Böyük Britaniya parlamentində İngiltərə-Azərbaycan Cəmiyyətinin ənənəvi illik görüşü keçirilib
Böyük Britaniya parlamenti İcmalar Palatasının məşhur Çörçil zalında İngiltərə-Azərbaycan Cəmiyyətinin ənənəvi illik şam yeməyi keçirilib.
Trend-in AzərTAc-a istinadən verdiyi məlumata görə, tədbirdə İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri professor Nərgiz Paşayeva, Britaniya tərəfdən həmsədr Lord German, Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə, həmçinin cəmiyyətin üzvləri, Birləşmiş Krallıqda fəaliyyət göstərən Azərbaycan diasporunun təmsilçiləri və müxtəlif ölkələrin nümayəndələri iştirak ediblər.
Lord German İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri olaraq ilk dəfə ənənəvi şam yeməyində iştirak etməkdən məmnunluğunu bildirib.
Cəmiyyətin Azərbaycan tərəfdən həmsədri professor Nərgiz Paşayevaya qurumun fəaliyyətinə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Cəmiyyətin həmsədri olmaqdan şərəf hissi duyduğunu ifadə edən Lord German həm qurumun bundan sonrakı fəaliyyətində, həm də ölkələrimiz arasında dostluq münasibətlərinin daha da inkişaf etməsi üçün əlindən gələni əsirgəməyəcəyini söyləyib. Bildirilib ki, cəmiyyətin ölkələrimiz arasındakı dostluq münasibətlərinin inkişaf etdirilməsində qarşıya qoyduğu məqsədlərə və missiyalara nail olduğunu görmək həqiqətən qürurvericidir.
Cəmiyyətin yaranma tarixindən bəhs edən Lord German qurumun Britaniya ilə Azərbaycan arasında dostluq və qarşılıqlı əməkdaşlığı daha da inkişaf etdirmək məqsədi daşıdığını bildirib.
Əməkdaşlığımızın müxtəlif sahələri əhatə etdiyini diqqətə çatdıran həmsədr təhsil və mədəniyyət sahələrinin xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb.
Çıxışının sonunda Lord German cəmiyyətin fəaliyyətinə dəstək verən hər kəsə minnətdarlığını bildirib.
Professor Nərgiz Paşayeva qarşıdan gələn yeni il münasibətilə qonaqları təbrik edib. İngiltərə-Azərbaycan Cəmiyyətinin hər iki ölkə üçün əhəmiyyətini diqqətə çatdıran Nərgiz Paşayeva təşkilatın yeni ildə yeni uğurlar əldə edəcəyinə əminliyini bildirib. Lord German ilə birgə çalışmaqdan şad olduğunu deyən Nərgiz Paşayeva onun cəmiyyət üçün fəaliyyətini yüksək qiymətləndirib.
Professor Nərgiz Paşayeva çıxışının sonunda Britaniya və Azərbaycan xalqlarına yeni nailiyyətlər arzu edib.
Səfir Tahir Tağızadə İngiltərə-Azərbaycan Cəmiyyətinin ölkələrimiz arasında mədəni və humanitar əlaqələrin inkişafına töhfələrini yüksək qiymətləndirib.
Cəmiyyətin həmsədrlərinin fəaliyyətinin təqdirəlayiq olduğunu bildirən səfir gələcəkdə daha böyük uğurlar əldə ediləcəyinə əminliyini söyləyib.
Tədbir çərçivəsində gənc azərbaycanlı skripkaçı Nəzrin Rəşidova və britaniyalı arfa ustası Sali Prays Azərbaycan və dünya klassiklərinin əsərlərindən parçalar ifa ediblər.
Trend.az