Gernot Erler: Azərbaycan region ölkələri üçün örnək ola bilər

Posted by

Gernot Erler: Azərbaycan region ölkələri üçün örnək ola bilər

Gernot Erler: Azərbaycan region ölkələri üçün örnək ola bilər

Gernot Erler: Azərbaycan region ölkələri üçün örnək ola bilər

Berlində, “Alman Parlament Cəmiyyəti”ndə dalbadal ikinci ildir Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın dəstəklənməsinə dair Almaniya-Azərbaycan simpoziumu keçirilir. Tədbir Azərbaycanın ən müasir tarixində faciəli günə – Ermənistan və Azərbaycan arasında Qarabağ müharibəsinin ən qanlı səhifəsinə çevrilmiş, 600-dən çox din azərbaycanlının, o cümlədən qocaların, qadınların və uşaqların həyatına son qoymuş Xocalı qırğınına həsr olunmuşdur.

Azərbaycanın AFR-dəki səfirliyinin və Alman-Azərbaycan Forumunun birgə təşkilatçılığı ilə bu yaxınlarda Berlində keçirilmiş simpoziumda (AzərTAc bu barədə fevralın 13-də məlumat vermişdir: http://azertag.com/node/1191841) Azərbaycanın və Almaniyanın siyasi isteblişmentinin çoxlu sayda yüksək vəzifəli nümayəndəsi, o cümlədən Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Almaniya İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin parlament dövlət katibi Kristian Şmidt, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidenti və Almaniyanın bu qurumdakı nümayəndə heyətinin başçısı Aksel Fişer, Almaniyanın ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin başçısı Doris Barnet, hakim Xristian-Demokrat İttifaqından deputat Marko Vandervits, “FOCUS” nəşriyyatının Moskva bürosunun başçısı Boris Raytşuster, habelə diplomatik korpusun və Berlin ekspert cəmiyyətinin çoxsaylı nümayəndələri iştirak etmişlər.

AFR XİN-in Rusiya, “Şərq tərəfdaşlığı” Proqramı, habelə Mərkəzi Asiya ölkələri ilə ictimai-siyasi əməkdaşlıq üzrə əlaqələndiricisi, sosial-demokrat Gernot Erlerin ənənəvi diplomatik qaydalara uyğun nitqdən daha çox Cənubi Qafqazın geosiyasi reallıqlarının elmi təhlilinə bənzəyən çıxışı tədbir iştirakçıları tərəfindən xüsusi diqqətlə qarşılanmışdır. Ukrayna Prezidenti Viktor Yanukoviçin Aİ ilə assosiasiya barədə müqaviləni imzalamaqdan imtina etməsini nəzərdə tutan almaniyalı siyasətçi bildirmişdir ki, “Şərq tərəfdaşlığı” Proqramına üzv olan ölkələrin Vilnüs zirvə görüşündə Aİ-nin Şərq siyasətinə zərbə vurulmuşdur. G.Erlerin sözlərinə görə, bu zərbənin nəticələri Avropa İttifaqının Cənubi Qafqaz ölkələri ilə münasibətlərinə də təsir göstərəcəkdir. O demişdir: “Aydındır ki, Avropa İttifaqı və Gömrük İttifaqı bir-biri ilə rəqabət aparan iki inteqrasiya məkanı kimi qəbul edilir”.

Ukraynaya gəldikdə elə vəziyyət yaranmışdı ki, Kiyevin qarşısında ya Aİ, ya da Gömrük İttifaqı seçimi qoyulmuşdu. Almaniyalı siyasətçi demişdir: “Yalnız sonuncu Rusiya-Aİ zirvə görüşündə mütəxəssislərə belə bir suala cavab tapmaq tapşırılmışdır: “İki inteqrasiya məkanı arasında belə qəti seçimin alternativi həqiqətənmi yoxdur?”.

