Ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi diqqət mərkəzindədir

Posted by

Ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi diqqət mərkəzindədir

Ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi diqqət mərkəzindədir

Ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi diqqət mərkəzindədir

Fevralın 19-da ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə geniş müşavirə keçirilmişdir.

Nazirliyin struktur qurumlarının rəhbərlərinin, regional və yerli ədliyyə orqanlarının məsul əməkdaşlarının, QHT-lərin və KİV-lərin nümayəndələrinin iştirak etdikləri iclasda ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, ölkəmizin son illər sürətli sosial-iqtisadi tərəqqisi, əhalinin rifahının günbəgün yaxşılaşması, respublikamızın beynəlxalq imicinin daha da yüksəlməsi qeyd olunmuşdur. Həmçinin 2013-cü ilin ən mühüm siyasi hadisəsi olan prezident seçkilərində İlham Əliyevin böyük vətəndaş həmrəyliyi ilə inamlı qələbə qazanaraq Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməsi ilə xalqımızın davamlı inkişafa təminat əldə etdiyi vurğulanmışdır.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, müşavirədə ədliyyə orqanları tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunmuşdur.

Azərbaycan ədliyyəsinin ötən ildəki fəaliyyətinə toxunularaq bildirilmişdir ki, Prezident İlham Əliyevin ədliyyə sisteminə yüksək diqqət və qayğısı nəticəsində nazirliyin funksiya və səlahiyyətləri genişləndirilmiş, infrastruktur müasirləşdirilmiş, ədliyyə işçilərinin və hakimlərin sosial müdafiəsi gücləndirilmişdir.

Bildirilmişdir ki, ötən il Ədliyyə Nazirliyi tərəfindən respublikamızda geniş qanunyaradıcı fəaliyyətdə aktiv iştirak edilmiş, Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantının (huquqiaktlar.gov.az) və milli qanunvericiliyin elektron bazasının (e-qanun.az) ictimaiyyət üçün açıqlığı təmin edilmiş, qanunvericilik bazalarına vətəndaşlar tərəfindən 160 minə yaxın başçəkmə olmuşdur.

Azərbaycan Prezidentinin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin olunması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılmışdır. Müasir informasiya-kommunikasiya texnologiyaları və elektron xidmətlər geniş tətbiq olunmaqla vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinin baxılaraq həll edilməsi üçün müvafiq tədbirlər görülmüşdür. Nazirliyin rəhbərliyi tərəfindən 9 bölgədən 850-ə qədər vətəndaş qəbul edilmiş, onların müraciətləri diqqətlə dinlənilmiş və qaldırılan məsələlərin bir qismi yerindəcə, digərləri isə təxirəsalınmadan araşdırılaraq həll olunmuşdur.

Diqqətə çatdırılmışdır ki, respublikamızın sürətli sosial-iqtisadi yüksəlişi, əhalinin həyat şəraitinin xeyli yaxşılaşması mülki hüquq münasibətlərindən irəli gələn məsələlərin həlli üçün də geniş imkanlar yaratmış, demoqrafik inkişafa ciddi təsir göstərmişdir. Belə ki, 2013-cü ildə notariat orqanlarında rəsmiləşdirilən notariat hərəkətlərinin sayı 3,5 milyonu ötmüş, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə artım müşahidə olunmuş, doğumun sayı 174 minə, nikahın sayı isə 87 minə çatmışdır.

Xüsusi notariat institutunun tətbiqinin genişləndirilməsi üzrə tədbirlər davam etdirilmişdir. Artıq ölkədə fəaliyyət göstərən notariat korpusunun yarıdan çoxunu xüsusi notariuslar təşkil edir. Bu sahədə islahatlar, həmçinin gənclərin məşğulluğuna müsbət təsirini göstərmiş, yüzlərlə gənc mütəxəssis notariat orqanlarında işlə təmin olunmuşlar.

