Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Əlcəzairdə keçirilən XVII nazirlər konfransında çıxış edib
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Əlcəzairdə keçirilən XVII nazirlər konfransında iştirakı çərçivəsində Qoşulmama Hərəkatının Avropa Qrupundan sədr müavini qismində çıxış edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir çıxışında Avropa Qrupunun adından açılış nitqini söyləməkdən şərəf duyduğunu deyib. E.Məmmədyarov, görüşün beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan ədalətli, çiçəklənən, əmin-aman və təhlükəsiz dünya qurmaq səyləri istiqamətində böyük addım olacağına inandığını bildirib: “Bu məqsədlə Avropa Qrupu görüşün işinə töhfə vermək niyyətindədir. Əminik ki, bizim buradakı görüşümüz və onun nəticəsində qəbul edəcəyimiz yekun sənəd Hərəkatın prinsip və məqsədlərinə dəstək olaraq kifayət qədər hərtərəfli gündəliyi əks etdirir. Şübhəsiz ki, nəticədə o üzv dövlətlər tərəfindən həmrəylik ruhunda həyata keçiriləcək.
Bütün dünyada beynəlxalq sülhün və təhlükəsizliyin gücləndirilməsində böyük rol oynayacağına əmin olduğumuz Qoşulmama Hərəkatının prinsip və məqsədlərinə dəstək olaraq Avropa Qrupu siyasi məsləhətləşmələr və praktiki əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi istiqamətində Hərəkat çərçivəsində aktiv qarşılıqlı fəaliyyət göstərəcək”.
Apa.az