Elçin Quliyev Beynəlxalq Miqrasiya Təşkilatının Baş Direktorunu qəbul edib
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev DSX Aparatında Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Baş Direktoru Uilyam Svinqi qəbul edib.
Xidmətin mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, general-polkovnik E.Quliyev qonağa Azərbaycan sərhəd mühafizəsi sisteminin təşkili, DSX-nin təyinatı və tapşırıqları, əməliyyat şəraiti və mövcud təhdidlər barədə məlumat verib.
Azərbaycan Respublikasının sərhəd mühafizəsinin gücləndirilməsi, dövlət sərhəddindən buraxılış məntəqələrinin texniki imkanlarının yaxşılaşdırılması, DSX-nin təlim-tədris imkanlarının təkmilləşdirilməsində BMqT ilə birgə əməkdaşlıqda həyata keçirilən fəaliyyətlərin əhəmiyyəti xüsusi qeyd edilib.
Görüşdə dünyada və regionda baş verən hadisələrin miqrasiya proseslərinə və sərhəd təhlükəsizliyinə təsiri, yeni çağırışlar və cavab tədbirləri ilə bağlı fikir mübadiləsi aparılıb.
BMqT-nin Baş Direktoru Azərbaycan Respublikasının təhlükəsizlik sistemində DSX-nin önəmli yeri və rolu, ölkə sərhədlərinin etibarlı mühafizəsi üzrə həyata keçirilən tədbirləri, o cümlədən, cari ilin iyun ayında Bakıda keçirilmiş I Avropa Oyunları zamanı qurumun fəaliyyətini yüksək qiymətləndirib, miqrasiya məsələləri üzrə cavabdeh qurumlarla birgə fəaliyyətinin əhəmiyyətini vurğulayıb.
Tərəflər DSX ilə BMqT arasında əlaqələrin vəziyyətini yüksək qiymətləndirib və birgə əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə ediblər.
Trend.az