Dağlıq Qarabağ və Azərbaycanın işğal altında olan digər ərazilərinin adı erməni dilində “Dağlıq Qarabağ Respublikası” kimi göstərilib
“Beynəlxalq axtarış sistemi olan “Google”nin “Google maps” xəritəsində Azərbaycana qarşı daha bir təxribata yol verilib”.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsindən APA-ya verilən məlumata görə, iyunun 18-dən etibarən xəritədə Dağlıq Qarabağ və Azərbaycanın işğal altında olan ərazilərinin adı erməni dilində “Dağlıq Qarabağ Respublikası” kimi göstərilib. Respublika Seysmoloji Xidmət Mərkəzi bəyan edib ki, mərkəz öz rəsmi saytında əksər ölkələrin seysmoloji təşkilatları kimi Google Maps-ın xəritəsindən istifadə edir: “Beynəlxalq axtarış sistemi tərəfindən Azərbaycan Respublikasına və onun ərazilərinə qarşı bu cür təxribatların edilməsi bizi ciddi narahat edir və xəritədə ölkəmizə qarşı bu cür təxribat xarakterli dəyişikliklər edilməsi RSXM tərəfindən qəti şəkildə pislənir”.
O da qeyd edilib ki, bu “Google” tərəfindən edilən birinci təxribat deyil: “Bundan əvvəl də belə hallar baş verib və tərəfimizdən təkidli müraciətlərdən sonra xəritədən Azərbaycan ərazilərinin erməni dilində göstərilməsi çıxarılmışdı.
Təəssüf hissi ilə bildirmək istəyirik ki, “Google” tərəfindən vaxtaşırı olaraq bu cür təxribatlara yol verilir”.
Apa.az