Eyni zamanda, dövlətimizin başçısının təşəbbüsü ilə yaradılmış və Azərbaycanın brendi olan “ASAN xidmət” mərkəzlərində müxtəlif mühüm xidmətlər göstərən ədliyyə orqanlarının fəaliyyəti daha da təkmilləşdirilmiş, o cümlədən ədliyyə işçiləri etik kurslara, vətəndaşları qarşılama, dinləmə və izah etmə bacarıqlarını inkişaf etdirən treninqlərə cəlb olunmuşlar.

Vurğulanmışdır ki, vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayan qeyri-hökumət təşkilatlarının sayının artması ötən ildə də davam etmiş, 135 qeyri-kommersiya qurumu dövlət qeydiyyatına alınmış, 138 mətbu nəşr uçota götürülmüşdür. Hazırda ölkədə qeyri-kommersiya təşkilatlarının sayı 3900-ü ötmüş, KİV-lərin sayı isə 4900-ə çatmışdır. Həmçinin 67,2 milyon manat məbləği əhatə edən 1800-dən çox qrant müqaviləsi qeydiyyata alınmışdır. Respublikamızda vətəndaş cəmiyyətinin inkişafına göstərilən diqqətin nəticəsidir ki, ölkəmizin daxilində verilmiş qrantların məbləği xaricdən alınan qrantlardan təqribən iki dəfə çox olmuşdur.

Eyni zamanda, QHT-lərə dövlət dəstəyinin artırılması üzrə görülən işlər davam etdirilərək Azərbaycan Prezidentinin “Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2013-cü il 20 noyabr tarixli Fərmanına uyğun olaraq “Fərdi elektron pəncərə” elektron məlumat sisteminin yaradılması ilə bağlı zəruri işlər görülmüşdür. Sistemin yaxın zamanlarda istifadəyə verilməsi planlaşdırılır.

Qeyd edilmişdir ki, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən məqsədyönlü tədbirlərin cəmiyyətdə məhkəmələrə inamın artmasına, ədalət mühakiməsinə çatımlılığına, vətəndaşların hüquqlarının məhkəmələrdə müdafiəsinə müsbət təsirinin nəticəsidir ki, baxılan işlərin sayı xeyli artmış, bu da icra işlərinin sayının çoxalmasına səbəb olmuşdur. Belə ki, 2013-cü ildə icra işlərinin sayı ötən illə müqayisədə 24 faiz artaraq 205 mini ötmüşdür. Onlardan 75 faizinin icrası təmin edilmiş, hüquqi və fiziki şəxslərə 110 milyon manata yaxın vəsait ödətdirilmişdir. Qərarların icrasına maneçilik törədən və icradan qərəzli şəkildə yayınan, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 2,4 min nəfər inzibati məsuliyyətə cəlb olunmuş, 305 nəfər barəsində cinayət işi başlanmış, 2640 borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır.

Həmçinin borclunun ölkədən getmək hüququnun məhdudlaşdırması mexanizmi xeyli təkmilləşdirilərək nazirliyin internet saytında yeni elektron xidmət istifadəyə verilmişdir. Hər bir kəs sayta daxil olub özü ilə bağlı qadağanın olub-olmamasını öyrənə bilər.

Ötən il inzibati nəzarət qaydasında baxılmış bələdiyyə aktlarının sayı 14 faiz artaraq 60 minə yaxın olmuş və 2,5 minə yaxın akt nazirliyin təklifləri əsasında dəyişdirilmiş və ya ləğv edilmişdir. Pozuntulara yol verən 364 bələdiyyə sədri intizam məsuliyyətinə cəlb olunmuş, cinayət xarakterli faktlarla bağlı 25 material prokurorluğa göndərilmişdir.