G.Erler xatırlatmışdır ki, Vilnüs zirvə görüşündə Gürcüstan imzalanması bu ilin yayına nəzərdə tutulan Aİ ilə assosiasiya barədə müqaviləni paraflamışdır. O demişdir: “Rusiya rəhbərliyi həmin sazişin Gürcüstanla imzalanmasına Ukraynadakı kimi mane olmağa çalışsa, onda vəziyyətin artıq bilavasitə Azərbaycan sərhədlərinin yaxınlığında yenə də gərginləşəcəyini gözləmək olar”. G.Erlerin fikrincə, belə olan halda yenə də Gürcüstan mallarının Rusiya bazarlarına ixracında problemlər yaranacaq, habelə Gürcüstan vətəndaşları barəsində viza siyasəti sərtləşdiriləcəkdir. Almaniyalı siyasətçi fikrini bu sözlərlə tamamlamışdır: “Hadisələrin belə gedişatı Tbilisi ilə Moskva arasında münasibətlərin normallaşması prosesini mütləq pozacaqdır”.

Aİ “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində Bakı ilə də danışıqlar aparır. Bütövlükdə Avropaya inteqrasiya xətti götürən Azərbaycan eyni zamanda öz siyasətinin digər vektorlarına da böyük əhəmiyyət verir ki, bunlar arasında da ən mühümü Rusiya ilə münasibətlərdir. Unutmaq olmaz ki, Rusiya Azərbaycana malların əsas ixracatçısıdır. O, bu göstərici üzrə istər Türkiyəni, istərsə də Aİ-ni qabaqlayır. Bakı ilə Moskva arasında ticarət münasibətləri Rusiya hərbi texnikasının və silahlarının alınmasına dair iri sazişləri də ehtiva edir. Dağlıq Qarabağ münaqişəsinin həllinin açarının Moskva olduğuna işarə edən G.Erler demişdir: “Özü də Azərbaycan başa düşür ki, dövlətin bir nömrəli probleminin həlli – respublikanın ərazi bütövlüyünün bərpası Rusiyasız mümkün deyildir”.

Azərbaycanın Avropa İttifaqına təbii qaz idxalı mənbələrini şaxələndirmək imkanı verən Cənub qaz dəhlizi layihəsinin icrasını dəstəkləmək qərarını yüksək qiymətləndirən G.Erler bildirmişdir ki, bu qərar Azərbaycanın Avropa yönümlü mühüm addımı olmuşdur. Lakin o əmindir ki, Rusiya “Şahdəniz-2” layihəsindəki Azərbaycan qazını almaq cəhdlərini gələcəkdə davam etdirəcəkdir.

Almaniyalı diplomat vurğulamışdır ki, Tbilisinin Qərb istiqamətində, Yerevanın isə Gömrük İttifaqı istiqamətində birtərəfli siyasət yeritdikləri bir vaxtda, Bakı bu iki istiqaməti birləşdirmək prinsipinə söykənən inamlı siyasət yeridir. Belə bir siyasəti yalnız güclü və öz imkanlarına əmin olan bir dövlət yeridə bilər. G.Erler demişdir: “Qeyd edək ki, Bakı Aİ ilə assosiasiya haqqında saziş imzalamaqdan daha çox Brüssel ilə “imtiyazlı tərəfdaşlıq” barədə saziş imzalamağa can atır. Daha dəqiq desək, söhbət modernləşdirməyə dair strateji tərəfdaşlıqdan gedir”.

G.Erlerin fikrincə, Azərbaycanın iki inteqrasiya məkanının dinc yanaşı yaşamasının dəstəklənməsinə yönəlmiş xarici siyasəti regionun digər ölkələri üçün örnək ola bilər. AFR XİN-in Rusiya, “Şərq tərəfdaşlığı” Proqramı, habelə Mərkəzi Asiya ölkələri ilə ictimai-siyasi əməkdaşlıq üzrə əlaqələndiricisi G.Erler sonda demişdir: “Aİ ilə Rusiya ilə arasında gərginliyin güclənməsi regiondakı vəziyyəti yalnız gərginləşdirəcək, məsələn, Dağlıq Qarabağ münaqişəsini dərinləşdirəcəkdir. Konturları Cənubi Qafqaz ərazisindən keçəcək yeni soyuq müharibənin qarşısını almaq lazımdır”.

 

AzərTac.az