DİN dövlət sirrinin yayılmasının qarşısının alınması ilə əlaqədar Prezident Administrasiyasına təkliflər təqdim edib
Dövlət sirrinin və hərbi məsələlərlə bağlı məlumatların yayılmasının qarşısının alınması ilə əlaqədar Daxili İşlər Nazirliyi (DİN) tərəfindən də təkliflər hazırlanıb və Azərbaycan Respublikası Prezidenti Administrasiyasına təqdim olunub. Bunu Trend-in sorğusuna cavab olaraq DİN-in mətbuat xidmətinin rəis müavini, polkovnik Ehsan Zahidov deyib.
Rəis müavini qeyd edib: “Müstəqilliyimizin ilk illərində – Silahlı Qüvvələrimizin hələ formalaşmadığı bir dövrdə milli müdafiə funksiyalarını həyata keçirən, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 1695 şəhid vermiş, 1710 nəfəri yaralanmış, 68 əməkdaşı “Milli Qəhrəman” adına layiq görülmüş daxili işlər orqanlarının əməkdaşlarına qarşı bəzi kütləvi informasiya vasitələrində aparılan “gözdənsalma” kampaniyası onları çox narahat edir. Artıq uzun illərdir ki, Azərbaycan sabitliyin, əmin-amanlığın qorunması sahəsində, eləcə də əhalinin hər yüz min nəfərinə düşən cinayətlərin sayının azlığı baxımından dünyanın öncül dövlətlərindən biridir. Bəs belə olduğu təqdirdə bəzi media orqanları tərəfindən polisə göstərilən soyuq münasibətin səbəbi nədir? Deyək ki, polisin sıralarında öz xidməti vəzifələrini layiqincə yerinə yetirməyən 3-5 nəfər olursa belə, buna görə dövlətin mühüm bir qurumunun fəaliyyətinə qara yaxmaq, onu gözdən salmağa yönəlik yazılarla ictimaiyyətə mənfi obrazda təqdim etmək nə qədər ədalətlidir? Bizə yaxşı məlumdur ki, belə münasibət hansı məqsədlərdən qaynaqlanır”.
E.Zahidov bildirib ki, DİN haqlı tənqidi tamamilə qəbul edir və ondan lazımi nəticə də çıxarır. Ancaq əsassız, təhqir və böhtan dolu, mahiyyətcə qərəzli yazıları heç bir vəchlə qəbul etmir: “Çünki polis öz fəaliyyətini yalnız xalqa, dövlətə və onun qanunlarına xidmət etmək amalı üzərində qurub və bu yoldan heç vaxt dönməyəcəkdir”.
DİN rəsmisi deyib ki, Azərbaycanda ictimai asayişi etibarlı qoruyan, cinayətkarlığa qarşı daim barışmaz mübarizə aparan, bu yolda yüzlərlə paqon yoldaşını itirən polis əməkdaşlarının Azərbaycan mətbuatından gözlədiyi yalnız bir şey var – polisin fəaliyyəti barədə ictimaiyyətə doğru-düzgün, obyektiv və dəqiqləşdirilmiş məlumatları çatdırmaq, polisdən heyif çıxmaq, şəxsi maraqlara görə və qisasçılıq niyyəti ilə uydurulmuş məlumatların, şayiələrin yayılmasına yol verməmək.
Qeyd edək ki, DİN-in mətbuat xidmətinin rəis müavini bu məsələlərə avqustun 29-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi ilə keçirilən dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsində də toxunub.
Trend/az