Bildirilmişdir ki, 2013-cü ildə məhkəmə ekspertizası sahəsində nazirliyə 42 ekspert ixtisası üzrə 23 minə yaxın iş daxil olmuşdur. Ekspertlər 263 minə yaxın suala cavab verməklə qaldırılmış məsələlərin 99,8 faizini həll etmişlər. Bundan başqa, Avropa Məhkəmə Ekspertizası İnstitutları Birliyinə üzv qəbul olunmuş Azərbaycanın Məhkəmə Ekspertizası Mərkəzinin apardığı ekspertiza növlərindən 4-ü beynəlxalq standartlara cavab verməsi ilə bağlı müvafiq sertifikata layiq bilinmişdir.

Penitensiar sistemin inkişafı çərçivəsində məhkumların və təqsirləndirilən şəxslərin saxlanma şəraitinin yaxşılaşdırılması, onların öz ailələrinə yaxın ərazidə cəza çəkmələri və sosial adaptasiyasının asanlaşdırılması məqsədilə ötən il Şəkidə bir neçə müəssisəni birləşdirən, yeni inşa olunmuş penitensiar kompleks istifadəyə verilmişdir. Bununla yanaşı, Gəncədə, Lənkəranda, Bakının Zabrat və Umbakı qəsəbələrində də müasir belə infrastrukturlar yaradılır. Bu sahədə tətbiq edilən səmərəli ictimai nəzarət mexanizmi olan İctimai Komitənin üzvləri, habelə beynəlxalq təşkilatların nümayəndələri penitensiar müəssisələrə 230-dək başçəkmə həyata keçirmişlər. Bu zaman 200-dən çox məhkuma hüquqi yardım göstərilmişdir. Həmçinin penitensiar müəssisələrdə vərəmlə mübarizədə müsbət təcrübəmizin öyrənilməsinə maraq göstərilərək bu məqsədlə xarici ölkələrin nümayəndələrinin ölkəmizə tanışlıq səfərləri davam etmişdir. Qeyd olunmuşdur ki, BQXK ilə bu sahədə əməkdaşlığın uğurlu nəticəsidir ki, vərəmdən ölüm halları 60 dəfə, ümumilikdə penitensiar müəssisələrdə xəstəlikdən ölüm halları 15 dəfə azalmışdır.

Bu sahədə Azərbaycanın yüksək nailiyyətlər əldə etdiyi nəzərə alınaraq BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusuna malik olan İslah və Həbsxanalar Beynəlxalq Assosiasiyası tərəfindən ölkəmizin penitensiar sistemində vərəmə nəzarət proqramı 2013-cü ilin Səhiyyə Mükafatına layiq bilinərək təşkilatın ABŞ-da keçirilən illik konfransında təqdim edilmişdir.

Diqqətə çatdırılmışdır ki, ulu öndər Heydər Əliyevin humanizm siyasəti uğurla davam etdirilmiş, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Ümummilli Liderin 90 illik yubileyi münasibətilə qəbul edilmiş amnistiya qərarının icrası ilə əlaqədar ədliyyə orqanları və məhkəmələr tərəfindən təxirəsalınmaz tədbirlər görülmüşdür. Ümumilikdə amnistiya aktı 9,9 mindən artıq şəxsə tətbiq edilmiş, 2267 məhkum azadlığa buraxılmışdır. Bununla yanaşı, dövlətimizin başçısının 153 məhkum barəsində qəbul etdiyi Əfv sərəncamının icrası dərhal təmin olunmuşdur.

Diqqətə çatdırılmışdır ki, 2013-cü il həm də Azərbaycan ədliyyəsinin davamlı inkişafına xidmət edən islahatlar nəticəsində müasir ədliyyə və məhkəmə infrastrukturunun yaradılması ilə yadda qalmışdır. Belə ki, ötən il ərzində Avropa İttifaqı ilə birgə həyata keçirilən “Ədliyyə sahəsində islahatlara dəstək” Proqramı çərçivəsində Xaçmaz və İmişli regional ədliyyə şöbələri üçün yeni binalar inşa olunaraq istifadəyə verilmiş, Dünya Bankının dünyada ən uğurlu layihələrindən hesab olunan “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində isə Sabunçu Məhkəmə Kompleksinin və Quba Rayon Məhkəməsinin yeni binasının təməli qoyulmuşdur. Həmçinin İmişli və Qəbələ Rayon məhkəmələri üçün yeni binaların inşasına başlanılmışdır.

