Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın növbəti iclası keçirilmişdir

Posted by

Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın növbəti iclası keçirilmişdir

Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın növbəti iclası keçirilmişdir

Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın növbəti iclası keçirilmişdir

Mayın 8-də Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş növbəti iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

“Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusuna həsr olunmuş iclasda çıxış edən gənclər və idman naziri Azad Rəhimov qeyd etmişdir ki, Şuranın bu iclası daha əlamətdardır. Çünki bu tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə eyni vaxta təsadüf edir. Nazir dahi rəhbər Heydər Əliyevin gənclərə daim diqqət göstərdiyini, onların problemlərinin həlli üçün mühüm işlər gördüyünü demişdir.

A.Rəhimov Ulu Öndərin müəllifi olduğu dövlət gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır. 2016-cı ildə Gəncənin “Avropanın gənclər paytaxtı” seçilməsinin Azərbaycanda aparılan gənclər siyasətinin beynəlxalq səviyyədə tanınmasının nəticəsi olduğunu deyən nazir dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkədə gənclərə göstərilən diqqətdən danışmışdır. Bildirilmişdir ki, on il əvvəl Azərbaycanda 51 gənclər təşkilatı var idisə, bu gün onların sayı 250-ni keçmişdir. Prezident İlham Əliyev gənclərin dövlət quruculuğunda fəal iştirakını zəruri sayır. Bu da gənclərə diqqətin daha da artacağından xəbər verir. Nazir bu baxımdan 2014-cü il gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında dövlətimizin başçısının Sərəncamının əhəmiyyətini yüksək qiymətləndirmişdir.

Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev 1994-cü ildən etibarən fəaliyyət göstərən Şuranın əsas məqsədinin dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı qərarların qəbulu prosesində gənclərin qeyri-hökumət təşkilatlarının (ictimai birliklər və fondlar) iştirakını təmin etmək olduğunu bildirmişdir.

Xalqımızın ulu öndəri Heydər Əliyevin ölkəmizdə dövlət gənclər siyasətinin əsasını qoyduğunu diqqətə çatdıran N.Mehdiyev Azərbaycan Gəncləri Gününün təsis edilməsini dahi rəhbərin gənclərimizə hədiyyəsi olduğunu diqqətə çatdırmışdır. O, Azərbaycan gəncliyinin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin əsas hədəflərindən biri olduğunu diqqətə çatdırmışdır. Azərbaycan gəncliyi hər zaman olduğu kimi, bu gün də bu siyasəti dəstəkləyir.

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri, Milli Məclisin deputatı Fuad Muradov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının baş katibi Seymur Hüseynov, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərova da çıxışlarında ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin uğurla reallaşdırılması nəticəsində əldə edilmiş nailiyyətlərdən danışmışlar.

İclasa yekun vuran Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün Azərbaycan cəmiyyətinin ən avanqard hissəsi olan gənclərin ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünü geniş qeyd etdiklərini diqqətə çatdırmışdır.

Bildirilmişdir ki, bu, təsadüfi deyildir. Çünki ölkəmizdə digər sahələr kimi, dövlət gənclər siyasətinin də təməlini xalqımızın ümummilli lideri Heydər Əliyev qoymuşdur.

Prezident Administrasiyasının şöbə müdiri ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət gənclər siyasətinin uğurlarından, bu kursu qətiyyətlə davam etdirən Prezident İlham Əliyevin gəncləri hər zaman diqqət mərkəzində saxladığından danışmışdır. Azərbaycan gəncliyi məsələsinin son illərdə ölkəmizdə həyata keçirilən bütün dövlət proqramlarında diqqət mərkəzində saxlandığını vurğulayan Əli Həsənov gənclərin milli mənəvi dəyərlər ruhunda yetişməsi, istedadlı gənclərə xüsusi qayğının göstərilməsi, gənclərin sağlamlığının qorunması, məşğulluqlarının təmin edilməsi, gənc ailələrə və gənclər təşkilatlarına dövlət dəstəyinin artırılmasını dövlət gənclər siyasətinin əsas istiqamətlərindən olduğunu diqqətə çatdırmışdır.

 

AzərTac.az