Çexiya Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlığın inkişafında maraqlıdır
İyunun 3-də Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Çex Respublikasının xarici işlər naziri Lubomir Zaoralek ilə görüşmüşdür.
AzərTAc xəbər verir ki, ikitərəfli və geniş tərkibli görüşdən sonra nazirlər mətbuat konfransı keçirmişlər.
Elmar Məmmədyarov görüşdə çexiyalı həmkarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verdiyini bildirmişdir.
O demişdir ki, müzakirələr zamanı Azərbaycan-Çexiya əlaqələrinin inkişaf perspektivləri diqqət mərkəzində olmuşdur. Diqqətə çatdırılmışdır ki, ölkələrimiz arasında təhsil, turizm, iqtisadiyyat, enerji, nəqliyyat sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı danışıqlar aparılır. Hazırda Çexiyada 220 tələbənin təhsil aldığını deyən E. Məmmədyarov gələcəkdə bu rəqəmin daha da artırılması üçün müzakirələrin aparıldığını vurğulamışdır.
Nazir Lubomir Zaoralek Çexiyanın Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlığın inkişafında maraqlı olduğunu söyləmişdir.
Lubomir Zaoralek azərbaycanlı iş adamlarını bu ölkənin iqtisadiyyatına investisiyalar qoymağa dəvət etmişdir. O, həmçinin bildirmişdir ki, Çexiya şirkətləri Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji layihələrində iştirak etməyə, xüsusilə “TANAP” layihəsinə qoşulmağa böyük maraq göstərirlər.
AzərTac.az