1982-ci ildə Macarıstan Katolik Kilsəsi tərəfindən əlil insanlara qayğı göstərmək məqsədilə yaradılıb.

 

Uşaq tərbiyə müəssisəsinə görmə, hərəkət və ünsiyyət qüsurlu, fiziki imkanları məhdud uşaqlar qəbul edilirlər. Onlar burada təhsillə yanaşı müalicə alır, müxtəlif təlimlər vasitəsilə hərəkət qabiliyyətini, fərdi bacarıqlarını artırır, peşə vərdişlərinə yiyələnirlər.

 

2800 kv.m sahəsi olan müəssisə 1994-cü ildə əsaslı təmir edilib.

 

Heydər Əliyev Fondunun dəstəyi ilə yanvarın 16-da mərkəzdə 18 yaşdan yuxarı reabilitasiya keçmiş uşaqlar üçün ehtiyac duyulan əlavə korpusun təməli qoyulacaq.

 

Beşmərtəbəli, 30 çarpayılıq yataqxana tipli korpusun ümumi sahəsi 1385,26 kv.m-dir.

 

Layihəyə görə binada məşğələ, istirahət və yataq otaqları, mətbəx və bir ədəd lift nəzərdə tutulub.

 

Təməlqoyma mərasimində Macarıstan baş naziri aparatının xarici siyasət məsələləri və xarici iqtisadi əlaqələri üzrə dövlət katibi, Azərbaycan-Macarıstan hökumətlərarası iqtisadi komissiyasının həmsədri Peter Siyarto, Heydər Əliyev Fondunun nümayəndəsi və səfirliyin əməkdaşları iştirak edəcəklər.