Daşınmaz əmlakın qeydiyyatı sisteminin inkişafı vətəndaş məmnunluğuna xidmət edir

Posted by

Daşınmaz əmlakın qeydiyyatı sisteminin inkişafı vətəndaş məmnunluğuna xidmət edir

Daşınmaz əmlakın qeydiyyatı sisteminin inkişafı vətəndaş məmnunluğuna xidmət edir

 

Daşınmaz əmlakın qeydiyyatı sisteminin inkişafı vətəndaş məmnunluğuna xidmət edir

Əmlak Məsələləri Dövlət Komitəsində daşınmaz əmlakların özgəninkiləşdirilməsi zamanı tələb olunan daşınmaz əmlaka dair məhdudiyyət (yüklülük) barədə arayışların real vaxt rejimində notariuslara verilməsi ilə bağlı ilk onlayn xidmət fəaliyyət göstərir. Ötən müddətdə 100 minə yaxın daşınmaz əmlakla bağlı əməliyyat onlayn şəkildə məhz bu xidmət vasitəsilə həyata keçirilib.

 

Komitədən AzərTAc-a bildiriblər ki, istifadəyə verilən digər yeni onlayn xidmət isə daşınmaz əmlak obyekti barədə daşınmaz əmlakın dövlət reyestrindən məlumatların internet vasitəsilə verilməsi ilə bağlıdır. Belə ki, vətəndaşlar daşınmaz əmlakın yüklü, girovda və ya həbsdə olması və digər reyestr məlumatlarını onlayn əldə edirlər.

 

Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı sahəsində sosial məmnunluğun təmin olunması, vətəndaşlara göstərilən xidmətlərdə rahatlığın artırılması və sosial amillərin gücləndirilməsi işini diqqət mərkəzində saxlayır. Artıq xüsusi təbəqədən olan insanlara daşınmaz əmlakın qeydiyyatı sahəsində ünvanlarda mobil ofislər vasitəsilə xidmətlərin göstərilməsinə start verib. Əlilliyi olan, ahıl, sağlamlıq imkanları məhdud insanlar, o cümlədən yaşayış yeri uzaqda yerləşən, müxtəlif səbəblərdən hərəkət çətinliyi çəkən vətəndaşların öz əmlakları üzərində hüquqlarını qeydiyyatdan keçirmək üçün əmlak qeydiyyatı idarələrinə getmələrinə ehtiyac yoxdur. Bu məqsədlə, komitə yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən yeni xüsusi nəqliyyat vasitələri alınıb. Bu xidmətlər bütün şəhər sakinlərinə, xüsusilə sağlamlıq imkanları məhdud, yaşayış yeri uzaqda yerləşən və ərazi idarələrinə gedə bilməyən insanlara son dərəcə əlverişlidir.

 

Ünvanlarda göstərilən xidmətlərə daşınmaz əmlakın qeydiyyatı üçün sənədlərin qəbulu, həmin sənədlərin qanunauyğunluğunun yerindəcə yoxlanılması, növbəti prosedurlar barədə ətraflı məlumatın çatdırılması və daşınmaz əmlakın qeydiyyatı ilə bağlı vətəndaşlara zəruri hüquqi məsləhətlərin verilməsi aiddir. Vətəndaşlar təyin olunmuş nəqliyyat vasitəsində zəruri sənədləri xüsusi nümayəndəyə təqdim edir. Bu nəqliyyat vasitələri müasir informasiya-kommunikasiya sistemi və yeni avadanlıqlarla (həmçinin müasir telefon-rabitə cihazları, sürətli internetə çıxış vasitələri və s.) təchiz edilib. Daxil olan müraciətlər əsasında indiyədək Bakı və regionlarda mobil ofislər vasitəsilə 2100 məntəqədə 15 minə yaxın vətəndaşa qeydiyyat xidməti göstərilib.

 

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli Fərmanının icrası məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlak üzərində əvvəllər yaranmış mülkiyyət hüquqlarına dair sənədlərin kütləvi şəkildə çıxarışlarla əvəz olunması kampaniyasına start verib. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununu qüvvəyə minən tarixədək vətəndaşlara verilmiş mülkiyyət sənədləri, o cümlədən mülkiyyət hüquqlarını təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri kütləvi qaydada dövlət reyestrindən çıxarışlarla əvəz edilir.

