Dünya Xəbər Agentlikləri Konqresi Şurası Bakı iclasının iştirakçıları Şamaxıda Cümə məscidi və rəsədxana ilə tanış olmuşlar

Posted by

Dünya Xəbər Agentlikləri Konqresi Şurası Bakı iclasının iştirakçıları Şamaxıda Cümə məscidi və rəsədxana ilə tanış olmuşlar

Dünya Xəbər Agentlikləri Konqresi Şurası Bakı iclasının iştirakçıları Şamaxıda Cümə məscidi və rəsədxana ilə tanış olmuşlar

Dünya Xəbər Agentlikləri Konqresi Şurası Bakı iclasının iştirakçıları Şamaxıda Cümə məscidi və rəsədxana ilə tanış olmuşlar

Xəbər verdiyimiz kimi, Dünya Xəbər Agentlikləri Konqresinin sədri, Səudiyyə Ərəbistanı Krallığının Səudiyyə Press Agentliyinin (SPA) prezidenti Abdullah bin Fəhd əl-Hüseyn, Böyük Britaniyanın “Press Association” Agentliyinin baş icraçı direktoru Klayv Marşall və digər qonaqlar mayın 31-də Şamaxıda Cümə məscidi və astrofizika rəsədxanası ilə tanış olmuşlar.

Şamaxı Cümə məscidinin axundu Dünya Xəbər Agentlikləri Konqresi Şurasının AzərTAc-ın ev sahibliyi ilə Bakıda keçiriləcək iclası çərçivəsində Azərbaycana səfərə gələn qonaqlara dini məbədin tarixi, burada aparılan bərpa və yenidənqurma işləri barədə məlumat vermişdir.

Diqqətə çatdırılmışdır ki, Azərbaycan ərazisində, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidi Xəlifə Xalid ibn Vəliyədin dövründə onun qardaşı Müslüm ibn Vəliyədin Azərbaycana gəlməsinin şərəfinə 743-cü ildə inşa olunmuşdur.

Xilafət ordularının məğlub etdiyi Xəzər xaqanı məhz bu məsciddə islam dinini qəbul etmişdir. 1859-cu ildə Qafqazın ən böyük quberniyalarından olan Şamaxıda baş verən dağıdıcı zəlzələ şəhəri alt-üst etdiyindən quberniyanın mərkəzi Bakıya köçürülmüşdür.

Zəlzələdən sonra məscidin bərpası əslən Şamaxıdan olan Qasım bəy Hacıbababəyova həvalə edilmişdir. 1902-ci ildə baş verən növbəti zəlzələ zamanı da məscid dağılmamış, yenə də təbiətin sərt sınağına davam gətirməyi bacarmışdır. Bundan sonra məscidin bərpasının əvvəlki özül üzərində aparılmasına qərar verilmişdir.

Bərpa işlərini əvvəl memar Zivərbəy Əhmədbəyov, sonra isə polşalı memar-mühəndis İozef Ploşko aparmışdır. Ploşkonun bir qədər fərqli və orijinal layihəsi əsasında aparılan bərpa işləri başa çatdırılmamışdır. Məscid tamamlanmamış halda belə öz əzəmətini qoruyub saxlamışdır.

1918-ci ildə silahlı erməni daşnak dəstələri tərəfindən törədilən mart qırğınları zamanı Şamaxıda da soyqırımı aktı həyata keçirilmişdir. Ən böyük qırğın Cümə məscidində törədilmişdir. Şamaxılıların Allah evi kimi məscidə sığındığını görən ermənilər burada yanğın törədərək təqribən 1700 günahsız insanı qətlə yetirmişlər. Sovet dövründə məlum səbəblərdən təyinatı üzrə istifadə edilməyən məscid məhv olmaq təhlükəsi ilə üzləşmişdir. Azərbaycanın bütün sahələrdə inkişafına, o cümlədən milli mənəvi dəyərlərimizin qorunmasına böyük diqqət və qayğı ilə yanaşan ulu öndər Heydər Əliyevin tapşırığı və təşəbbüsü ilə 1980-ci ildə bu tarixi abidə təmir olunmuşdur.

Bildirilmişdir ki, Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı: Azərbaycan” layihəsi çərçivəsində Şamaxı Cümə məscidində aparılan əsaslı bərpa və yenidənqurma işlərini Azərbaycan Prezidenti İlham Əliyev daim diqqətdə saxlamışdır. Dövlətimizin başçısı 2009-cu ilin noyabrında Şamaxıya səfəri çərçivəsində Cümə məscidində olmuş, böyük tarixi dəyəri və xalqımızın mənəvi dünyasında xüsusi yeri olan bu abidənin bərpasına qərar vermişdir.

