Fransa şirkəti Bakının daimi su ilə təchizatı üçün təkliflər hazırlayıb
“SuezEnvironnement” (Fransa) şirkəti Bakı şəhərinə daimi suyun verilməsi məqsədilə “Azərsu” ASC (Azərbaycan) üçün təkliflər hazırlayıb.
Bu barədə “APA-Economics”ə “SuezEnvironnement” şirkətinin beynəlxalq inkişaf üzrə baş vitse-prezidenti Fransua Karmantrad məlumat verib.
Onun sözlərinə görə, şirkət “Azərsu” ilə müntəzəm danışıqlar aparır. 2012-ci ilin sentyabr-oktyabr aylarında Bakıda keçirilən audit əsasında uzunmüddətli əməkdaşlıq üçün təkliflər paketi hazırlanıb. Gələn həftə Fransa şirkətinin nümayəndələri danışıqların davam etdirilməsi üçün Bakıya gələcəklər.
Təkliflər paketi 2015-ci ildə keçiriləcək I Avropa Olimpiya Oyunlarına qədər Bakının daimi su ilə təmin olunmasını, eləcə də suyun keyfiyyəti üzrə laboratoriyanın tətbiqini və personal üçün treninq mərkəzinin yaradılmasını nəzərdə tutur.
F.Karmantrad qeyd edib ki, Bakının su ilə təchizatının əsas problemi su sızıntısıdır: “Bakının su təchizatının yaxşılaşdırılmasında əməkdaşlıq məsələsi Azərbaycan və Fransanın ən yüksək rəhbərlikləri səviyyəsində müzakirə olunub. Bizim lazımi təcrübəmiz var və onu Azərbaycanla bölüşmək istəyirik. Əməkdaşlığımız üçün formal çərçivələr müəyyənləşdirmək qalır”.
Qeyd edək ki, su təchizatı, su və tullantıların emalı sahəsində təcrübəyə malik SuezEnvironnement” şirkəti dünyanın 70 ölkəsində fəaliyyət göstərir.
Apa.az