Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Lənkəranda vətəndaşları qəbul edib
Bu gün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində cənub bölgəsinin sakinlərini qəbul edib.
APA-nın yerli bürosunun məlumatına görə, komitənin şöbə və struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Lənkəranla yanaşı, Astara, Masallı, Lerik, Yardımlı və Cəlilabad rayonlarından 50-yə yaxın sakinin müraciəti dinlənilib.
Vətəndaşların müraciətlərinin mahiyyəti əsasən torpaq islahatı zamanı bəzi pay torpaqlarının bölüşdürülməsi, həyətyanı sahələrin, o cümlədən yaşayış massivinin meşə fondu ərazilərinə düşməsi, torpaq islahatı ilə bağlı müvafiq sənədlər xidməti qaydada tərtib edilərkən müəyyən texniki qüsurlara yol verilməsi və torpaqla bağlı digər məsələlərə aid olub.
Q.Məmmədov qəbulda səsləndirilən bütün müraciət və şikayətlərin qısa müddətdə icrası məqsədilə rəhbərlik etdiyi qurumun rayon və şəhər şöbələrinə rəsmi qaydada tapşırıqlarını verib. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara göndərilməkdən ötrü nəzarətə götürülüb.
Apa.az