Bununla əlaqədar Azərbaycan Prezidentinin 2009-cu ilin dekabrında və 2013-cü ilin fevralında imzaladığı sərəncamlarla müvafiq maliyyə vəsaiti ayrılmışdır. Bundan sonra məsciddə əsaslı bərpa və yenidənqurma işlərinə başlanmış, Azərbaycan tarixinin mühüm mərhələsini təşkil edən Şirvanşahlar paytaxtının şanlı memarlıq nümunəsinin yenidən xalqımızın mənəvi dünyasına qaytarılması istiqamətində yüksək təəssübkeşlik missiyası həyata keçirilmişdir.

Məsciddə eyni vaxtda 1500 nəfər ibadət edə bilər. Burada yaradılmış zəngin kitabxana da dindarların istifadəsinə verilmişdir.

Ümumilikdə, Şamaxı Cümə məscidi müstəqilliyin verdiyi imkanlardan maksimum bəhrələnən xalqımızın və Azərbaycan dövlətinin milli mənəvi dəyərlərə, dini etiqad və vicdan azadlığına yüksək və həssas münasibətinin bariz nümunəsidir.

Cümə məscidindən zəngin təəssüratlarla ayrılan qonaqlar Şamaxı Astrofizika Rəsədxanası ilə tanış olmuşlar.

Məlumat verilmişdir ki, dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən rəsədxana çətin müşahidə edilən Cənub səmasının öyrənilməsində üstünlüklərə malikdir.

Bu baxımdan Şamaxı Astrofizika Rəsədxanasında aparılan təmir və yenidənqurma işləri diqqəti cəlb edir. Azərbaycan astronomiya elmi Nəsirəddin Tusi tərəfindən XIII əsrdə Cənubi Azərbaycanda yaradılmış məşhur Marağa Rəsədxanası ilə şöhrət qazansa da, XX əsrdə milli astronomiya elminin inkişafında yeni əlamətdar mərhələ başlanmışdır. 1927-ci ildən Azərbaycanda astronomiya ekspedisiyaları fəaliyyət göstərmişdir.

Rəsədxana 1959-cu ildə Azərbaycanın tanınmış alimləri Həsən Əliyevin və Yusif Məmmədəliyevin təşəbbüsü ilə yaradılmış və 1960-cı ildə fəaliyyətə başlamışdır. Mütəxəssislərin rəyinə görə, burada aydın gecələrin sayı il ərzində 200-ə çatır.

Prezident İlham Əliyevin 2008-ci ilin sentyabrında və 2009-cu ilin iyulunda imzaladığı sərəncamlarla rəsədxananın maddi-texniki bazasının gücləndirilməsi və əsaslı təmir-tikinti işlərinin aparılması üçün dövlət büdcəsindən və Prezidentin ehtiyat fondundan ümumilikdə 8 milyon manat vəsait ayrılmışdır.

Rəsədxanada inzibati bina, sərgi və 110 nəfərlik mühazirə zalları, 6 teleskop binası, o cümlədən 2 metrlik əsas teleskopun binası yenidən qurulmuşdur.

İki metrlik əsas teleskopun yerləşdiyi binada yaradılan şəraitlə tanış olan qonaqlara məlumat verildi ki, bu bina ilə yanaşı, horizontal Günəş teleskopunun, 70 və 35 santimetrlik teleskopların, həmçinin alman teleskopunun binaları da əsaslı təmir olunmuşdur. Əsas teleskopun idarəetmə sistemi tam avtomatlaşdırılmışdır. Rəsədxananın bütün teleskoplarına müasir və yeni işıq qəbulediciləri alınmış, xüsusi kameralar və kriogen qurğusu quraşdırılmışdır.

Rəsədxana AMEA tərəfindən təsdiq olunmuş elmi proqram əsasında fəaliyyət göstərir. Proqram dünya elminin ən qabaqcıl və prioritet problemləri ilə uzlaşdırılmışdır. Rəsədxanada qalaktikanın, ulduzların, planetar dumanlıqların, Günəşin, planetlərin və kometaların müşahidəsi aparılır. Burada ulduzlar fizikası, Günəş sistemi cisimlərinin dinamikası və fizikası, həmçinin Günəş fizikası istiqamətində elmi işlər aparılır.

Şamaxı Astrofizika Rəsədxanası haqqında məlumat qonaqlarda dərin maraq doğurmuşdur.

 

AzərTac.az