FEI Baş Assambleyasının iştirakçıları “Qala” qoruğunda olublar

Posted by

FEI Baş Assambleyasının iştirakçıları "Qala" qoruğunda olublar FEI Baş Assambleyasının iştirakçıları “Qala” qoruğunda olublar

FEI Baş Assambleyasının iştirakçıları "Qala" qoruğunda olublar

Beynəlxalq Atçılıq Federasiyasının Baş Assambleyasının (FEI) iştirakçıları Bakıdan 40 dəqiqəlik məsafədə, Abşeron yarımadasının eyniadlı kəndində yerləşən “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna çox maraqlı səyahət ediblər.

 

Trend-in məlumatına görə, qonaqlar qoruqda gördüklərindən böyük zovq aldıqlarını və qədim Azərbaycan haqqında faydalı məlumat əldə etdiklərini bildiriblər.

 

Çexiya Atçılıq Federasiyasının nümayəndəsi Luiza Spivokova deyib ki, “Qala” qoruğunda tarixi ekspozisiya müasir kontekstə köçürülüb: “Mən Azərbaycanın qədim tarixi haqqında çox şey öyrəndim. Qoruğun unikallığı ondan ibarətdir ki, təkcə klassik muzey kimi fəaliyyət göstərmir, həm də Azərbaycan xalqının mədəniyyəti və ənənələri haqqında məlumat almaq üçün əhəmiyyətli məkandır”.

 

Hindistan Atçılıq Federasiyasının baş katibi Cakat Sinx də “Qala” qoruğundan böyük təəssüratlarla ayrıldığını bildirib: “Biz gördük ki, evlər qədimdə necə olub, orta əsr ocağı, təndir çörəyi bişirmək üçün soba necə hazırlanıb. Həm varlı, həm də kasıb insanın evinin içərisi necə olub. Saxsı qabların, xalçaların, mebellərin və bəzək əşyalarının nadir nümunələri, xüsusilə, dolğun qaya rəsmləri məni xeyli təəccübləndirdi”.

 

Malayziya Atçılıq Federasiyasının icraçı katibi Maj Yap Моу Sun isə qeyd edib: “Bu qoruğa ekskursiya xatirimdə daha uzun müddət qalacaq və öz ölkəmə qayıdandan sonra “Qala” haqqında mütləq dostlarıma danışacağam. Bu qoruq bəşəriyyətin həm yaranma dövrünün, həm də qədim Azərbaycan əhaslinin maddi və mənəvi mədəniyyətinin öyrənilməsi üçün zəngin mənbədir. Burada qədim azərbaycanlıların yüksək məişət mədəniyyətini gördük. Bu elə bir amildir ki, sizin xalq bununla fəxr edə bilər”.

 

İngiltərə Atçılıq Federasiyasının nümayəndəsinin sözlərinə görə, “Qala” ölkədə turizmin inkişafı üçün çox mühüm mədəniyyət ocağıdır. O bildirib ki, muzey ərazisində yerləşən yaşayış və təsərrüfat yerləri turistlərdə Azərbaycan xalqının həyat tərzi və mədəniyyətinin bütün zənginliyi haqqında əyani təsəvvür yaratmağa imkan verir: “Avropalılar və amerikalılar ekzotika axtarmaq üçün dünya boyunca səyahət edirlər. Hamıya danışmaq lazımdır ki, Azərbaycanda belə qoruq mövcuddur”.

 

Koreya Respublikası Atçılıq Federasiyasının baş katibi Kim Conq Çan isə belə gözəllik görmədiyini bildirib: “Mən elə bil ki, bir çox əsr əvvələ qayıtdım. Həmişə hesab etmişəm ki, nəinki eksponatları, hətta əcdadlarımızın həyat tərzini, məişətini, ayinlərini, bayramlarını duya bilmək, göstərmək lazımdır. “Canlı tarix” və ya necə deyərlər, “əllərlə tarixi araşdırmaq” maraqlıdır və “Qala” qoruğu bu gün tamaşaçılara məhz bunu təklif edir. Bu qoruq tarixi öyrənmək və mənəvi istirahət üçün gözəl məkandır”.

 

Qeyd edək ki, dekabrın 11-14-də Bakıda Azərbaycan Atçılıq Federasiyasının (ARAF) dəvəti ilə Bey­nəlxalq Atçılıq Federasiyasının ali orqanı olan Baş Assam­bleyanın illik iclası keçirilib. İclasda Beynəlxalq Atçılıq Federasiyasının 350-dən çox nümayəndəsi və 110 ölkədən fəxri qonaqlar iştirak ediblər. Bu, indiyədək keçirilmiş Baş Assambleyalar tarixində re­kord göstəricidir.

 

Baş Assambleyada, həmçinin Beynəlxalq Atçılıq Federasiyası yeni prezidentinin seçkiləri keçirilib. 2006-cı ildən Beynəlxalq Atçılıq Federasiyasının (FEI) prezidenti olan İordaniya Şahzadəsi xanım Haya Bint Al Hüseyn növbəti dəfə prezidentliyə namizədliyini irəli sürməyib. Səsvermə nəticəsində federasiyanın hazırkı baş katibi İnqmar de Vos FEI-nin yeni prezidenti seçilib.

 

Baş Asambleya çərçivəsində ARAF tərəfindən Bakıda “Mangal Steak House” restoranında Beynəlxalq Atçılıq Federasiyası Baş Assambleyası iştirakçılarının şərəfinə “Azərbaycana xoş gəlmişsiniz!” adlı qala-ziyafət təşkil olunub. Bayram gecəsinin qonaqlarına Azərbaycan milli mətbəxinin nəfis təamları təqdim olunub. Gecədə xalq musiqisi, muğam və rəqs kollektivlərinin iştirakı ilə konsert proqramı keçirilib.

 

İordaniya Şahzadəsi xanım Haya Bint Al Hüseyn də FEI-nin Bakıda keçirilən Baş Assambleyasının iştirakçılarının şərəfinə “Dağüstü Park Cafe”də xüsusi kokteyl-gecə təşkil edib.

 

“Buta Palace”-da Beynəlxalq Atçılıq Federasiyası və ARAF tərəfindən birgə tədbirin qala-gecəsi təşkil olunub. Qala-gecədə ilin ən yaxşı idmançısı, məşqçisi, mehtəri, komandası, gənc idmançısı və s. kimi nominasiyalar üzrə təltifetmə mərasimi keçirilib.

 

Bundan əlavə, qonaqların Bakı şəhəri ilə yaxından tanış olması məqsədi ilə dekabrın 11, 12, 13-də şəhər turları təşkil olunub. Gəzintilər Xalçaçılıq Muzeyini, Dövlət Bayrağı Meydanını, Heydər Əliyev Mərkəzini və “Qala” Tarixi Muzey Kompleksini əhatə edib.

 

Trend.az