“Heydər Əliyev – əbədiyaşar lider” mövzusunda konfrans keçirilib

Posted by

"Heydər Əliyev - əbədiyaşar lider" mövzusunda konfrans keçirilib “Heydər Əliyev – əbədiyaşar lider” mövzusunda konfrans keçirilib

"Heydər Əliyev - əbədiyaşar lider" mövzusunda konfrans keçirilib

Dekabrın 9-da Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində “Heydər Əliyev – əbədiyaşar lider” mövzusunda konfrans keçirilib.

 

Əvvəlcə tədbir iştirakçıları Lökbatan qəsəbəsində ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsini ziyarət edərək abidə önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.

 

Konfransda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, millət vəkilləri Eldar İbrahimov və Ağalar Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov, digər qonaqlar və rayon ictimaiyyəti iştirak edib.

 

Tədbirdə əvvəlcə ulu öndərin zəngin həyatını əks etdirən qısametrajlı film nümayiş olunub.

 

Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı S.Mikayılov Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsiplərinin Heydər Əliyev tərəfindən yaradıldığını qeyd etdi. Bildirdi ki, ulu öndər Heydər Əliyev özünün titanik fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitliyin əldə olunmasında, həmçinin Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəldilməsində müstəsna xidmətlər göstərib. Məhz buna görə də xalqımız ümummilli lider Heydər Əliyevi müasir müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu adlandırıb. Ümummilli lider Heydər Əliyevin müdrikcəsinə söylədiyi “Azərbaycan dünyaya Günəş kimi doğacaq” fikrini xatırladaraq, ulu öndərin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin sayəsində bunun artıq reallıq olduğunu vurğuladı.

 

Öz növbəsində, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili S.Novruzov müasir Azərbaycanın mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik missiyasını öz üzərinə götürən Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirməklə nəinki xalqımızın ən parlaq siması, eləcə də dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz qoyduğunu bildirdi. Qeyd etdi ki, Azərbaycan regionun ən sabit ölkəsi olaraq müstəqil daxili və xarici siyasət yürüdür. Bu gün ölkəmiz Azərbaycan Prezidenti cənab İlham Əliyevin yorulmaz və qətiyyətli fəaliyyəti nəticəsində dünyanın sayılıb-seçilən ən güclü və qüdrətli dövlətlərindən birinə çevrilib.

 

Millət vəkili E.İbrahimov öz nitqində ulu öndərin göstərdiyi misilsiz xidmətlərdən və onunla bağlı xatirələrindən söz açdı.

 

Millət vəkili A.Vəliyev ulu öndərin dövlətçilik səriştəsi və bacarığı ilə bütün sədləri yararaq və qarşıya çıxan bütün çətinliklərə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxardığını, ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırdığını vurğuladı. Ölkəmizin əldə etdiyi nailiyyətləri diqqətə çatdırdı.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor E.Nəsirov da parlaq şəxsiyyətin, Vətənini hədsiz dərəcədə sevən bir insanın ölkəsinin tarixinə, xalqına son dərəcə böyük sevgi və hörmətlə yanaşmasını heyrətamiz hiss kimi səciyyələndirdi.

 

Daha sonra çıxış edən digər natiqlər də ulu öndər Heydər Əliyevin Azərbaycanın yeni tarixini yazdığını, yaratdığını və bu tarixin yaşadığını bildirdilər. Qeyd etdilər ki, dahi şəxsiyyət ictimai-siyasi həyatın bütün sahələrini fəth etmişdi. Bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran, dövlət idarəçiliyini öz fəaliyyəti ilə diktə edən nadir şəxsiyyətlərdən biri idi. Heydər Əliyev məhz güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimidir. Onun ən böyük gücü dərin, həm də universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, ən böyük siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi.

 

Trend.az