FHN 2014-cü ilin I rübündə Azərbaycanda baş verən fövqəladə hadisələrin statistikasını açıqlayıb
Təbii və texnogen hadisələr nəticəsində 23 nəfər ölüb, 55 nəfər xəsarət alıb
Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) 2014-cü ilin I rübündə respublikada baş verən fövqəladə hadisələrin statistikasını açıqlayıb.
FHN-dən APA-ya verilən məlumata görə, 2014-cü ilin I rübü ərzində respublika ərazisində 16 partlayış hadisəsi baş verib ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 4 hadisə və ya 33% çoxdur. Partlayışlar zamanı 5 nəfər həlak olub, 26 nəfər xəsarət alıb.
Hesabat dövründə baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 2064 çıxış edilib. Yanğın hadisələri zamanı 16 nəfər həlak olub, 28 nəfər xəsarət alıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanların sayı 5 nəfər və ya 24% az, xəsarət alanların sayı isə 5 nəfər və ya 22% çoxdur.
2014-cü ilin I rübü ərzində respublika ərazisində 2129 təbii və texnogen mənşəli hadisə baş verib.
Bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 624 hadisə və ya 41% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 23 nəfər ölüb, 55 nəfər xəsarət alıb, nazirliyin xilasediciləri tərəfindən 7 nəfər xilas edilib.
Apa.az