Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilərə nə mane olur?

Posted by

Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilərə nə mane olur?Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilərə nə mane olur?

Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilərə nə mane olur?

Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycana dəstək nümayiş etdirən Türkiyə bu dəfə də öz siyasi ənənəsinə sadiq qaldı. Ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu son açıqlamasında regionda baş verən bir çox məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinə də münasibət bildirdi.

 

“Anadolu” agentliyinin məlumatına görə, M.Çavuşoğlu bəyanatında bunları deyib: “Nə üçün Dağlıq Qarabağ münaqişəsi hələ də öz həllini tapmır? Ortada ABŞ-Rusiya qarşıdurması var və “soyuq müharibə”nin hələ də davam etməsinin acı nəticələrini Ukrayna, Ermənistan və Gürcüstan ödəməkdədir. Qərbin onlara heç bir faydası yoxdur. Qərb və Rusiya tarixdə baş verənlərdən ibrət alaraq “soyuq müharibə”nin nəticələri haqqında yenidən düşünməlidirlər”.

 

Həqiqətən də bu gün regionda baş verən münaqişələrin və dondurulmuş münaqişələrin davam etməsi fonunda ABŞ-Rusiya qarşıdurmasının olduğunu görmək olar.

 

Bu gün Ankara Dağlıq Qarabağ probleminin həlli üçün vasitəçi kimi çıxış etməsə də, Türkiyənin və Azərbaycanın bu istiqamətdə atdığı addımların vasitəçi ölkələrdən daha çox olduğunu görmək olar.

 

Digər tərəfdən, adıçəkilən ölkələr Ankaranın vasitəçilik missiyasına Ermənistanla münasibətlər çərçivəsindən yaxınlaşacağını bildirsələr də, nədənsə bu ölkələrdə siyasətə təsir etmək imkanına malik erməni lobbisinin mövcudluğu və bu ölkələrlə Ermənistan arasında sıx münasibətlərdən əsla bəhs olunmur.

 

Münaqişənin həllinə ən ciddi maneələrdən biri də heç şübhəsiz ki, vasitəçi ölkələrin Ermənistanla sıx əlaqələri və bu ölkələrdəki erməni lobbisinin fəaliyyətidir.

 

Konkret olaraq vasitəçi qismində çıxış edən Rusiyaya gəlincə, nəzərə alınmalıdır ki, regionda Ermənistanın ən böyük və birinci strateji müttəfiqi Moskvadır. Bütün bunlarla yanaşı, Ermənistanda Rusiya hərbi bazalarının olması, hər iki ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi Birliyinə üzv olması nəzərə alınsa, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın tam olaraq bitərəf olacağı inandırıcı ola bilərmi?

 

Fransanın vasitəçiliyinə gəlincə isə Ermənistan-Fransa əlaqələrinin hansı səviyyədə olduğu sirr deyil. Məhz Fransanın sayəsində Ermənistan və beynəlxalq erməni lobbisi qondarma “soyqırım”ın geniş təbliğatı ilə məşğuldurlar.

 

Sonuncu vasitəçi – ABŞ-a gəlincə, məhz bu ölkə erməni lobbisinin “alınmaz qalası” hesab edilir. Ən maraqlısı isə erməni lobbisinin ABŞ-ın bir çox siyasi dairələrində ciddi nüfuza sahib olmasıdır.

 

Maraqlıdır, bütün faktlar nəzərə alınsa, vasitəçilik missiyasını öz üzərinə götürən tərəflər problemin həllinə hazırdırlarmı, yoxsa onları hazırkı “nə sülh, nə də müharibə vəziyyəti” tam olaraq qane edir?

 

Trend.az