Elmira Süleymanova Avropa Şurası Nazirlər Komitəsinin Demokratiya üzrə Məruzəçi Qrupunun nümayəndə heyəti ilə görüşüb
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova ölkəmizdə səfərdə olan Aleksandr Qesselin rəhbərlik etdiyi Avropa Şurası (AŞ) Nazirlər Komitəsinin Demokratiya üzrə Məruzəçi Qrupunun nümayəndə heyətini qəbul edib.
Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə fundamental insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyəti, QHT-lərin inkişafı, müvafiq qanunvericiliyin təkmilləşdirilməsi, bu qurumlarla əməkdaşlıq, penitensiar sistemdəki vəziyyət, habelə ölkədə milli preventiv mexanizmin fəaliyyəti ilə bağlı məsələlər müzakirə edilib.
Müvəkkil Ombudsman Aparatının nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası və onun müxtəlif qurumları ilə əməkdaşlıq etdiyini, insan hüquqları sahəsində işgüzar əlaqələrə daim önəm verdiyini vurğulayıb.
E. Süleymanova A.Qesselin vətəndaş cəmiyyəti və QHT-lərlə, bu qurumların qeydiyyatı ilə bağlı sualını cavablandıraraq, fəaliyyətə başladığı ilk vaxtlardan dövlət qurumları və beynəlxalq təşkilatlarla yanaşı, vətəndaş cəmiyyəti institutları ilə də səmərəli əməkdaşlıq əlaqələri yaratdığını söyləyib. QHT-lərin problemlərinin səlahiyyətli dövlət qurumları ilə müzakirə olunduğu, qanunvericiliyə edilən əlavə və dəyişikliklərin QHT-lərin daha səmərəli fəaliyyətinin təmin edilməsinə yönəldildiyi bildirib.
Görüşdə qeyd edilib ki, müvəkkil tərəfindən yaradılmış Milli Preventiv Qrup səmərəli fəaliyyət göstərir, azadlıqdan məhrumetmə yerlərinə, o cümlədən penitensiar müəssisələrə, müvəqqəti saxlama təcridxanalarına, habelə sosial obyektlər, ahıllar və əlillər üçün internat evləri və pansionatlara, psixiatriya xəstəxanalarına başçəkmələr həyata keçirir. Ombudsman Milli Preventiv Mexanizm qismində planlı və öncədən xəbərdarlıq etmədən başçəkmələr həyata keçirilərkən, həmin müəssisələrdə cəzaçəkən məhbuslarla görüşdüklərini, onların problemləri ilə tanış olduqlarını, saxlanılma şəraiti, tibbi xidmət və onlara qarşı rəftarla bağlı vəziyyəti öyrəndiklərini, lazım gəldikdə hüquqi məsləhət verildiyini diqqətə çatdırıb. MPM-in fəaliyyəti ilə bağlı hesabatların hazırlandığı, nəşr olunduğu, Müvəkkilin rəsmi saytında yerləşdirildiyi, ictimaiyyətə, beynəlxalq təşkilatlara, SPT, CPT, APT, habelə Avropa Şurasına, ATƏT-ə göndərildiyi bildirilib.
Qonağın sərbəst toplaşma azadlığının təmini vəziyyəti ilə əlaqədar sualına cavab olaraq, E. Süleymanova fəaliyyəti dövründə keçirilmiş seçkilərin Ombudsman və əməkdaşları tərəfindən müşahidəçi qismində izləndiyini, hər bir rayonda təşkil olunmuş çoxsaylı açıq və qapalı yerlərə baxışlar keçirildiyini, seçki prosesinin şəffaflığının daha da artırılması məqsədilə vətəndaşların, bu işə cəlb olunan qurumların nümayəndələrinin, polis əməkdaşlarının maarifləndirilməsinə önəm verildiyini və bu sahədə müəyyən işlərin görüldüyünü vurğulayıb. Fəaliyyət dövrü ərzində Azərbaycan Ombudsmanının hökumətə sərbəst toplaşma azadlığına dair təkliflərin də daxil olduğu, ümumən 460-dan artıq təklif verdiyi, bunların çoxunun öz həllini tapdığı nəzərə çatdırılıb.
Müvəkkil Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının uğurla icra edildiyi, müvafiq dövlət orqanları tərəfindən kompleks tədbirlərin həyata keçirildiyi, bu istiqamətdə vətəndaş cəmiyyəti təşkilatları ilə sıx əməkdaşlıq əlaqələrinin yaradıldığı vurğulanıb. Ombudsmanın respublikamızın hər bir rayonunda yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının, bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının və milli azlıqların nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr keçirdiyi bildirilib.
E.Süleymanova qeyd olunub ki, cəmiyyət inkişaf etdikcə qadınların fəallığının daha da artması müşahidə olunur, hazırda ölkəmizin qadınları idarəetmədə və qərar qəbuletmədə fəal iştirak edirlər. Bildirilib ki, yerli özünüidarəetmə orqanlarına seçilmiş namizədlərin ilk dəfə olaraq 35 faizdən çoxunu qadınlar təşkil edir.
Birgə əməkdaşlıq istiqamətlərindən bəhs edərkən, E. Süleymanova paytaxtda və bölgələrdə media nümayəndələri üçün AŞ ilə birgə insan hüquqlarına dair treninqlərin keçirilməsi, “İnformasiya əldə etmək haqqında” Qanunun icrasına nəzarətin həyata keçirilməsi sahəsində Ombudsmanın fəaliyyətinin təkmillədirilməsi, Avropa Şurası Azərbaycan üçün 2014-2016-cı illər üzrə Fəaliyyət Planına müvafiq olaraq, ifadə azadlığı, birləşmək azadlığı, jurnalistlərin hüquqlarının müdafiəsi mövzularında birgə dəyirmi masaların təşkili ilə bağlı təkliflər səsləndirib.
Görüşdə Avropa Şurası ilə Ombudsman Aparatı arasında qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Apa.az