 

İlkin mərhələdə bu kampaniya Saatlı və Şəmkir rayonlarının bir neçə kəndində həyata keçirilib. Kampaniyanın üstünlüklərindən biri də dövlət reyestrindən çıxarışların vətəndaşlara mobil ofis xidmətləri vasitəsilə birbaşa olaraq yerlərdə təqdim olunmasıdır. Vətəndaşlar əvvəllər yaranmış mülkiyyət hüquqlarına dair sənədlər əsasında dövlət reyestrindən çıxarışları ərazi qeydiyyat idarələrinə getmədən bilavasitə yerlərdə əldə ediblər. Bu kampaniya Qəbələ, Abşeron və Cəlilabad, Şəki rayonlarında da keçirilib. Ümumilikdə, 2000-ə yaxın vətəndaş kampaniyadan faydalanıb.

 

Komitə daşınmaz əmlakın qeydiyyatı sahəsində vətəndaşların belə hüquqlarının həyata keçirilməsi, sosial, iqtisadi aspektlərin və vətəndaş məmnunluğunun təmin olunması üçün tədbirləri gücləndirir. Bu məqsədlə, komitə yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində vətəndaşlara rahat, operativ və şəffaf xidmət üçün yüksək səviyyədə şərait yaradılıb. Bakı şəhərinin bütün rayonları və respublikanın bütün bölgələri üzrə günün tələblərinə cavab verən müasir ərazi qeydiyyat idarələri vətəndaşlara xidmət göstərir. Belə idarələrdə fəaliyyət müasir əsaslarla qurulub və modern idarəetmə sistemi tətbiq edilir.

 

Komitə tərəfindən görülən işlərin nəticəsidir ki, vətəndaşların daşınmaz əmlakın qeydiyyatına diqqəti artıb. Daşınmaz əmlakla bağlı iqtisadi və hüquqi əməliyyatların, o cümlədən alqı-satqı, bağışlama, vərəsəlik və digər əməliyyatların aparılması üçün öncə mülkiyyət hüquqlarının qeydiyyatı kütləvi xarakter almaqdadır. Daşınmaz əmlakın qeydiyyatı həmin əmlakın etibarlılığının, hüquqi əsaslılığının və iqtisadi səmərəsinin təminatıdır. Xidmətlər zamanı növbəliliyin tənzimlənməsi məqsədilə qəbul zallarında elektron növbəlilik aparatı quraşdırılıb. Nəticədə respublika üzrə daşınmaz əmlakların dövlət qeydiyyatı, həmçinin insanların mülkiyyət hüquqları yüksək səviyyədə təmin edilir.

 

“Daşınmaz Əmlakın Qeydiyyatı” layihəsi çərçivəsində görülmüş işlər nəticəsində mühüm nəticələr əldə edilib, bəzi işlər isə hazırda davam etdirilməkdədir. Layihənin uğurlu icrası nəticəsində mülkiyyət hüquqlarının təkrar qeydiyyatına dair çıxarışların verilməsi 2005-2009-cu illərdə 30-20 gün, 2010-2012-ci illərdə isə 18-14 gün arasında dəyişirdisə, 2013-cü ildən etibarən bu müddət 7 günə, əmlak barədə digər arayışların verilməsi isə 1 günə endirilib. Layihə çərçivəsində Daşınmaz Əmlakın Milli Qeydiyyat Sistemi və vahid korporativ kompüter şəbəkəsi yaradılıb. Daşınmaz Əmlakın Vahid Qeydiyyatı, Kadastr və İdarəedilməsi Sisteminin və daşınmaz əmlaka dair qeydiyyat məlumatlarının elektron arxivinin yaradılması istiqamətində işlər davam etdirilir.

 

Layihə çərçivəsində növbəti mühüm addım Əmlak Məsələləri Dövlət Komitəsi üçün İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin yaradılmasıdır. Bu Mərkəz üçün yeni binanın tikintisi həyata keçirilir. Bundan əlavə, mərkəzinin Şamaxı şəhərində Ehtiyat Məlumat Mərkəzinin binasının tikintisinə də başlanıb.

 

Hazırda daşınmaz əmlaka dair qeydiyyat məlumatlarının elektron arxivinin yaradılması üzərində işlər gedir. Səmərəli, şəffaf və çevik fəaliyyət üçün uzun illər ərzində arxivlərdə toplanmış kağız daşıyıcılarında olan qeydiyyat məlumatları sürətlə elektron bazaya köçürülür.

 

AzərTac.az