Elmar Məmmədyarov Çinin xarici işlər nazirini Azərbaycana səfərə dəvət edib

Posted by

Elmar Məmmədyarov Çinin xarici işlər nazirini Azərbaycana səfərə dəvət edibElmar Məmmədyarov Çinin xarici işlər nazirini Azərbaycana səfərə dəvət edib]

Elmar Məmmədyarov Çinin xarici işlər nazirini Azərbaycana səfərə dəvət edib

Çin Xalq Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ÇXR-in xarici işlər naziri Van İ ilə görüşüb.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə V.İ bu ilin may ayında Şanxayda keçirilmiş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Zirvə Toplantısında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ÇXR-in Sədri Si Cinpin arasında olan uğurlu görüşü qeyd edərək, dövlət başçılarının ikitərəfli münasibətlərə yüksək qiymət verdiyini və ölkələrimiz arasında əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müəyyən etdiklərini bildirib.

V.İ əlavə edib ki, Azərbaycanın xarici işlər naziri E.Məmmədyarovun Çinə rəsmi səfəri dövlət başçıları səviyyəsində əldə edilmiş razılaşmaların həyata keçirilməsi istiqamətində önəmli addımdır.

Nazir E.Məmmədyarov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin bu ilin mayında ÇXR-ə uğurlu səfərinin ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə verdiyini vurğulayıb. Azərbaycan Respublikasının bütün dövlətlərlə ikitərəfli əlaqələrinin təməlini qarşılıqlı hörmət və bərabərlik prinsiplərinin təşkil etdiyini deyən nazir ölkələrimiz arasında qurulmuş dostluq münasibətləri əsasında Azərbaycanın Çin ilə siyasi, iqtisadi-ticarət və humanitar sahələrdə əməkdaşlığın və parlamentlərarası əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. O, beynəlxalq təşkilatlar çərçivəsində də ölkələrimiz arasında olan əməkdaşlığın və qarşılıqlı dəstəyin məmnunluq doğurduğunu söyləyib.

Azərbaycan ilə əməkdaşlığın inkişafında ölkəsinin də maraqlı olduğunu deyən nazir V.İ ölkələrimiz arasında bütün səviyyələrdə məsləhətləşmələrin və mübadilələrin aparılmasının və iqtisadi-ticarət əməkdaşlığı üzrə hökumətlərarası komissiyanın fəaliyyətinin zəruriliyini diqqətə çatdırıb.

E.Məmmədyarov tikintisi başa çatmaq üzrə olan Bakı-Tbilisi-Qars dəmiryol xəttinin tarixi İpək Yolu üzrə yüklərin daşınması üçün əlverişli çatdırma imkanı yaradacağını qeyd edib və Transmilli Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi haqqında danışaraq, bu layihənin Avropa və Asiyanı birləşdirəcək genişmiqyaslı informasiya texnologiyası şəbəkəsi olacağını bildirib.

Nazir V.İ hələ 1998-ci ildə Böyük İpək Yolunun bərpası ilə bağlı Bakıda konfrans keçirildiyini xatırlayaraq, Azərbaycan və Çinin Avrasiya məkanının çiçəklənməsi üçün səylər göstərəcəyinə ümidvar olduğunu ifadə edib.

Görüş əsnasında E.Məmmədyarov həmkarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinin son vəziyyəti haqqında məlumat verərək, münaqişənin həlli üçün ilk növbədə Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasının zəruriliyini vurğulayıb.

V.İ ölkəsinin Azərbaycan Respublikasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyini anladığını, Çinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini və münaqişənin beynəlxalq hüququn prinsipləri və BMT qətnamələrinə uyğun olaraq, sülh yolu ilə həllinin tərəfdarı olduğunu və Çinin bu mövqeyinin prinsipial olduğunu bildirib.

Görüşdə diplomatik tədris müəssisələri arasında əməkdaşlıq, mədəniyyət günlərinin keçirilməsi, müqavilə-hüquq bazasının genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir E.Məmmədyarov həmkarı V.İni Azərbaycana rəsmi səfərə dəvət edib və nazir V.İ tərəfindən bu dəvət məmnuniyyətlə qəbul edilib.

 

Trend/az