Ədliyyə Nazirliyi: Test imtahanında iştirak edənlərin cəmi 25 faizi ədliyyə orqanlarına qulluğa qəbul oluna bilirlər

Posted by

Ədliyyə Nazirliyi: Test imtahanında iştirak edənlərin cəmi 25 faizi ədliyyə orqanlarına qulluğa qəbul oluna bilirlərƏdliyyə Nazirliyi: Test imtahanında iştirak edənlərin cəmi 25 faizi ədliyyə orqanlarına qulluğa qəbul oluna bilirlər

Ədliyyə Nazirliyi: Test imtahanında iştirak edənlərin cəmi 25 faizi ədliyyə orqanlarına qulluğa qəbul oluna bilirlər

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı 2006-cı ildən bəri keçirilən müsabiqələrin müqayisəsi aparılsa, demək olar ki, test imtahanında iştirak edən namizədlərin təxminən 50 faizi uğur qazanır, sonrakı mərhələlərdə isə test imtahanında iştirak etmiş şəxslərin cəmi 25 faizə qədəri ədliyyə orqanlarına qulluğa qəbul olunurlar. Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ədliyyə Nazirliyi Kadrlar İdarəsinin rəisi, ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqə komissiyasının sədr müavini Rauf Məhərrəmov deyib.

 

İdarə rəisinin sözlərinə görə, bu nəticələr göstərir ki, namizədlərin hazırlıq səviyyəsi üzərində mütəmadi olaraq düşünmək lazımdır: “Məhz bu məqsədlə Ədliyyə Akademiyasında xüsusi proqram əsasında növbəti hazırlıq kursu təşkil olunur. Təhlillər göstərir ki, həmin kursları keçmiş şəxslər daha çox müvəffəqiyyət qazanırlar. Eyni zamanda, müsabiqənin nəticələrinə əsasən uğur qazanmış şəxslərə Ədliyyə Akademiyasında icbari təlim keçirik. Bu ildən təlimin müddəti artırılaraq 2 aya çatdırılıb”.

 

Onun sözlərinə görə, ümumiyyətlə, 2006-cı ildən etibarən ədliyyə orqanlarına qulluğa qəbulla bağlı davamlı müsabiqələr keçirilir. Son illərdə artıq belə bir təcrübə formalaşıb ki, əlavə ştat vahidlərinin açılması ilə bağlı nazirliyə verilmiş yeni səlahiyyətlərə uyğun olaraq ildə 2 test imtahanı keçirməklə ədliyyə orqanlarının kadr korpusu formalaşdırılır. Hazırda bu məqsədlə artıq 12-ci müsabiqə keçirilir: “Vakansiyalar icra xidmətindədir. Vakant ştat vahidləri əsasən nazirliyin yerli icra və qeydiyyat qurumlarında, eləcə də regional ədliyyə şöbələrindədir. Bu günə olan məlumata görə, 180-ə yaxın vakansiya mövcuddur. Onlar da bu müsabiqə vasitəsilə komplektləşdirilməlidir”.

 

Qeyd edək ki, bu gün Azərbaycan Texniki Universitetinin idman sarayında ümumi auditoriyada ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı keçirilib. İmtahanda müsabiqədə iştirakla bağlı müraciət edən 450-dən çox hüquqşünasdan 380 nəfəri iştirak edib. Onların əksəriyyəti gənclərdir. Namizədlər bütün regionları təmsil edir və onların təxminən hər 3 nəfərindən biri qadındır. Namizədlərin yarıdan çoxu əmək fəaliyyətinə ilk dəfə ədliyyə orqanlarında başlamaq istəyənlərdir. İmtahanda iştirak edənlərin üçdə biri təkrar müraciət edənlərdir. İmtahanın gedişini beynəlxalq təşkilatların, yerli QHT-lərin və KİV-lərin nümayəndələri izləyib.

 

İmtahanın nəticələri bir neçə saatdan sonra açıqlanacaq. Test imtahanının yekununa görə, mümkün 100 baldan 55 və daha artıq bal toplamış namizədlər uğur qazanmış hesab olunur. Nəticələr Ədliyyə Nazirliyinin və TQDK-nın internet səhifələrində, həmçinin nazirliyin aparatında xüsusi lövhələrdə yerləşdiriləcək.

 

Trend.az