Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı Avropa Məhkəməsinə müraciət olunub
Ermənilərin Kəlbəcərdə girov götürdükləri azərbaycanlılar Dilqəm Əsgərov, Şahbaz Quliyev və qətlə yetirilmiş Həsən Həsənovla bağlı Avropa Məhkəməsinə ərizə ilə müraciət olunub. Trend-in məlumatına görə, bu barədə “Azərbaycan Hüquq İslahatları Mərkəzi” İctimai Birliyinin sədri Anar Bağırov bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ərizədə soydaşlarımızın pozulmuş hüquqları sadalanıb: “Onlara qarşı tətbiq olunan işgəncə faktları, qeyri-insani rəftar əlamətlərini əks etdirən fotolar və digər sübutlar ərizəyə əlavə olunub”.
Ərizə Avropa Mərkəzinə daxil olub və cavab gözlənilir.
Konfransda qeyd olunub ki, Həsən Həsənovun qətlə yetirilməsi ilə bağlı Kəlbəcər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 115-ci (Müharibə qanunlarını və adətlərini pozma) və 116-cı (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) maddələri ilə cinayət işi açılıb.
H.Həsənovun işgəncələr nəticəsində öldürüldüyü sübuta yetirilib. Bu, məhkəmə-tibbi ekspertizanın rəyində də qeyd olunub.
Trend.az