Gənclər Fondu 6-cı qrant müsabiqəsinə yekun vurdu

Posted by

Gənclər Fondu 6-cı qrant müsabiqəsinə yekun vurdu Gənclər Fondu 6-cı qrant müsabiqəsinə yekun vurdu

Gənclər Fondu 6-cı qrant müsabiqəsinə yekun vurdu

 

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

 

Trend-in məlumatına görə, yığıncağın gündəliyinə 6-cı qrant müsabiqəsi çərçivəsində təqdim olunmuş layihələrin müzakirəsi, Fond tərəfindən maliyyələşdirilən layihələrin monitorinqi qaydalarının təkmilləşdirilməsi və digər məsələlər daxil edilib.

 

Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov 6-cı qrant müsabiqəsi barədə məlumat verərək bildirib ki, 2014-cü il sentyabrın 5-dən oktyabrın 20-dək Fonda “A” (yerli layihələr), “B” (beynəlxalq layihələr) və “C” (fiziki şəxslərin layihələri) kateqoriyaları üzrə 1248 layihə təklifi daxil olub. Oktyabr ayının üçüncü ongünlüyü və noyabr ayı ərzində layihələr Fondun aparatının əməkdaşları tərəfindən sistemləşdirilib, hər biri haqqında annotasiya hazırlanıb, 500-dək müraciətçi ilə görüşlər keçirilib.

 

Müşahidə Şurasının üzvləri əvvəlki müsabiqələr çərçivəsində maliyyələşdirilmiş layihələrin hesabatlarını indiyədək təqdim etməmiş gənclər təşkilatlarının və fiziki şəxslərin müraciətlərinə baxılmaması barədə razılığa gəliblər. Digər təkliflər qiymətləndirilərkən, ilk növbədə, ictimai əhəmiyyət kəsb edən, gənclərin fiziki, intellektual və mənəvi inkişafına xidmət edən, real icra planı və büdcəsi olan layihələrə üstünlük verilib.

 

Aparılan müzakirələr nəticəsində “A” kateqoriyası üzrə 137 layihədən 103-ü, “B” kateqoriyası üzrə 24 layihədən 13-ü, “C” kateqoriyası üzrə 1087 layihədən 292-nin dəstəklənməsi məqsədəuyğun sayılıb. Barələrində müsbət qərar qəbul olunmuş 408 layihənin maliyyələşdirilməsi üçün Fond tərəfindən 2 086 100 manat vəsaitin ayrılması nəzərdə tutulub (həmin layihələrin siyahısı 2014-cü il dekabrın 9-da Fondun rəsmi internet səhifəsində yerləşdiriləcək).

 

İclasda Fond tərəfindən maliyyələşdirilən layihələrin monitorinqinin təkmilləşdirilməsi ilə bağlı məsələ müzakirəyə çıxarılıb. Şura üzvü Nurəddin Mehdiyev “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilmiş layihələrin monitorinqinin aparılması Qaydaları”na bir sıra əlavə və dəyişikliklər təklif edib. Müzakirələrdən sonra həmin təkliflər qəbul olunub.

 

Fondun icraçı direktoru Fərhad Hacıyev erməni diasporuna qarşı mübarizənin effektivliyinin artırılması istiqamətində daha təsirli və ardıcıl tədbirlərin görülməsinin vacibliyini vurğulayıb, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və azərbaycanlılara qarşı soyqırımların araşdırılması ilə bağlı xarici tədqiqatçılar və tələbələr üçün qrant müsabiqələrinin keçirilməsinin zəruri olduğunu qeyd edib. Bu məqsədlə xüsusi kateqoriyanın müəyyən edilməsi və ya mövcud olanlardan birinin yenisi ilə əvəz olunması barədə təkliflər səslənib, Müşahidə Şurası tərəfindən qəbul edilmiş sənədlərə müvafiq əlavə və dəyişikliklərin layihəsinin hazırlanması üçün Şura üzvləri və Fondun əməkdaşlarından ibarət tərkibdə işçi qrupu yaradılıb. Yeni kateqoriya üzrə müsabiqənin 2015-ci ilin əvvəllərində elan edilməsi qərara alınıb.

 

Gündəlikdəki məsələlərlə bağlı müzakirələrdə Müşahidə Şurasının üzvləri İntiqam Babayev, Ceyhun Bayramov, Nazim Səmədov, Cavid Məmmədov, Şahin İsmayılov və Şahin Seyidzadə iştirak ediblər.

 

Trend.az