Demokratiyanın Kök Atması və ya “Grassroots” Demokratiyasının Əhəmiyyəti

Posted by

Ümumiyyətlə demokratik cəmiyyətin xüsusiyyəti ondan ibarətdir ki, hər bir vətəndaşın dövlət əhəmiyyətli işlərdə, cəmiyyəti maraqlandıran sosial və digər məsələlərin həllində iştirak etmək hüququ vardır. Bu isə vətəndaşların birləşməsini təmin edən sivil cəmiyyət qurumlarının yaradılması ilə mümkündür. Hər bir ölkədə olduğu kimi Azərbaycanda da demokratik cəmiyyətin formalaşmasında qeyri-hökumət təşkilatlarının rolunun böyük olması danılmaz faktdır.

Qeyri-hökumət təşkilatlarının cəmiyyətin demokratik tərəqqisindəki rolu haqqında təhlillər apararkən demokratiyanın kök atması (building democracy from grassroots) və ya “grassroots” demokratiyası mövzusuna toxunmaq zəruridir. “Grassroots” kəlməsi ingilis dilindən hərfi tərcümədə “öt kökü” mənasını verir. İlk dəfə olaraq ABŞ-da 1912-ci ildə İndiana ştatının senatoru Albert Cerremi tərəfindən təmsil etdiyi partiyanın xalqın içindən irəli gəldiyini və xalqın tələbatı ilə kök atdığını, inkişaf etdiyini vurğulayarkən işlədilmişdir. “Grassroots” demokratiyası ilə qısa mənada demokratiyanın cəmiyyətin ən dərin hissəsində, sadəcə bir-iki fərdin və ya ailənin birləşməsi ilə ot kimi kök atıb cücərərək necə inkişaf edə biləcəyi anladılır.

Ölkə daxili demokratiyanın inkişaf etdirilməsinin müasir yollarından biri də demokratiyanın dərinləşməsi və ya kök atması adlanan prosesin geniş əhali arasında yayılması və inkişaf etdirilməsidir. İctimaiyyətin hər bir üzvü öz fəaliyyətini və sahib olduğu məlumatları ortaya qoyaraq, öz aralarında birləşərək qarşılaşdıqları ehtiyaclarını təmin edə bilər. Bu zaman hər bir fərd problemlərin həll edilməsində mərkəzdə yer almış olacaqdır. Heç bir qurum və şəxslərə tabe olmayaraq, sadəcə olaraq özlərinin təsis etdikləri birliklərdə bərabər və müstəqil şəkildə iştirak edəcəklər. Məsələn, bir şəhərin kasıb bir təbəqəsində mənzil problemi yaşayan müəyyən saydakı fərdlərin öz aralarında birlik quraraq, müəyyən miqdarda gündəlik iş görərək, özlərinin məlumat və araşdırmalarından bəhrələnərək, lazım olarsa bu kimi başqa birliklərin köməyindən də faydalanaraq bu problemlərini mərhələli şəkildə həll edəcəklər. Qeyri-hökumət təşkilatları öz üzvlərinin bu şəkildə birləşmələrinə, fəaliyyət göstərmələrinə və öyrənmələrinə geniş bir imkan yaratmalı, onların qarşısına müəyyən mövzularda məsələlər çıxarmalı, bu məsələlərin həlli üçün tövsiyələr verməli və öz köməkliklərini əsirgəməməlidirlər. Amma son qərar birlikdə və yekdilliklə olmalıdır. Beləliklə, birliyin siyasəti alt səviyyədə, aşağı bölmələrdə təşkil olunur və üst bölmələrə, orqanlara təqdim olunur. Bu isə demokratiyanın dərinləşməsini və ya necə kök atmasını göstərir.

Artıq Nigeriya, Argentina, Karib Dənizi hövzəsi ölkələri, Cənubi Afrika, Hindistan kimi dünyanın bir çox yerlərində demokratiyanın necə kök atmasının, dərinləşməsinin və təşkilatlanaraq təcrübədə əldə etdiyi müvəffəqiyyətlərin şahidi oluruq. Bu gün Cənubi Afrikada SAHPF (South African Homeless People’s Federation – Cənubi Afrika Evsiz İnsanların Federasiyası) və People’s Dialogue (İnsanların Dialoqu), Hindistanda SPARC (Society for Protection of Area Resource Centers – Ərazi Resurs Mərkəzlərinin Qorunması Cəmiyyəti), Zimbabvedə ZHPF (Zimbabwe Homeless People’s Federation – Zimbabve Afrika Evsiz İnsanların Federasiyası) və başqa qeyri-hökumət təşkilatları yerli özünüidarəetmə və mərkəzi hakimiyyət orqanları ilə birlikdə yerli əhaliyə idarə olunmaq əvəzinə öz müqəddəratlarını təyin etmək üçün sərbəst fəaliyyət sahələri yaratmışlar, onlara dəstək olmuşlar və nəticədə yüz minlərlə küçələrdə yaşayan insanlar özlərinə ev qurmuşlar. Konkret bir misal kimi göstərmək olar ki, 1974-cü ildə Ankara Bələdiyyəsi tərəfindən başladılan, 13 kooperativin və mərkəzi hakimiyyətin də iştirak etdiyi Batıkent layihəsi nəticəsində 45000 ev tikilmiş və 200000-dən çox insan evlə təmin edilmişdir. Layihənin müvəffəqiyyətlə nəticələnməsinin başlıca səbəbi şəxsi ev sahibi olmayan aşağı və orta gəlirli işçilərin, qulluqçuların öz problemlərinin həlli istiqamətində demokratik və iştirakçı yolla, sivil-sosial təşkilatlarda bir araya gələrək öz potensiallarını ortaya qoymaqla birləşmələri oldu.

