Erməni saxtakarlığı ifşa olunur

Posted by

Erməni saxtakarlığı ifşa olunur

Erməni saxtakarlığı ifşa olunur

 

 

Erməni saxtakarlığı ifşa olunur

Dekabrın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunda bu elm müəssisəsinin yeni nəşri olan “Ermənistan toponimi və hay xalqı: saxtalaşdırmanın mənbələri” kitabının təqdimatı keçirilib.

 

AzərTAc xəbər verir ki, tədbirdə institutun direktoru, Milli Məclisin deputatı, hüquq üzrə fəlsəfə doktoru Aytən Mustafayeva ermənilərin zaman-zaman tarixi saxtalaşdırmaq cəhdlərindən, azərbaycanlı alimlərin erməni müəlliflərin ifşa olunmasında qətiyyətli addımlarından danışıb, rəhbərlik etdiyi elm müəssisəsində bu sahədə görülən işləri diqqətə çatdırıb.

 

Bildirilib ki, institutun milli təhlükəsizlik və erməni araşdırmaları şöbəsinin böyük elmi işçisi Abbas İslamovun rus dilində yazılmış “Ermənistan toponimi və hay xalqı: saxtalaşdırmanın mənbələri” kitabında ermənilərlə “hay”ların nə kimi əlaqəsinin olmasından, onların tarixi keçmişindən, yazı, dil və əlifbasından söz açılır, yazılı abidələri barədə geniş şərhlər verilir.

 

A.Mustafayeva vurğulayıb ki, yeni kitab arxiv sənədləri, tarixi abidələr əsasında, erməni ideoloqların başqa xalqların tarixini saxtalaşdırmasını sübut edən növbəti əsərdir. Kitabda göstərilən istiqamətlərin yeni mövzular açdığı, bu mövzuların alimlərimiz tərəfindən dərindən araşdırılmasına, öyrənilməsinə böyük ehtiyac olduğu bildirilib.

 

AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli bildirib ki, 2015-ci ildə ermənilər özlərinin qondarma “soyqırımı”nın 100-cü ildönümünü qeyd etməyə hazırlaşırlar. Ölkəmizdə buna qarşı ciddi işlər görülür. Artıq bununla bağlı beynəlxalq təşkilatlara müraciətlər edilib. Tarixi həqiqətləri sübut edən əsərlər yazılır, müxtəlif dillərə tərcümə olunaraq yayılır. “Ermənistan toponimi və hay xalqı: saxtalaşdırmanın mənbələri” kitabının bu işdə əhəmiyyətini qeyd edən İ.Həbibbəyli nəşrin Azərbaycan dilinə tərcümə olunmasının vacibliyini vurğulayıb.

 

Tədbirdə Milli Təhlükəsizlik Nazirliyi Xidmətinin rəhbəri, general-mayor Fərhad Vahabov erməni saxtakarlığına qarşı informasiya hücumunda yeni kitabın əhəmiyyətini və dəyərli mənbə olduğunu qeyd edib. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktlarının dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayan F.Vahabov erməni saxtakarlığını ifşa edən əsərlərin bu işdə böyük rolunu qeyd edib.

 

AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademiyanın müxbir üzvü Gövhər Baxşəliyeva, Bakı Dövlət Universitetinin professoru Anar İsgəndərov və başqaları kitabın real tarixi hadisələrin, faktların, xronikaların, fotosənədlərin, arxiv materiallarının dəyərləndirilməsi baxımından da maraq doğurduğunu diqqətə çatdırıb, layihənin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Bildirilib ki, ermənilərin məkrli siyasətinin, qəddarlığının dünya ictimaiyyətinə çatdırılması üçün bu cür kitabların yazılmasına və xarici dillərə tərcümə olunmasına ehtiyac var.

 

Sonda A.İslamov çıxış edərək əsərin yazılması prosesindən söz açıb, buradakı məlumatların faktlara, tarixi sənədlərə əsaslandığını diqqətə çatdırıb. Qeyd olunub ki, kitaba “Ön söz”ü İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva yazıb. Müəllif kitabın ərsəyə gəlməsində əməyi olanlara, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

 

AzərTac.az