“Elm haqqında” qanun layihəsi tam hazırdır
“Elm haqqında” qanun layihəsi parlamentin plenar iclasının müzakirələrinə tam hazırdır. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin yanvarın 29-da keçirilən iclasında komitə sədri Şəmsəddin Hacıyev deyib.
Onun sözlərinə görə, qanun layihəsi ilə bağlı heç bir müvafiq qurumlarla fikirayrılığı yoxdur: “Yanvar ayında qanun layihəsi ilə bağlı Maliyyə, Rabitə və Yüksək Texnologiyalar nazirliklərindən, Ali Attestasiya Komissiyasından və bir sıra nazirlik və dövlət qurumundan çox geniş rəy və tövsiyələr aldıq. Yanvar ayında komitə olaraq işimizi həmin rəy və tövsiyələr üzərində qurduq. Artıq heç bir qurumla bu qanun layihəsi ilə bağlı bizim aramızda fikirayrılığı yoxdur”.
Komitənin sədr müavini Bəxtiyar Əliyevin sözlərinə görə, bu qanunun qəbulu ilə elm və təhsilin vəhdəti yaranacaq: “Artıq ali təhsil müəssisələrimiz həm də bir elm ocağı kimi fəaliyət göstərəcəklər”.
Komitə üzvü Musa Qasımlı isə qeyd edib ki, bu qanun elmin inkişafına, həmçinin elm adamlarımızın sosial rifahının yüksəlməsinə öz müsbət töhfəsini verəcək, eyni zamanda, elmə yaxşı mənada rəqabət gətirmiş olacaq.
Trend/az