Dürdanə Ağayeva: “CNN telekanalı işğalı və bəşəriyyətə qarşı cinayətləri dəstəkləməməlidir”

Posted by

Amerikada çıxan “The Jewish Journal” nəşrində Xocalı qırğınının canlı şahidi, o faciədən sonra sanki möcüzə sayəsində salamat qalmış Dürdanə Ağayevanın “CNN telekanalı işğalı və bəşəriyyətə qarşı cinayətləri dəstəkləməməlidir” sərlövhəli məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalənin müəllifi CNN telekanalının səyahətlər haqqında proqramının aparıcısı Entoni Burdeynin Azərbaycanın Ermənistan qoşunları tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionuna qanunsuz səfər etməsini pisləyir və Xocalı qırğınını öz gözləri ilə görmüş Azərbaycan qadınlarının Burdeynə açıq məktubunu oxuculara təqdim edir.

Məqalədə deyilir ki, Burdeynin səfər etdiyi Qarabağ regionu son 25 ildə Ermənistan qoşunlarının işğalı altındadır, telekanalın aparıcısının qanunsuz səfər etdiyi Şuşa şəhəri işğal edilənə qədər bu şəhərin bütün əhalisi azərbaycanlılar idi. 1992-ci ildə şəhər işğal edilərkən bu insanlar oradan qovulub. Ermənistan ordusu Şuşaya soxulanda bu şəhərdə yaşayan bütün azərbaycanlılar ya öldürülüb, ya da oradan qovulub. İşğal edilmiş və etnik təmizləmə aparılmış şəhərə getmək bu cinayətləri törədənlərin öz qeyri-qanuni rejimini reklam etməsinə və işğalı dəstəkləmələrinə imkan yaradır. D.Ağayeva yazır: “Mənim fikrimcə, özünə hörmət edən hər bir reportyor və telekanal işğalın bu cür ağır nəticələrini unutmamalıdır”.

1992-ci ildə Şuşanın yaxınlığında yerləşən Xocalı şəhərinin dinc azərbaycanlı sakinlərinə qarşı törədilmiş qırğında sanki möcüzə sayəsində salamat qalmış insanlardan biri olan, erməni əsirliyində dəhşətli işgəncələrə məruz qalmış D.Ağayeva Xocalı qırğınını öz gözləri ilə görmüş Azərbaycan qadınlarının Burdeynə açıq məktubunu oxuculara təqdim edir və qeyri-qanuni işğalın, etnik təmizləmənin qurbanları olmuş bir milyondan çox azərbaycanlı qaçqının düşdüyü ağır vəziyyətə diqqətlə yanaşmağı xahiş edir.

Məktubda deyilir ki, hərbi cinayətlər, etnik təmizləmə, mülki şəxslərə qarşı əsassız zorakılıq Azərbaycan Respublikasına qarşı Ermənistanın hələ də davam edən təcavüzünün ayrılmaz tərkib hissədir. 1991-1994-cü illərdə müharibənin aktiv fazası dövründə Xocalı şəhərinə hücum xüsusilə qəddar və faciəli hadisə olub. Məktubun müəllifləri yazırlar: “Biz, bu qırğından sonra salamat qalanlar və daha 7000 insan Azərbaycanın Dağlıq Qarabağ regionundakı Xocalı şəhərində dinc yaşayırdıq. 1991-ci ilin oktyabr ayından etibarən şəhər Ermənistan silahlı qüvvələri tərəfindən tam mühasirəyə alındı. 1992-ci il fevralın 26-da səhər tezdən şiddətli artilleriya zərbələrindən sonra Xocalıya hər tərəfdən hücum başlandı”.

Məktubda daha sonra Ermənistanın keçmiş müdafiə naziri, hazırda bu ölkənin prezidenti olan Serj Sarkisyanın britaniyalı jurnalist Tomas de Vaala müsahibəsindən məşhur sitat gətirilir. Ermənistan lideri həmin müsahibəsində Azərbaycanın dinc vətəndaşlarına qarşı məqsədyönlü zorakılıq törədilməsini və Xocalı qırğınında özünün də əli olmasını etiraf edir.

Məktubun sonunda müəlliflər vəziyyətin çox həssas xarakterini və bu insanların çoxunun keçirdiyi iztirabları nəzərə almağa çağırırlar. Onlar həm də Burdeyni Azərbaycanın işğal edilmiş və etnik təmizləmə aparılmış ərazilərində çəkilmiş kadrları öz verilişinə daxil etmək barədə qərarına yenidən nəzər salmağa çağırırlar.

Azərtac