Ermənilərin girov götürdüyü azərbaycanlıların məsələsi Milli Məclisdə müzakirə olunub

Posted by

Ermənilərin girov götürdüyü azərbaycanlıların məsələsi Milli Məclisdə müzakirə olunubDeputat: “Biz Avropa İnsan Haqları Məhkəməsinə və Avropa Şurası işgəncələr əleyhinə komitəyə müraciət etməliyik”

Ermənilərin girov götürdüyü azərbaycanlıların məsələsi Milli Məclisdə müzakirə olunub

Azərbaycan parlamentinin bu gün keçirilən iclasında Ermənistan tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin üzərində ötən gün keçirilən “məhkəmə” gündəmə gətirilib.

 

APA-nın məlumatına görə, iclasda Avropa İnsan Haqları Məhkəməsinə, digər təşkilatlara müraciət edilməsi və onların hüquqlarının müdafiəsinin təşkil olunması təklif olunub.

 

Deputat Fazil Mustafa bildirib ki, separatçı rejim qondarma məhkəmə keçirsə də, Rusiyadan olan, beynəlxalq aləmdə tanınan vəkillər onların müdafiəsini təşkil edə bilər. O qeyd edib ki, ötən gün Bəhruz Məmmədov adlı bir vəkil girovların müdafiəsi üçün əlindən gələni edə biləcəyini deyib: “Yalnız təhlükəsizliyinin təmin olunmasını istəyib. Azərbaycan separatçı rejimi tanımır, amma Rusiyadan olan vəkillər onların müdafiəsini təşkil edə bilər. Çünki Dilqəm Əsgərov Rusiya vətəndaşıdır”.

 

Deputat İqbal Ağazadə Milli Məclisin sədarətindən azərbaycanlı girovların hüquqlarının müdafiəsi üçün özünün deputat olaraq beynəlxalq təşkilatlar vasitəsilə göndərilməsini istəyib: “Onlar üzərində qondarma “məhkəmə” keçirilir. Biz heç olmasa çalışıb onların hüquqlarının normal müdafiəsini təşkil etməliyik. Bunun üçün nə lazımdırsa, mən hazıram. Lazımi beynəlxalq təşkilatlara bununla bağlı müraciətlər də göndərə bilərəm. Düşünürəm ki, onların hüquqlarının müdafiəsini təcili təşkil etməliyik”.

 

Deputat Qənirə Paşayeva çıxışında bildirib ki, azərbaycanlı girovlara orada ağır işgəncələr verilir: “Onlar üzərində oyuncaq bir “məhkəmə” keçirilir. Biz bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinə və Avropa Şurası işgəncələr əleyhinə komitəyə müraciət etməliyik. Onlara verilən işgəncələrlə bağlı lazımi beynəlxalq təşkilatlar qarşısında tələb qaldırmalıyıq. Əks halda, görünən odur ki, ermənilərin azərbaycanlı girovları buraxmaq niyyəti yoxdur”.

 

Vitse-spiker Bahar Muradova isə azərbaycanlı girovlar məsələsinin bu gün ağrılı və vacib olduğunu deyərək, onların üzərində qurulan “məhkəmə”ni hüquqi cəhətdən tanıyıb ora vəkil göndərilməsinin əleyhinə çıxıb.

 

Apa.az