Dağlıq Qarabağ münaqişəsinin Almaniya və Britaniya mediasında işıqlandırılmasına dair hesabatlar təqdim olunub

Posted by

Dağlıq Qarabağ münaqişəsinin Almaniya və Britaniya mediasında işıqlandırılmasına dair hesabatlar təqdim olunub Dağlıq Qarabağ münaqişəsinin Almaniya və Britaniya mediasında işıqlandırılmasına dair hesabatlar təqdim olunub

Dağlıq Qarabağ münaqişəsinin Almaniya və Britaniya mediasında işıqlandırılmasına dair hesabatlar təqdim olunub

ADA Universitetində “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Almaniya və Böyük Britaniya mediasında işıqlandırılmasına dair hesabatların təqdimatı” mövzusunda tədbir keçirilib.

 

Trend-in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev qonaqları salamlayaraq Şuranın yalnız Azərbaycanda deyil, ölkədən kənardakı QHT-lərə də dəstək verdiyini qeyd edib.

 

A.Quliyev Azərbaycanın 20 ildən artıqdır ki, işğaldan əziyyət çəkdiyini və hələ də ayrı-ayrı ölkələrin bu münaqişə ilə bağlı doğru məlumatlara malik olmadığını vurğulayıb.

 

Daha sonra Humboldt Universitetinin professoru Eva-Maria Aux çıxış edib. O, “Alman ictimaiyyətinin və mətbuatının Qarabağ münaqişəsinə münasibətdə obyektivliyi dərəcəsi” adlı tədqiqatını təqdim edib. Almaniyalı qonaq Azərbaycana məxsus torpaqların uzun zamandır işğal altında olduğunu, Azərbaycan xalqının bu münaqişənin tanınmamasından əziyyət çəkdiyini qeyd edib.

 

E.Aux Almaniyada bu münaqişə ilə bağlı məlumat qıtlığının olduğunu və ya informasiyanın yanlış təqdim olunduğunu diqqətə çatdırıb. O, alman jurnalistlərin bu problemləri həll etmək üçün əməkdaşlığa hazır olduğunu əlavə edib. Professor tədqiqat zamanı gündəlik və həftəlik qəzet və jurnallardan bu konfliktlə bağlı dərc olunan məqalələrin toplanıldığını və xüsusi tədqiqat qrupu ilə analiz edildiyini deyib. O, tədqiqatın 1988-2008-ci illəri əhatə etdiyini deyib.

 

Almaniyalı professor Almaniyada dərc olunan “Spiegel”, “Die Zeit”, “Neus Deutschland”, “FAZ” mətbuat orqanlarından məqalələr toplandığını diqqətə çatdırıb. Xanım professor ümumlikdə bu münaqişənin Almaniya mətbuatında geniş işıqlandırılmadığını və bəzən doğru informasiya verilmədiyini, xüsusilə də ATƏT-in Minsk qrupunun fəaliyyətinin əks olunmadığını vurğulayıb.

 

Birmingem Universitetinin Rusiya və Şərqi Avropa Araşdırmalar Mərkəzinin doktoru Kəmalə İmranlı-Löv “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Britaniya mediasının prizmasından” mövzusunda tədqiqatını təqdim edib. O, münaqişənin səbəbləri, fəsadları, Qarabağın tarixi istiqamətində Britaniya mediasında yayımlanan materialları tədqiq etdiyini bildirib. K.İmanlı-Löv Britaniya mediasında Dağlıq Qarabağ regionunun “anklav, mübahisəli anklav, mübahisəli region, şiə müsəlman-xristian konflikti” kimi təqdim olunduğunu deyib. O,1988-1994-cü illərdə Britaniya mediasında ermenilərin xeyrinə daha çox materialların yayımlandığını vurğulayıb. Bu illər ərzində Britaniya mediasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4000-ə qədər məqalə və reportajların hazırlandığını diqqətə çatdırıb.

 

Qeyd edək ki, dr. K.İmanlı-Lövün tədqiqatı “The Guardian”, “The Independent”, “The Times”, “BBC news”, “BBC newsight”, “Financial Times” media orqanlarını əhatə edib.

 

Trend.az