Eynilə “grassroots” demokratiyası ilə sülhün əldə edilməsi üçün strategiyaların da yaradılması mümkündür. Faktiki olaraq bir çox hallarda sülh prosesinin müvəffəqiyyətlə nəticələnməsi cəmiyyətin aşağı təbəqəsinin uzlaşması nəticəsində əldə edilir. Misal üçün 1990-cı illərdə Somalidəki vəziyyəti göstərmək olar. Burada cəmiyyətin ağsaqqalları və müxtəlif qəbilələrin böyükləri üçün mütəmadi görüşlər və forumlar təşkil edilmişdi. Sülhün əldə edilməsi prosesinə bu cür yaxınlaşmaq Somali üçün böyük əhəmiyyət daşıyırdı, çünki burada formal siyasi infrastruktura dağılmış vəziyyətdə idi. Mozambikdə isə Mozambik Xristian Şurası yaratdığı proqrama əsasən ölkənin bütün kilsə təmsilçiləri üçün milli seminar təşkil etmişdi. Seminarda təmsilçilərə sülhə və savaşa dinin baxışı, konfliktlərin həllində ailələrin iştirakı, torpaq islahatları, insan haqları, müharibənin uşaqlara təsiri və s. kimi mövzularda yerli seminarlar təşkil etmək tapşırılmışdı. Nəticədə isə minlərlə insan əyalətlərdə seminarların iştirakçısı olmuş və məlumatlandırılmışlar.

Azərbaycanda cəmiyyətin demokratik inkişafında demokratiyanın dərinləşməsi prosesinin əvəzsiz rolu ola bilər. Ölkəmizdə vətəndaşlarımızın buna bənzər fəaliyyətləri geniş miqyaslı olmasa da tarixən görünən bir faktdır. Məsələn, hər-hansı bir kənddə və ya məhəllədə yaşayan insanlar şəxsi vəsaitlərini toplayaraq öz içməli su təminatlarını birgə həll edə bilirlər. Bu həm su kəmərinin çəkilməsi, həm də yeni su quyularının qazılması yolu ilə ola bilər. Burada əsas məqam vətəndaşlarımızın təşkilatlanması və koordinasiya içində fəaliyyətlərini sürdürməsindən ibarətdir. Bu yolda isə yük yenə də qeyri-hökumət təşkilatlarının üzərinə düşür ki, bu məsələdə vətəndaşlara yardım etsinlər, onlarla təcrübələrini, məlumatlarını bölüşsünlər və beynəlxalq təcrübəni onların nəzərinə çatdırsın. Təbii ki, bu məsələlərdə qeyri-hökumət təşkilatları yerli özünü idarəetmə orqanlarının mövcud potensiallarından da faydalana bilərlər.

Beləliklə, yuxarıda adları çəkilən təşkilatların təcrübələrindən belə nəticə çıxarmaq olar ki, demokratiyanın dərinləşməsi və ya kök atması prosesinin baş verə bilməsi və “grassroots” təşkilatlarının ictimaiyyətin ən aşağı təbəqəsində dəyişikliklər edə bilməsi üçün insanlara sərbəst fəaliyyət sahələri yaradılmalı və onların arasında təcrübə mübadiləsi gerçəkləşsin deyə şəraitlə təmin olunmalıdırlar. Həmçinin onlara çətinlik yaradacaq və ya vaxtlarını alacaq işlərdə yardımların edilməsi də əhəmiyyətlidir. Bu yolla cəmiyyətin üzvləri öz aralarında müstəqil şəkildə təşkilatlanaraq işlərini daha yaxşı, koordinasiya içində həyata keçirə biləcəklər ki, bu da demokratik cəmiyyət quruculuğunda başlıca amillərdən biri hesab edilməkdədir.

Elnur A. Rüstəmov