Daşkənddə Novruz bayramına həsr olunmuş Azərbaycan-Özbəkistan dostluq konserti keçiriləcək
Martın 18-də Azərbaycanın Özbəkistandakı səfirliyinin, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və Özbəkistan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Daşkənd şəhərindəki “Türküstan” konsert sarayında Novruz bayramına həsr olunmuş Azərbaycan-Özbəkistan dostluq konserti keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, bayram tədbirində Özbəkistanda fəaliyyət göstərən xarici ölkələrin səfirləri, ölkənin elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun nümayəndələri iştirak edəcəklər.
Konsertdə ölkəmizi “Aypara” qrupu təmsil edəcək. Tədbirdə Özbəkistan tərəfdən Bakıda keçirilmiş Beynəlxalq Muğam Festivalının qaliblərindən olan Yulduz Turdiyeva və tanınmış müğənni İsroil Saidumarov Azərbaycan və özbək mahnılarını oxuyacaqlar.
Bayram tədbiri çərçivəsində “Türküstan” konsert sarayının foyesində təşkil olunacaq sərgidə Azərbaycan mədəniyyəti, Novruz adət-ənənələri, ölkəmizin turizm potensialı, muğam sənəti ilə bağlı materiallar, rəsm və xalçalarımız, milli suvenirlər nümayiş etdiriləcək.
Nazirlikdən əlavə ediblər ki, sərgidə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa edəcəklər.
Apa.az