Müşavirədə vurğulanmışdır ki, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti çərçivəsində yeni nəsil ədliyyə işçilərindən ibarət kadr korpusu formalaşır, gənc əməkdaşların layiqli vətəndaş və peşəkar dövlət qulluqçusu kimi inkişafına xüsusi önəm verilir, onların qayğıları diqqət mərkəzindədir. Hazırda ədliyyə orqanlarında işçilərin təxminən yarısı, o cümlədən qulluğa qəbul edilənlərin tam əksəriyyəti gənclərdir.

Ötən il beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsi diqqətdə saxlanılaraq Hindistan ilə hüquqi yardım sahəsində dövlətlərarası müqavilələr, Çin Ədliyyə Nazirliyi ilə əməkdaşlığa dair yeni saziş, habelə iki ölkə arasında məhkumların verilməsi haqqında müqavilə layihəsi üzrə razılaşma protokolu, habelə Ədliyyə Akademiyası və Fransanın Milli Məhkəmə-Prokurorluq Məktəbi arasında əməkdaşlıq haqqında Protokol imzalanmışdır.

Həmçinin beynəlxalq öhdəliklərdən irəli gələn hüquqi yardım, məhkumların cəza çəkmək üçün verilməsi, ekstradisiya məsələlərinin icrası ilə bağlı 12,5 mindən çox beynəlxalq sorğu və sənədlərin icrası üzrə tədbirlər görülmüş, cəzalarının qalan hissəsini öz ölkəsində çəkmək üçün 83 məhkum təhvil verilmiş və alınmışdır.

Müşavirədə dövlətimizin başçısının vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, dövlət məmurları tərəfindən etik davranışa dönmədən riayət olunması və korrupsiyaya qarşı ən qəti mübarizə tədbirlərinin aparılması ilə bağlı verdiyi tapşırıqlar vurğulanaraq ədliyyə işçilərinin etik davranış qaydalarının dürüst yerinə yetirilməsi, vətəndaşlara qayğılı münasibət və layiqli xidmət göstərilməsi, antikorrupsiya mədəniyyətinin yüksəldilməsi, qulluqla bir araya sığmayan hərəkətlərin aradan qaldırılması ilə bağlı qarşıda duran vəzifələr diqqətə çatdırılmışdır.

İclasda mövcud nöqsanlar və problemlər müzakirə olunaraq bəzi əməkdaşlar tərəfindən vəzifə borclarına və vətəndaşların qayğılarına laqeyd münasibət bəslənilməsi, əmək və icra intizamının pozulması halları qeyd edilmiş, müşavirənin yekunları üzrə qanun pozuntuları və kobud nöqsanlara yol verdiklərinə görə bir sıra işçilər ciddi intizam məsuliyyətinə cəlb olunmuş, o cümlədən 6 nəfər tutduğu vəzifədən azad olunmuş və ya ədliyyə orqanlarından xaric edilmişdir. Həmçinin ədliyyə orqanlarının üzərinə düşən vəzifələrin dəqiq yerinə yetirilməsi, işçilərin məsuliyyət hissinin, intizamın və nəzarətin gücləndirilməsi ilə bağlı konkret tapşırıqlar verilmişdir.

Tədbirdə ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın, insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin edilməsi, müasir informasiya texnologiyalarının tətbiqi prosesinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Prezidenti tərəfindən imzalanmış “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında 2014-cü il 13 fevral tarixli Sərəncamın icrasının təşkili ayrıca müzakirə olunmuş, bu mühüm sənəddən irəli gələn vəzifələr xüsusi diqqətə çatdırılmışdır.

