Ədliyyə Nazirliyində iş üçün son dörd gün

Posted by

Ədliyyə Nazirliyində iş üçün son dörd günƏdliyyə Nazirliyində iş üçün son dörd gün

Ədliyyə Nazirliyində iş üçün son dörd gün

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı noyabr ayının 19-da keçiriləcəkdir və bununla əlaqədar cari ilin sentyabr ayından başlanmış sənəd qəbulu noyabr ayının 14-də başa çatır.

 

Nazirlikdən Trend-ə verilən məlumata görə, imtahan aşkarlıq şəraitində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birlikdə vahid auditoriyada – Azərbaycan Texniki Universitetinin idman sarayında, Bakı şəhəri, A.Sultanova küçəsi 5 ünvanında saat 10.00-da keçiriləcək (imtahan yerinə getməyə kömək üçün müvafiq naviqasiya məlumatları Nazirliyin internet səhifəsində (www.justice.gov.az) yerləşdirilmişdir). Tədbirin gedişi, həmçinin Nazirliyin internet səhifəsi vasitəsilə “on-line” rejimində birbaşa yayımlanacaqdır.

 

Əvvəlki illərdə olduğu kimi namizədlər üçün imtahanlara mükəmməl hazırlaşmalarına və yüksək nəticələrə nail olmalarına köməklik məqsədilə Ədliyyə Akademiyasında xüsusi proqram əsasında hazırlıq kursu təşkil olunmuş, test imtahanı və söhbət mərhələsində sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlara dair xülasə və “Yaddaş kitabçası” nazirliyin internet səhifəsində yerləşdirilmişdir.

 

Xatırladırıq ki, qaydalara əsasən test imtahanının yekununa görə 55 və daha artıq bal toplamış namizədlər uğur qazanmış hesab olunur. Həmin namizədlərin zəruri sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş bütün tələblərə cavab verən şəxslər ikinci mərhələyə – söhbətə buraxılacaqlar.

 

Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni 17-18 noyabr tarixlərində saat 9-dan 18-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Ədliyyə Nazirliyinin inzibati binasında götürməlidirlər.

 

Buraxılış rejiminin və yerləşdirilmənin təmin olunması üçün namizədlər imtahana gecikmədən, buraxılış vərəqəsində göstərilən vaxtda gəlməlidirlər. İmtahana gələrkən namizədlər buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda namizəd imtahana buraxılmır.

 

Nazirliyin internet səhifəsindən, eləcə də 538-01-62, 538-08-15 nömrəli telefonlar vasitəsilə əlavə məlumatlar almaq olar.

 

Trend.az