Daxili Qoşunlarının Ali Hərbi Məktəbində yeni təlim-tədris ilinin açılış mərasimi keçirilib
Sentyabrın 15-də Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının Ali Hərbi Məktəbində 2014-2015-ci təlim-tədris ilinin açılış mərasimi keçirilib.
DİN Daxili Qoşunların mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin, eləcə də ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçularımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
Mərasimdə çıxış edən Ali Hərbi Məktəbin rəisi general-mayor İlqar Məmmədov yeni tədris ilinin açılışı münasibətilə şəxsi heyətə, pedaqoji kollektivə, eləcə də Ali Hərbi Məktəbə bu il daxil olmuş kursantlara daxili işlər nazirinin müavini – Daxili Qoşunların komandanı general-mayor Şahin Məmmədovun təbrik və tövsiyələrini çatdırıb.
Təbrikdə qeyd olunub ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən daha da gücləndirilmiş müstəqil Azərbaycanın Silahlı Qüvvələrində Vətənə xidmət etməkdən şərəfli heç nə ola bilməz. Yalnız Vətəni sevməklə onu qorumaq mümkün deyil, bunun üçün peşəkarlıq da tələb olunur: “Siz kursantların peşəkar zabit kimi formalaşması üçün ölkə prezidentinin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunmuş Daxili Qoşunların Ali Hərbi Məktəbində bütün şərait yaradılıb. Hər bir müəllim, komandir dövlətimiz qarşısında öz məsuliyyətini dərk edir, qarşıya qoyulmuş tapşırıqları keyfiyyətlə yerinə yetirir”.
Hərbi məktəbin kollektivinə inamın ifadə olunduğu təbrikdə Daxili Qoşunların komandanı bir daha şəxsi heyəti səmimi qəlbdən təbrik edib, onlara yeni dərs ilində uğurlar, müvəffəqiyyətlər arzulayıb.
Şəxsi heyətin təntənəli keçidindən sonra açılış mərasimi sona çatıb.
Qeyd edək ki, yeni tədris ilinin ilk dərsi Ali Hərbi Məktəbin rəisi tərəfindən keçirilib. DİN-in Daxili Qoşunlarının yaranma tarixi, formalaşma dövrü, Qarabağ savaşındakı qəhrəmanlıq nümunələri, o cümlədən qoşunların qarşısında duran vəzifələr barədə kursantlara ətraflı məlumatlar verilib.
Trend.az