Qeyd olunmuşdur ki, ölkəmizdə elektron məhkəmə sisteminin yaradılması istiqamətində Dünya Bankı ilə birgə “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində bir çox işlər görülmüş, məhkəmə sisteminin vahid veb-portalı yaradılmış, infrastrukturun qabaqcıl İnformasiya-kommunikasiya texnologiyaları tətbiq olunmaqla müasirləşdirilməsi üzrə tədbirlər həyata keçirilmişdir, məhkəmə işlərinin elektron idarəetmə sistemi pilot layihə qaydasında bəzi məhkəmələrdə tətbiq olunur.

Eyni zamanda, bu sahədə mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsinə xüsusi diqqət yetirilərək “İnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində elektron məhkəmə sistemi üzrə böyük nailiyyətlər əldə etmiş Sinqapurun təcrübəsi ilə yaxından tanış olunmuş və əməkdaşlığa dair razılığa gəlinmişdir.

İclasda bu sahədə strateji prioritetləri müəyyənləşdirən və mühüm əhəmiyyət kəsb edən Sərəncamın icrası ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunmuşdur. Bu mürəkkəb və çoxmərhələli prosesin həyata keçirilməsi məqsədilə əhatəli tədbirlər planının hazırlanması, o cümlədən zəruri infrastrukturun formalaşdırılması, istifadə qaydalarının müəyyən edilməsi, müasir İnformasiya-kommunikasiya texnologiyalarının daha geniş tətbiqi və s. məsələlər üzrə konkret tapşırıqlar verilmişdir.

Tədbirdə iştirak edən qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxış edərək ədliyyə fəaliyyətində şəffaflığın və ictimaiyyətin iştirakının təmin olunmasına görə minnətdarlıqlarını bildirmişlər. Qeyd etmişlər ki, “Fərdi elektron pəncərə” elektron məlumat sisteminin yaradılması və tezliklə istifadəyə verilməsi vətəndaş cəmiyyətinin inkişafında böyük təkan olacaqdır.

Həmçinin dövlətimizin güclü siyasi iradəsi ilə elektron məhkəmə sisteminin yaradılması təqdir olunmuş, onun ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, məhkəmələrin fəaliyyətində aşkarlığın təmin edilməsinə, vətəndaşların məhkəmələrə çatımlılığının daha da asanlaşmasına xidmət edəcəyi vurğulanmışdır.

QHT nümayəndələri Ədliyyə Nazirliyi ilə səmərəli qarşılıqlı fəaliyyəti yüksək qiymətləndirmiş, aparılan islahatların şahidi olduqlarını söyləmiş, bir sıra konkret təkliflər irəli sürmüşlər.

İclasda, həmçinin qarşıda duran digər vəzifələr müzakirə olunaraq ədliyyə orqanları tərəfindən açıq hökumətin təşviqinə və korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət planlarının həyata keçirilməsi, o cümlədən elektron xidmətlərin tətbiqi dairəsinin genişləndirilməsi, ədliyyə fəaliyyətində ictimaiyyətin iştirakının gücləndirilməsi, vətəndaşların müraciətlərinə baxılması işinin müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə olunmaqla səmərəliliyinin artırılması, nazirliyin “Qaynar xətti”nin işinin təkmilləşdirilməsi, antikorrupsiya sahəsində treninqlərin keçirilməsi və s. tədbirlər müəyyən olunmuşdur.

Bununla yanaşı, qanunvericilik fəaliyyətində qabaqcıl beynəlxalq təcrübənin tətbiqi, icra işində nəzarətin gücləndirilməsi, işə qəbul prosedurlarının daha da sadələşdirilməsi, istintaq işinin təkmilləşdirilməsi, əhaliyə göstərilən hüquqi xidmətlərin səviyyəsinin yüksəldilməsi, beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi və digər zəruri göstərişlər verilmişdir.

 

AzərTac.az